news Image
2012.05.15
13:55
| A A A
Sovet əmanətlərindən təzə xəbər var
Kapital Bank vətəndaşların müraciətin vaxtı ilə bağlı narahatlıq keçirmələrinə əsas olmadığını bildirir Nazim Məmmədov: «Ffərmanla məsələnin kökündən həll olunması müsbət haldır»

Məlumat verildiyi kimi cari ilin 14 mart tarixində ölkə başçısı İlham Əliyev SSRİ dönəmində banklara qoyulmuş əmanətlərin qaytarılması barədə fərman verib. Fərman 1992 - ci ilin 1 yanvar tarixinə qədər qoyulmuş əmanətlərin qaytarılmasını özündə ehtiva edir. Bununla yanaşı, o da məlumdur ki, fərmanda əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi gələn aydan başlamalıdır.

Xatırladaq ki, birdəfəlik ödəmələrin verilməsi üzrə keçmiş SSRİ Əmanət Bankının hüquqi varisi olan Kapital Bank Açıq Səhmdar Cəmiyyəti birdəfəlik müvəkkil bank hesab edilir. Birdəfəlik ödəmənin alınması ilə bağlı müvəkkil banka müraciət 2012 - ci ilin 31 tarixinədək davam edəcəyi nəzərdə tutulub. Həmçinin əmanətçilərə fərdi birdəfəlik ödəmələrin verilməsi qaydaları da müəyyən edilib. Belə ki, qaydalara görə birdəfəlik ödəmələri almaq üçün müvəkkil banka ərizə ilə müraciət edilməlidir. Ərizəyə əmanət kitabçası və ya onu əvəz edən sənəd, vətəndaşın şəxsiyyət vəsiqəsi, soyad və ad dəyişikliyi olduğu halda həmin dəyişikliyi təsdiq edən sənədin notarial qaydada təsdiq edilmiş surəti təqdim edilir.

Bu sahədə vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Kapital Banka müraciət etdik. Bankın mətbuat xidmətindən qəzetimizə verilən açıqlamada bildirildi ki, fərdi birdəfəlik ödəmələrin verilməsi üçün müraciətlərin qəbuluna 1 iyun 2012-ci il tarixindən başlanacaq və bu tarixdən bir neçə gün sonra fərdi birdəfəlik ödəmələrin verilməsinə başlanacaq: "Araşdırılması uzun zaman tələb etməyən, başqa sözlə, problemsiz əmanətlər üzrə bütün müraciətlərin 31 dekabr 2012-ci il tarixinədək icra edilməsi nəzərdə tutulur. Yəni, 31 dekabr 2012-ci il tarixinədək - 7 ay müddətində, sənədləri tam qaydasında olan bütün əmanətçilər müvafiq məntəqələrə müraciət etməklə fərdi birdəfəlik ödəməni ala biləcəklər. Ortaya çıxan bütün problemli məsələlərin aydınlaşdırılması, araşdırmaların aparılması üçün isə əlavə 1 il müddət nəzərdə tutulmuşdur. Bütün müraciətlərə 31 dekabr 2013-cü il tarixinədək baxılacaq, hər bir müraciət araşdırılacaq və vətəndaşlar qanunamüvafiq qaydada fərdi birdəfəlik ödəmə almaq hüquqlarından istifadə edə biləcəklər.

İndiki mərhələdə Kapital Bank fərdi birdəfəlik ödəmələrin verilməsi prosesində vətəndaşların maksimum rahatlığının təmin olunması, onların mümkün qədər az vaxt və zəhmət sərf edərək fərdi birdəfəlik ödəmələri ala bilmələri üçün müvafiq təşkilati-texniki məsələlərin həlli ilə məşğuldur. Vaxtın azlığına baxmayaraq, hazırda bu istiqamətdə intensiv işlər gedir.

Vətəndaşlar arasında maarifləndirmə tədbirləri davam etdirilir. Vətəndaşları maraqlandıran suallara aydınlıq gətirmək məqsədilə ilk günlərdən Kapital Bankın Baş Ofisində açılmış 498-84-52 nömrəli "Qaynar xətt"ə və emanetler@kapitalbank.az ünvanına daxil olan sorğuların cavablandırılması mütəmadi qaydada davam etdirilir.

Bankın www.kapitalbank. az saytında sırf fərdi birdəfəlik ödəmələrlə bağlı xüsusi bölmə yaradılmışdır. Burada vətəndaşlar fərdi birdəfəlik ödəmələrə dair qanunvericilik sənədləri ilə tanış ola və bir çox suallarına cavab tapa bilərlər. Bölmədə yerləşdirilmiş kalkulyator vasitəsilə 1 yanvar 1992-ci il tarixinə keçmiş Əmanət Bankında olan əmanət qalığına əsasən, fərdi birdəfəlik ödəmə məbləğini hesablamaq mümkündür.

