news Image
2012.05.05
00:12
| A A A
"Cinah sazişi" Qafqaz üçün Domokl qılıncına çevrilir

Məlumat verildyi kimi Azərbaycanın "Avropada adi silahlı qüvvələr haqqında" müqaviləni ("Cinah sazişi") tərk etməsi istisna olunmur. Qeyd edək ki, MDB ölkələrindən Rusiya artıq belə bir sazişi tanımadığını bəyan edib.

Bildiyimiz kimi, Azərbaycan 1992-ci ildə "Avropada adi silahlı qüvvələr haqqında" müqaviləyə qoşulub. Ona əsasən üç Qafqaz ölkəsi, Azərbaycan, Gürcüstan və Ermənistanın sahib olduğu silah kvotası bərabər səviyyədə göstərilib. Halbuki Azərbayacn həm ərazi, həm də əhali baxımından digər iki Qafqaz respublikasından böyükdür. Digər tərəfdən ölkəmiz Ermənistan tərəfindən işğala da məruz qalıb. Belə bir halda isə Azərbaycanın Ermənistan və Gürcüstanla bərabər səviyyədə silaha malik olması heç də doğru yanaşma deyil. Maraqlıdır, Azərbaycanın "Cinah sazişi"ndən çıxması mümkündürmü? Ölkəmiz həmin sazişi tərk etsə nə baş verə bilər?

"Doktrina" Jurnalist Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli ölkəmizin sözügedən sazişdən çıxmasını mümkün və vacib sayır: ""Cinah sazişi" ilk dəfə 1990-cı ildə NATO ilə Varşava Müqaviləsi Təşkilatı arasında imzalanmışdı, 1992-ci ildən isə qüvvəyə mindi. 1999-cu ildə isə Azərbaycan və digər Cənubi Qafqaz ölkələri də həmin sənədə imza atdı. Həmin dövrdən bu sənəddə Azərbaycanın milli maraqlarına zidd məqamlar vardı. Çünki sənəddə hər üç Qafqaz respublikasına eyni sayda hərbi texnika, hava qüvvələri, tanklar saxlamağa icazə verilirdi. Məsələn, hər üç respublika cəmi 220 tank saxlaya bilərdi. Digər qüvvələr də bərabər şəkildə olmalıdır. Amma Azərbaycanın ərazisi, əhalisi, eyni zamanda təhlüəsizlik sahəsində qay- ğıları baxımından bizə digər qonşu respublikalara nisbətən daha çox silah saxlamaq imkanı yaradılmalı idi. İlkin dövrdə belə fikirlər vardı ki, gələcəkdə bu məsələ müzakirəyə çıxarılacaq və belədə Azərbaycanın milli-maraqları nəzərə alınacaq. Amma sonradan bir sıra proseslər baş verdi və ölkəmizin maraqları nəzərə alınmadı. İlk dəfə olaraq Azərbaycan tərəfi "Cinah sazişi"ilə bağlı mövqeyini Gürcüstandakı məlum avqust hadisələrindən sonra, yəni 2008-ci ilin avqustunda ortaya gətirdi. Bu ərəfədə Rusiya "Cinah sazişi" müqaviləsini tərk etdiyini bəyan etdi. Çünki ona görə həmin sazişlə Moskvanın bir sıra maraqları nəzərə alınmır. Bu zaman Azərbaycan tərəfi də yaranmış vəziyyətdən istifadə edib öz mövqeyini ortaya qoydu və bildirdi ki, sənədin bir sıra detalları ölkəmizin maraqlarına uyğun deyil". C. Sümərinli qeyd etdi ki, əslində Ermənistan çoxdan sazişin müddəalarına əməl etmir: "Xüsusən də Azərbaycanla Ermənistanın eyni formada silah və hərbi texnika saxlamağa imkan yaradılmasına və İrəvanın müqavilənin müddəalarını kobud şəkildə pozmasına görə Bakı etirazını bildirdi. Ermənistanın Silahlı Qüvvələri dedikdə həm öz ərazisində malik olduğu hərbi texnika, həm Azərbaycandan işğal etdiyi ərazilərdəki, eyni zamanda Rusiyanın Gümrüdəki hərbi bazasındakı hərbi texnika nəzərdə tutulur. Bu halda Ermənistan 220 tank saxlamalı olduğu halda, digər iki hədəflə birlikdə onun hərbi texnikasının kvotadan 4-5 dəfə artıq olacağını görmək olar. Bu da "Cinah sazişi"nin Ermənistan tərəfindən kobud şəkildə pozulması deməkdir. Onu da nəzərə alaq ki, Qarabağ ərazisində xeyli sayda qeydiyyatdan kənar hərbi texnika və silah-sursat mövcuddur. Rəsmi Bakını da narazı salan məqam budur ki, hər üç Qafqaz ölkəsi "Cinah sazişi"nə imza atıbsa, onun yerinə yetirilməsinə cavabdeh olan ölkələr prosesi ciddi şəkildə araşdırmalıdırlar. Təcrübə göstərir ki, prosesə nəzarət etməli olan qurumlar bu istiqamətdə məsuliyyətsizlik etdi. Ermənistan tərəfi də bundan istifadə edərək öz ərazisi və Azərbaycanın işğal altında olan torpaqlarında malik olduğu texnikanın sayını artırır. "Cinah sazişi"nin imzalanmasında əsas hədəf qlobal təhlükəsizliyə nail olmaq idisə, indi bəzi qüvvələrin göz yumması nəticəsində Ermənistan regionda ciddi təhdidlər yaratmağa başlayıb". Ekspert söylədi ki, bir sıra proseslər üzündən rəsmi Bakı hələlik məsələ ətrafında ciddi mövqe ortaya qoymur. Amma Bakının yaxın dönəmlərdə məsələni qaldıracağı da istisna deyil: "Beynəlxalq qurumlar Ermənistanın qeydiyyatdan kənar xeyli sayda silah-sursat toplaması işinə reaksiya göstərməsə, Azərbaycan tərəfi sazişi tərk etmək cəhdində buluna bilər. Belə bir ehtimal gözləniləndir və yaxın dövrlərdə qaldırılacağı istisna deyil. Özü də bu ehtimal 2010-cu ildə Rusiya ilə Ermənistan arasında Gümrüdəki hərbi bazanın icarə müddətinin uzadılması zamanı daha da artdı". Onun sözlərinə görə, Azərbaycanın sözügedən sazişi tərk etməsinin ardınca

Ermənistan da həmin addımı atacaq və nəticədə regionda təhlükəli vəziyyət daha kəskin xarakter alacaq: "Belə halda hər hansı bir ölkənin nəzarətdən kənar silahlanması prosesi başlana bilər. Azərbaycan hazırda o mövqeyi dəstəkləyir ki, Ermənistan sazişin müddəalarına əməl etməlidir. İkincisi də "Cinah sazişi" müasir gerçəkliyi, ərazi, əhali və mövcud təhlükəsizlik qayğıları nəzərə alaraq gerçəkləşsin. Bu forma bizim maraqlara daha uyğundur. Ona görə də yaxın taktiki dövr üçün "Cinah sazişi"nin tərkibində qalmaq ölkəmiz üçün daha məqsədəuyğundur. Azərbaycan və ardınca da Ermənistan sazişi tərk etsə regionda proqnozlaşdırıla bilinməyən təhlükəsizlik təhdidləri yarana bilər".

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin sədri Mehdi Mehdiyev isə müharibə şəraitində sözügedən addımı atmağımızın mümkün olmadığı qənaətindədir: "Müharibənin başa çatmadığı bir dövrdə "Cinah sazişi"ni tərk etməyimiz bir qədər məqsədəuyğun olmazdı. Yalnız gələcəkdə, ərazi bütövlüyü, əmin-amanlıq, sülh bərqərar olandan sonra Azərbaycan müstəqil olaraq bu istiqamətdə mövqeyini ortaya qoya bilər. Yəni öhdəlik götürər və ya öhdəlikdən çıxa da bilər. İndilikdə isə torpaqlarımızın 20 faizi işğalda olduğundan bu hal mümkünsüzdür. İstər-istəməz proporsiya düşmən tərəfdən, biz tərəfdən də qorunmalıdır. Amma o dövrdə anlaşılmazlıq olmuşdu və Dağlıq Qarabağ Ermənistanla hesablanaraq kvota elə qoyulmuşdu ki, nəticədə düşmən ölkədə hərbi texnika üstünlük təşkil etmişdi. Hazırda sazişi tərk etməklə biz bir çox öhdəliklərdən kənar olarıq. Belədə sabah şərtlərlə razılaşmış dövlətləri müdafiə edən beynəlxalq aləm Azərbaycanın mövqeyini müdafiə etməyə bilər".

Rüfət NADİROĞLU