Əlaqə Arxiv
news Image
2012.05.14
20:09
| A A A
Bolqarıstanın Xalq Məclisinin sədri BSU-da olub
Bakı Slavyan Universitetinin genişlənən xarici əlaqələri, son illər universitet həyatında baş verən uğurlu dəyişikliklər bu təhsil ocağının böyük bir coğrafi məkanda nüfuzlu elm, təhsil və mədəniyyət mərkəzi kimi tanınmasına gətirib çıxarıb.
Bu gün BSU slavyan xalqlarının dillərini tədris və təbliğ edir. Bu dillər sırasında bolqar dili də vardır. Belə ki, universitetdə artıq 1996-cı ildən "Bolqar dili" ixtisası, 2000-ci ildən isə "Bolqarşünaslıq" ixtisası üzrə mütəxəssis hazırlığı həyata keçirilir. Bundan başqa, BSU-da Bolqarıstanın Azərbaycandakı səfirliyinin köməyi ilə yaradılmış və 2004-cü ilin oktyabrında Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanovun iştirakı ilə açılmış BSU-da Bolqar Dili və Mədəniyyəti Mərkəzi fəaliyyət göstərir. Müasir texniki avadanlıqla təchiz edilmiş mərkəzin nəzdində bədii ədəbiyyat nümunələri, Bolqarıstanın tarixi, iqtisadiyyatı və bolqar dili üzrə nəşrlərdən ibarət kitabxana müəllim və tələbələrin xidmətindədir. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Bolqarıstan arasında mədəni əlaqələrin inkişafına yardımcı olmaq, gənclərin hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağını artırmaq və həmçinin universitetdə bolqarşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirlilməsinə kömək etməkdir. Mərkəzdə Bolqarıstanın tarixi və mədəniyyəti ilə bağlı tədbirlər, bu ölkənin dövlət, mədəniyyət və elm xadimləri ilə görüşlər, mühazirələr, seminarlar təşkil edilir. Bolqarıstan Respublikasında yerləşən nüfuzlu ali təhsil ocaqları ilə BSU-nun sıx əlaqələri vardır. "Müqəddəs Kliment Orxidski" adına Sofiya, "Konstantin Preslavski" adına Şumen, Milli Dünya və Təsərrüfat Universitetlətləri ilə BSU arasında əməkdaşlıq haqqında müqavilələr imzalanıb.
Movqe.Az xəbər verir ki, ölkəmizdə rəsmi səfərdə olan Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva və onun başçılıq etdiyi nümayəndə heyəti 14 may tarixində BSU-nun qonağı olmuşlar. Bolqarıstan Respublikasının müvəqqəti işlər vəkili cənab Anton Markov, Azərbaycanın Bolqarıstan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri cənab Emin Kərimov da bu görüşə qatılıb. Xanım Tsetska Tsaçeva və onu müşayət edən qonaqlar BSU-da fəaliyyət göstərən Bolqar Dili və Mədəniyyəti Mərkəzi ilə tanış oldular. Xanım Tsetska Tsaçeva mərkəzə elmi ədəbiyyat nümunələri hədiyyə edib. Mərkəzdə Bolqarıstandan BSU-ya gələn qonaqlar haqqında elektron təqdimat nümayiş etdildikdən sonra görüş universitetin Konfrans zalında davam etdi. Görüşü giriş sözü ilə açan BSU-nun rektoru, AMEA-nın müxbir üzvü professor Kamal Abdullayev xanım Tsetska Tsaçevanı və digər qonaqları salamlayıb: "Bizi Bolqarıstanla çox şey birləşdirir. Böyük fəxrlə bildirirəm ki, Bolqarıstanın prezidentləri olmuş Jelyu Jelev və Georgi Pırvanov BSU-nun Fəxri doktorlarıdır. Bizim onlarla çox sıx əlaqələrimiz indi də davam etməkdədir. Arzu edərdim ki, bu gün sizinlə yaranan bu dostluq münasibətləri də uzunömürlü olsun və siz hər zaman bizi öz gəlişinizlə sevindirəsiniz". BSU-da bolqar dili və mədəniyyətinə tələbələrin marağından danışan rektor gələcəkdə universitetdə bolqarşünaslıq üzrə təhsil alan tələbələrin Bolqarıstan Respublikasının parlamentində təcrübə kecmələri barədə təklif verdi və bu təklif xanım Tsetska Tsaçeva tərəfindən məmnunluqla qəbul edilib.
Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva BSU-da tələbələrlə keçən görüşü Azərbaycanda olduğu müddət ərzində ən maraqlı və emosional görüş kimi qiymətləndirib: "Əziz həmkarlarım, Azərbaycana gəldiyim andan hiss etdim ki, gələcək münasibətlərimizi dərinləşdirməkdə, inkişaf etdirməkdə məqsədimiz, amalımız eynidir. Əmin oldum ki, hər iki ölkənin gəncləri bir-birlərinin dilini və mədəniyyəıtini öyrənsələr, onda həmin ölkələrin xalqları da bir-birini daha dərindən başa düşəcəklər. Əziz Azərbaycan gəncləri, siz fəxr etməlisiniz ki, gündən-günə güclənən və inkişaf edən bir ölkənin vətəndaşlarısınız. Müəllimləriniz sizə verdiyi biliklər isə sizin ən böyük kapitalınızdır. Bolqar dilini yüksək peşəkarlıqla öyrənən, bu dili özlərinə ixtisas kimi seçən tələbələrə də öz dərin minnətdarlığımı bildirirəm".
BSU-nun tələbələri xanım Tsetska Tsaçevaya və qonaqlara müxtəlif mövzuılarda suallarla müraciət ediblər. Sonda "Bolqar dili" və "Bolqarşünaslıq" ixtisasları üzrə təhsil alan tələbələr məşhur bolqar şairəsi Elisaveta Baqryananın "Potomka" şeirini və "Българи" mahnısını ifa ediblər. "BSU-nun Qonaqları" kitabına xatirə sözlərini yazan xanım Tsetska Tsaçeva tələbə və müəllimlərlə xatirə şəkli çəkdirib.
Sizin Reklam Yeriniz