news Image
2012.05.30
13:10
| A A A
İran yenə «su bulandırır»
Lakin ekspertlər bildirir ki, ayətullahlar və İran prezidenti üçün Azərbaycanla real münaqişəyə qarışmaq böyük riskdir

Bu gün İranın Azərbaycanla bağlı həyata keçirdiyi siyasətin heç də islam həmrəyliyinə söykənmədiyi, mehriban qonşuluq prinsiplərinə əsaslanmadığı heç kimə sirr deyil. Qeyd edilənlərin bariz nümunəsini İranın dövlət nəzarətində olan media orqanları, həmçinin iranlı ayətullahların, paralmentarilərin son dövrlər ölkəmiz əleyhinə səsləndirdiyi fikirlərdən, atılan addımlardan da aydın görmək olar.

Lakin Tehranın bu gedişlə Azərbaycana nəsə edə biləcəyi özü ciddi sual altındadır. Bunu israilli tarixçi və sosioloq Aleks Pisman da təsdiq edir. Onun sözlərinə görə, ABŞ və İsrail ilə əlaqələri inkişaf etdirən Azərbaycanın müstəqil siyasətindən İranın narazılığı müxtəlif növ fitnəkarlıqlarla məhdudlaşacaq və açıq münaqişəyə keçməyəcək: "Hesab edirəm ki, bu gün İran Azərbaycana qarşı hədə-qorxu, diplomatik çıxışlar və müxtəlif "iyrəncliklər"dən artıq heç nə etməyəcək. Ayətullahlar və Əhmədinejad üçün Azərbaycanla real münaqişəyə qarışmaq doğrudan da böyük riskdir. Cünki bu İran üçün qabaqcadan xəbər verilməsi çox çətin və uzunmüddətli mənfi nəticələrə səbəb ola bilər".

İranda aparılan Azərbaycan əleyhinə təbliğatı səciyyələndirərək A.Pisman qeyd edib ki, İranın hazırki rəhbərliyin xarici siyasətinin əsas prinsipi - yalan və saxtalarkarlıqdır: "Bu rəhbərlik bütün dünyanı həm də olduqca uğurla aldadır, lakin bunun da zamanı bitəcək".

Onun qənaətinə görə, İran Azərbaycanla İsrail arasında münasibətlərin inkişafına təsir edə bilməyəcək: "Onlar nümunə olaraq etimad, qarşılıqlı sərfəli əsasda qurulub və qurulur, ildən ilə daha da genişlənir. Düşünmürəm ki, yaxın illərdə bu münasibətlərin zəifləməsi və ya dayandırılması tendensiyası baş verə bilər".

Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri, tanınmış diaspor rəhbəri Ayhan Dəmirçinin sözlərinə görə isə, İran birinci dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünə təxribat törədir. Ekspert Gün.Az-a açıqlamasında bildirir: "Bu olanlar bir daha onu göstərir ki, İranın Azərbaycana qarşı təxribatlarını dayandırmaq fikri yoxdur. Bu ölkə müxtəlif vasitələrdən istifadə edərək, ölkəmizə qarşı təxribat ideologiyasını yaymaqla məşğuldur". Xatırladaq ki, son zamanlar İranın Bakıdakı səfirliyi qarşısında Tehranın Azərbaycan əleyhinə siyasəti və bu ölkənin çoxmilyonlu azərbaycanlı əhalisinin hüquqlarının məhdudlaşdırılmasına qarşı etiraz əlaməti olaraq Azərbaycanın müxalifət və diaspor təşkilatlarının bir neçə etiraz aksiyaları keçirilib. Piketlər Tehran, Təbriz və İranın digər şəhərlərində daimi və indiyə qədər davam edən Azərbaycan əleyhinə etiraz aksiyalarına cavab olaraq keçirilib. Aksiya iştirakçıları Azərbaycan hökumətini Qərb ölkələri ilə əməkdaşlığını və Bakıda, onların fikrincə, islam qanunlarına zidd olan, "Eurovision" müsabiqəsinin keçirilməsini tənqid edirlər. Mayın 21-də İran Azərbaycandakı səfiri Məhəmmədbagir Bəhramini məsləhətləşmələr üçün geri çağırıb. Bunu, Bakıda keçirilən aksiya zamanı İran dini rəhbərliyinin təhqir edilməsi ilə əsaslandırıb.

Bütün bunlara rəğmən, mehriban qonşuluq prrinsiplərinə sadiq qalan Azərbaycan İranla qarşılıqlı münasibətlərin inkişafında maraqlıdır. Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə də bildirib ki, İranla əlaqələrin genişləndirilməsi Azərbaycan siyasətinin prioritet istiqamətlərindəndir. Azərbaycan nümayəndəsi deyib ki, rəsmi Bakı ilə Tehran arasında xüsusi diplomatik münasibətlər mövcuddur. Onun sözlərinə əsasən, bu, mədəni, dini, sosial və etnik ümumiliklə izah olunur: "Azərbaycan və İran prezidentləri qarşılıqlı əməkdaşlığa xüsusi önəm verirlər. Hər iki ölkənin rəsmiləri bu məqsədə çatmaq üçün bütün imkanlarını səfərbər etməlidirlər". Baş konsul söyləyib ki, rəsmi Bakı İranın dinc nüvə proqramını inkişaf etdirmək hüququna hörmətlə yanaşır.

Bu xüsusda Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı mayın 27-də Azərbaycanın Türkiyədəki Baş konsulluğu qarşısında keçirilmiş anti-Azərbaycan xarakterli aksiyaya münasibət bildirərkən qeyd edib: "İranda və Türkiyədə anti-Azərbaycan xarakterli tədbirləri təşkil edənlər bütövlükdə İran xalqına aid olmayan və ermənilərlə əlaqəli olan şəxslərdir. Çox təəssüf ki, onların arasında İranın müxtəlif dini şəxsləri də var. Bu cür hərəkətlər yolverilməzdir və bütövlükdə İran-Azərbaycan münasibətlərinin inkişafına xələl gətirir. Biz bu hərəkətləri qətiyyətlə pisləyirik. Hesab edirəm ki, İran prezidenti də bu hərəkətlərə birmənalı qiymət verməyəcək. İranda Azərbaycanı sevən insanlar mövcuddur. Onlar bu cür hərəkətlərə birdəfəlik son qoyulması üçün müvafiq addımlar atacaqlar. Azərbaycan hakimiyyəti və dövləti İran-Azərbaycan münasibətlərinə hər zaman böyük diqqət yetirir və öz ərazisində bu dövlətə qarşı hər hansı istifadəyə imkan vermir. Biz bunu açıq şəkildə dünyaya da bəyan edirik. Eyni zamanda İran tərəfinin də eyni dost münasibətini sərgilməsini gözləyirik". Xatırladaq ki, iyunun 27-də Azərbaycanın İstanbuldakı baş Konsulluğu qarsında bir qrup radikal dini dairələr tərəfindən anti-Azərbaycan xarakterli aksiya təşkil olunub.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs