Əlaqə Arxiv
news Image
2012.05.30
14:28
| A A A
Mənzillərin qiymət rekordu
Nüsrət İbrahimli: «Azərbaycan üçün xarakterik olan cəhətlərdən biri qalxan qiymətlərin ucuzlaşmaya az meylli olmasıdır» Məhəmməd Talıblı: «Tikinti şirkətləri boş mənzilləri mövcud qiymətlərə sata bilmirlər»

Aparılan araşdırmalar göstərir ki, son illər Azərbaycanda ən çox bahalaşma daşınmaz əmlak bazarında qeydə alınıb. 2006-cı ildən bəri bu sektorda qiymətlər 61,4 faiz bahalaşıb. 2006-cı ildə mənzilin kvadrat metri 890 dollar idisə, hazırda bu göstərici 1437 dollar civarındadır. Daşınmaz əmlak bazarında qiymətlərin artım tempinə görə Azərbaycan dünyada ilk yerlərdən birini tutur.

Qiymətlərin artmasına şübhəsiz ki, dünya iqtisadiyyatındakı durum da təsir göstərib. Azərbaycana tikinti materiallarının idxal olunduğu ölkələrdə də qiymətlər qalxdığından bunun daxili qiymətlərə təsiri başadüşüləndir. Amma Azərbaycanın bahalaşmanın tempinə görə, dünyanın lider ölkələrindən birinə çevrilməsi indiki iqtisadi-sosial vəziyyətin dəyərləndirilməsi fonunda o qədər də məntiqli hesab olunmur. Ekspertlər hesab edirlər ki, daşınmaz əmlak bazarında qiymətlərin kəllə-çarxa çıxması bir sıra fəsadlara yol açır. Birincisi, aztəminatlı ailələrin mənzilə olan ehtiyaclarının ödənilməsi mümkünsüzləşir. İllərdir müxtəlif sahələrdə çalışan vətəndaşların topladıqları pullar kiçik ölçülü mənzilin belə alınmasına belə yetmir.

İkincisi, əhali arasında sosial təbəqələşmə daha da artır. Üçüncüsü, qiymətlərin bahalığı daxili istehsalı ləngidir, qeyri-neft sektorunun inkişafına mane olur.

Daşınmaz əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimlinin sözlərinə görə, məşğul olduğu sahədə son 6 ildə qiymət artımı daha çox tikinti bumunun vüsət aldığı illərə 2006-2008 illərə təsadüf edir: "Ondan sonrakı bahalaşma ləng olub. Bəzi aylarda, rüblərdə qiymətin azalması da baş verib. 2009-cu ildə daşınmaz əmlak bazarında ucuzlaşma daha çox olmuşdu. Sonradan artım tempi qiymətləri əvvəlki vəziyyətə qaytardı. Qiymət artımı ilə bağlı Azərbaycan üçün xarakterik olan cəhətlərdən biri qalxan qiymətlərin ucuzlaşmaya az meylli olmasıdır. Apardığımız araşdırmalara görə, bəzi tikinti şirkətləri daşınmaz əmlakın maya dəyərini qəsdən artırırlar. Bakı şəhərində mənzilin kvadrat metrinin maya dəyəri 500 dollardan o tərəfə keçmir. Daşınmaz əmlakın bahalaşmasına rayonlarda da rast gəlinir. Amma Bakıdakı kimi deyil. Əhalinin alıcılıq qabiliyyətinin aşağı olması fonunda qiymətlərin baha olaraq qalması olduqca düşündürücüdür və bu bir sıra mətləblərdən xəbər verir. Müşahidələr göstərir ki, bəzi tikinti şirkətləri müxtəlif endirim kampaniyaları həyata keçirsələr belə, tələb-təklif prinsipinə uyğun fəaliyyət göstərməkdə maraqlı görünmürlər. Daşınmaz əmlak bazarında rəqabət mühitinin zəif olması istehlakçıların maraqlarının təmin edilməməsinə, qiymətlərin ucuzlaşmamasına gətirib çıxarır".

Daşınmaz əmlakın iqtisadi proseslərə çox həssas olduğunu deyən ekspert qeyd etdi ki, mövcud qiymətlərin bazar tərəfindən müəyyənləşdiyini demək çox çətindir: "Araşdırmalar göstərir ki, mövcud qiymətlər 15-20 faiz aşağı olmalıdır ki, tələb-təklif arasındakı tarazlıq təmin edilsin. Əhalinin gəlirləri azalıbsa, deməli, mənzil almaq imkanları da aşağı düşüb".

İqtisadi İnnovasiyalar Mərkəzinin rəhbəri Məhəmməd Talıblı isə hesab edir ki, Azərbaycanda daşınmaz əmlakın bahalığı ölkə iqtisadiyyatındakı problemlərin göstəricisidir: "Bizdəki qiymətlər Avropa qiymətlərilə bir sıra hallarda üst-üstə düşür. Bu gün statistik azərbaycanlının daşınmaz əmlaka çıxış imkanları olduqca məhduddur. Mənzilləri alanlar əhalinin imkanlı təbəqəsinə aiddilər. Kasıb və orta sosial təbəqədən olanlar çətinliklə mənzil alırlar. Vətəndaşların kapital əldə etmək imkanları yox səviyyəsindədir. Məsələ burasındadır ki, tikinti şirkətləri boş mənzilləri mövcud qiymətlərə sata bilmirlər. Hətta binaların 30-40 faizi dövlət qəbul komissiyası tərəfindən istismara təhvil götürülməyib. Bu da tikinti şirkətlərinə müxtəlif problemlər yaradır. Bütün bunları nəzərə alaraq demək olar ki, Azərbaycanda daşınmaz əmlakın bahalaşması tempinin yüksək olması başadüşüləndir. Bunun üzərinə inhisarçılığı, monopoliyanı da gəlsək görərik ki, daşınmaz əmlak qiymətlərinin nə vaxtsa ucuzlaşacağına olan ümidlərimiz əbəsdir".

R.Qaçayoğlu

Sizin Reklam Yeriniz