Bölmədə məntəqələrin dislokasiya cədvəli də yerləşdirilib. Vətəndaşlar bu cədvəldən istifadə etməklə əmanət kitabçasındakı kassa nömrəsinə əsasən, fərdi birdəfəlik ödəməni almaqdan ötrü Kapital Bankın hansı məntəqəsinə müraciət etməli olduqlarını asanlıqla müəyyənləşdirə bilərlər. Bu həftədən həmin cədvəl müxtəlif qəzetlərdə də dərc ediləcək. Eyni zamanda itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə əmanətçilərdən ərizələrin qəbulu məqsədilə Bakıda 3, Naxçıvan, Gəncə və Sumqayıt şəhərlərinin hər birində 1 ərazi məntəqəsi yaradılıb. Digər rayon və şəhərlərdə isə itmiş, yaxud yararsız vəziyyətə düşmüş əmanət kitabçaları üzrə ərizələr birbaşa filialın özünə təqdim edilməlidir.

Əlbəttə, bu sahədə müəyyən çətinliklər də olmamış deyil. Aradan 20 il vaxt keçib. Bu müddətdə bir sıra dəyişikliklər baş verib. Bəzi sənədlər öz hüquqi qüvvəsini itirib, vaxtilə əmanət qoyulmuş kassaların bağlanması ilə əlaqədar olaraq müəyyən qrup əmanətçilərə aid arxiv sənədlərinin Bankın bir struktur bölməsindən digərinə yerdəyişməsi həyata keçirilib və s. Bütün bunlara baxmayaraq, Kapital Bank bu Fərmanın icrası istiqamətində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün bütün imkanlarından istifadə edəcək, bu prosesin vətəndaşlar üçün maneəsiz və mümkün qədər asan bir formada həyata keçirilməsinə çalışacaq.

Vətəndaşların müraciətin vaxtı ilə bağlı narahatlıq keçirmələrinə heç bir lüzum yoxdur. Sənədlərin qəbulu üçün ayrılmış müddət kifayət qədər böyükdür. 7 ay müddətində hər kəs öz sənədlərini Banka təqdim edə biləcək. Sadəcə olaraq, ilk günlərdə hamının kütləvi şəkildə müraciət etməsi müəyyən növbələrə səbəb olmasın deyə, fərdi birdəfəlik ödəmə üçün müraciət edəcək vətəndaşlarımızın daha uyğun bir vaxt seçmələri arzuediləndir. Eyni zamanda, dünyasını dəyişmiş əmanətçilərin vərəsələrinin indidən ərazi üzrə müvafiq notariat, yaxud məhkəmə orqanlarına müraciət etməklə vərəsələrin miras əmlaka (əmanətə) hüquqları barədə sənədi əldə etmələri əlavə vaxt itkisini aradan qaldırardı".

İqtisadçı ekspert Nazim Məmmədov qəzetimizə açıqlamasında bildirdi ki, söz - söhbətlər qurtarması baxımından əslində bir tərəfdən yaxşı oldu ki, bu fərman verildi: "Ancaq, təbii ki, əmanətlərin indeksiyasiyası məsələsində bizim fikirlərimiz fərqlənir. Əmanəti bir il, il yarımda yox, 5 - 6 il ərzində də qaytarmaq da olardı. İldə təqribən 300 milyon vəsait verməklə hər tərəfli qane edən qərar ola bilərdi. Amma, ümumilikdə fərmanla məsələnin kökündən həll olunması müsbət haldır".

Nazim Məmmədov inflyasiya məsələsinə də toxundu. O bildirdi ki, bəzi iddialara görə guya əmanətlər qaytarıldıqda inflyasiya təzyiqi artar və inflyasiya çoxalar: "Bu fikirlərlə razı deyiləm. İnflyasiyanı şərtləndirən əsas məqam ölkədə olan sahibkarlar arasında və digər formada inhisarçılığın olmasıdır. İstənilən halda əsas inflyasiya təzyiqi yaradan, qiymətlərin artmasına gətirib çıxaran heç də əmanətlərin verilməsi ilə bağlı olan məsələ yox, daha çox ayrı-ayrı qurumların, sahibkarların bu və digər formada daha çox qazanc əldə etmək məqsədi ilə müxtəlif sahələri inhisarlaşdırmalarıdır. İnhisarçılıq götürülmüş olsa, istehlakçıların hüquqları daha çox qorunar, rəqabət mühiti daha da inkişaf edər və qiymətlər ədalətli olar. İnsanların maaşın azlığından, xidmətlərin pisliyindən şikayətləri azalar. O baxımından hökumət daha çox maraqlı olmalıdır ki, əsas iqtisadi sahədə bu inhisarçılığı aradan qaldırsın. Eyni zamanda mən güman edirəm ki, inflyasiyanı yaradan əsas ikinci səbəb dövlət investisiya xərclərinin daha da çoxalmasıdır. Son bir neçə il ərzində 10 dəfəyə yaxın investisiya xərcləri artıb. Əsasən, dövlət xərcləri müxtəlif infrastruktur layihələrinə verir. Hansı ki, o layihələr ölkənin inkişafı üçün çox vacibdir. Ancaq onların birdən-birə tez, sürətlə artmasının və Azərbaycan iqtisadiyyatının həzm edə biləcək vəsaitlər şəklində olması daha məqsədəuyğun olardı. Bizim iqtisadi gücümüz ona yetirmi ki, bu qədər vəsaiti bir ildə infrastuktur layihələrinə keçirə bilək? Bu, lahiyələr səmərəsiz layihələrə çevrilməməlidir".

Mübariz Bayramov