Əlaqə Arxiv
news Image
2012.04.03
19:49
| A A A
Azərbaycan ədəbiyyatında bir ilk

Kamal Abdulla: "Təxminən iki həftə öncə 5 alimə və mənə Nobel Komitəsindən növbəti məktub daxil oldu və burada yazılıb ki, mənim namizədliyim qəbul edilib"


2012-03-31 08:16:08

Martın 30-da Bakı Slavyan Universitetinin (BSU) rektoru, yazıçı Kamal Abdulla mətbuat konfransı keçirdi. O, Nobel mükafatına namizədliyinin qəbul edilməsi ilə bağlı sualları cavablandırdı.

K. Abdullanın sözlərinə görə, 2011-ci ilin noyabrında İsveç Akademiyasının Nobel Komitəsindən BSU-ya məktub daxil olub: "Noyabrda universitetimizə daxil olan məktubda ali məktəbimizə təklif olunub ki, 5 professoruna öz namizədini irəli sürməklə bağlı sorğunu təqdim etsin və onlar həmin sorğunu cavablandırsınlar. Biz də bunu universitetimizdə çalışan alimlərimizə təqdim etdik. Həmin alimlər, Məmməd Qocayev, Rəhilə Qeybullayeva, Asif Hacılı, Rəhilə Quliyeva, Naidə Məmmədxanovadır. Onlar da namizəd kimi məni göstəriblər. Təxminən iki həftə öncə isə 5 alimə və mənə Nobel Komitəsindən növbəti məktub daxil oldu və burada yazılıb ki, mənim namizədliyim qəbul edilib."

K. Abdulla şübhələrin qarşısını almaq məqsədilə həmin məktubları mətbuat nümayəndələrinə təqdim etdi. Onun sözlərinə görə, son zamanlar bu mövzu ətrafında Azərbaycan mediasında bir çox yanlış fikirlər yer alıb: "Jurnalistlər bəzən bilmədən yazırlar ki, əsər xarici dilə tərcümə edilməyib. Amma bu çox yanlış fikirdir. Digər tərəfdən də bəzi mətbuat orqanlarında mənim guya başqa əsərimin - "Trilogiya"nın Nobel mükafatına namizəd olduğu fikirləri yer alır. Burdan bir daha bəyan edirəm ki, Nobel mükafatına namizəd kimi "Yarımçıq əlyazmalar" göstərilib". O, Nobel mükafatına təqdim olunan "Yarımçıq əlyazmalar" əsərinin 5 dilə tərcümə edildiyini, hazırda isə ərəb və yapon dillərinə tərcümə prosesinin getdiyini diqqətə çatdırdı: "Əsər ilk dəfə fransız dilinə tərcümə edilib. Sonra rus və türk dillərinə çevrilib. Hər 3 çevrilmədən sonra onun haqqında həmin ölkə mətbuatında geniş yazılar verilib, tanınmış universitetlərdə müzakirə edilib. Daha sonra əsər Braziliyada fransızcadan portuqalcaya tərcümə edilib. "Yarımçıq əlyazmalar"ın ərəbcə variantı da hazırdır. Misirdəki məlum hadisələr onun nəşrini yubadıb. Sonuncu tərcümə yapon dilinə olunub. Artıq proseslər bitmək üzrədir".

Rektorun sözlərinə görə, əsərin başqa dillərə tərcümə prosesi hələ də davam edir: "Bu yaxınlarda mənə Polşada olan nəşriyyatlardan biri əsəri ruscadan polyak dilinə tərcümə edilib, nəşrə başlamaq üçün icazə istəyib. Güman edirəm ki, bu çevrilmə də yaxında baş tutacaq."

Konfransda Nobel Komitəsinin seçim hüququna malik alimlərindən olan Rəhilə Qeybullayeva bəyan edib ki, K. Abdullanın "Yarımçıq əlyazmalar" əsərinin namizədliyinin irəli sürülməsi prosesi onun tərəfindən həyata keçirilib: "2007-ci ildə Nobel Komitəsindən mənə müraciət edildi ki, ədəbiyyat nominasiyası üzrə öz namizədimi irəli sürüm. Mən də Kamal Abdullanın həmin əsərini komitəyə təqdim etdim və əsərin xarici dilə tərcümə edilən nüsxəsini də İsveç Akademiyasına göndərdim".

Xatırladaq ki, Kamal Abdulla yazıçı, ictimai xadim, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, Azərbaycan Yaradıcılıq Fondunun sədri, Türk Dil qurumunun həqiqi fəxri üzvüdür. O, həmçinin Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), MŞPU-nun (Moskva Şəhər Pedaqoji Universitetinin) fəxri doktorudur. Rus PEN-klubunun (Moskva) üzvüdür.



Tural QABİLOĞLU
Sizin Reklam Yeriniz