Əlaqə Arxiv
news Image
2012.05.22
16:25
| A A A
Büdcə xərcləri yenidən artırılır
Vahid Əhmədov: “Kənd təsərrüfatına qoyulan sərmayələrə yenidən baxmaq lazımdır” Zahid Oruc: “Düşünürəm ki, zəlzələdən əziyyət çəkənlərə yardım məsələsi bu dəfəki müzakirələrdə qabardıla bilər”

Adətən Azərbaycanın dövlət büdcəsi ilin ortalarında ikinci dəfə müzakirəyə çıxarılaraq onun gəlirlər və xərclər hissəsində dəyişikliklər edilir. Neftin qiymətinin yüksəlməsi fonunda isə büdcəyə yenidən baxılması, bir sıra yeni layihələr üzrə xərclərin ayrılması isə istisna olunmur.

Qeyd edək ki, 2012-ci il üzrə dövlət büdcəsinin xərclər hissəsi 17,072 milyard manatdır. Büdcənin gəlirləri 16 milyard 438 milyon manat təşkil edir. Cari ilin dövlət büdcəsi müzakirə olunarkən səslənən təkliflərin əksəriyyəti təkrar müzakirələr zamanı nəzərə alınır.

Milli Məclisin iqtisadi-siyasi komitəsinin üzvü Vahid Əhmədov bizimlə söhbətində bildirdi ki, 2012-ci ilin dövlət büdcəsinə ediləcək əlavə və dəyişikliklər layihəsi ilə ümumi tanışlığı var: "2012-ci ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri xeyli artıb. Dünya bazarında neftin qiymətinin artması və bundan irəli gələrək dolayı gəlirlərinin çoxalması büdcəyə inamla yenidən baxmağa imkan verir".

V.Əhmədov hesab edir ki, büdcə gəlirlərinin artması bir sıra sosial-iqtisadi layihələrə yenidən baxmağa da imkan verir: "Maaşların, ünvanlı sosial yardımın artırılması, kənd təsərrüfatına subsidiyaların artırılması və s. məsələlərə bir daha baxmaq olmaz.

İndiki məqamda infrastruktur layihələrə ayrılan vəsaitlərin həcminin artırılmasını doğru hesab etmirəm. Onsuz da, bu ilin büdcəsində infrastruktur layihələrə kifayət qədər vəsaitlər ayrılıb. Bir az da əhalini düşünsək pis olmaz. Kənd təsərrüfatına qoyulan sərmayələrə yenidən baxmaq lazımdır. Mən qanun layihəsinin təkrar müzakirəsində əvvəl səsləndirdiyim təklifləri təkrarlamaqla yanaşı, yeni təkliflərlə də çıxış edəcəm. Təkliflərimi yazılı şəkildə Milli Məclisin iqtisadi-siyasət komitəsinin rəhbərinə, parlament rəhbərliyinə təqdim edəcəm. Düşünürəm ki, görüləsi çox işlərimiz var. Büdcəmizin gəlirlərinin artması sevindirici haldır. Bundan maksimum effektli yararlanmaq lazımdır. Eyni zamanda düşünürəm ki, büdcə xərclərini artırmaqla kifayətlənməməliyik. Həmçinin xərclənmə prosesinə nəzarəti gücləndirməliyik. Elə sahələr var ki, ora il ərzində yüz milyonlarla manat vəsait ayrılır, amma effekt yoxdur. Xüsusilə də, ünvanlı sosial yardım məsələsi bir daha gözdən keçirilməlidir. Pullar ayrılır, amma bir neçə ildən sonra bəlli olur ki, hansısa vəzifəli şəxs insanların kartlarını alıb evində saxlayır və ya başqa qaranlıq işlərlə məşğul olur. Bu kimi məsələlərə yenidən baxmaq pis olmazdı".

Digər millət vəkili Zahid Oruc büdcəyə yeni transferlərin olacağını və xərclərin artırılacağını söylədi: "Dövlətin qarşısına qoyduğu məqsədlərə çatması çox vacibdir. 2012-ci ilin dövlət büdcəsi ilin əvvəlində müzakirə olunanda çox ehtiyatlı addımlar atdıq. Büdcə proqnozlarının özünü doğruldub-doğrultmaması məsələsi var. Proqnozlar özünü doğrultmaya bilər. Allaha şükür ki, bizim proqnozlar nəinki özünü doğrultdu, hətta müsbət nəticələr də əldə etmişik. Gəlirlərimiz gözlənildiyindən daha artıq olub. Sosialyönümlü layihələrə yenidən baxıla bilər. Düşünürəm ki, zəlzələdən əziyyət çəkənlərə yardım məsələsi bu dəfəki müzakirələrdə qabardıla bilər. Müdafiə xərcləri də hər zaman aktualdır. Cənab prezidentin vacib bildiyi məsələlər var ki, parlament büdcə müzakirələri zamanı həmin məsələlərə diqqəti artırmalıdır".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz