Əlaqə Arxiv
news Image
2012.06.05
22:23
| A A A
Fırıldaqçı tikinti şirkətlərinin sayı arta bilər
Nüsrət İbrahimli: “Düşünmürəm ki, dövlət belə halların qarşısını almaq üçün kompleks yoxlamalar aparmaqla problemin həllinə doğru addımlar atmalıdır” Ramil Osmanov: “Hökumətin müdaxiləsi olmadan fırıldaqçı tikinti şirkətlərilə bağlı problemin həlli əslində mümkün deyil”

Məlumat veril-diyi kimi bu günlərdə "Xəzərə mənzərə" Mənzil Tikinti Kooperativinə qarşı cinayət işi başlanılıb. Bu şirkət də payçıları aldatmaqda, bir mənzili bir neçə nəfərə satmaqda suçlandırılır. Proses ondan xəbər verir ki, belə fırıldaqçı şirkətlərin sayının artması istisna deyil. Hələ bir müddət bundan əvvəl "Mur-Ay", daha sonar "Fuad LTD" şirkətləri də anoloji fırıldağına görə məsuliyyətə cəlb olunmuşdu. Vəziyyətin belə hal alması isə ona qarşı mübarizədə hökumət tərəfindən kompleks tədbirlərin görülməsini tələb edir.

Dövlət bu sahədə kompleks yoxlamalar aparıb, problemin həlli istiqamətində konkret addımlar atmalıdır. Görəsən, bu barədə ekspertlər nə düşünür?

NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli sözügedən prosesə dövlətin müdaxiləsini yolverilməz hesab edir. Çünki bu ona görə bazar münasibətlərinə ziddir: "Keçən əsrin 90-cı illərin sonlarında Azərbaycan iqtisadiyyatını dirçəltmək üçün tikinti sektorunda loyal siyasət yürüdülməyə başlanıldı. Yəni kimin imkanı, vəsaiti, torpağı vardısa, o, tikinti işləri apara bilərdi. Belədə tikinti işləri böyük sürət və artım tempi götürdü. Xüsusən də paytaxt Bakıda tikinti prosesi daha geniş vüsət almışdı. Demək olar ki, proses xaotik formada sürətlə inkişaf etdi. Təbii ki, bu zaman bazara çoxsaylı təsadüfi adamlar da daxil ola bildi. Həmin insanlar da bazara böyük miqdarda pul qazanmaq xülyası ilə gəlmişdi. Onların içərisində ciddi iş görmək istəyənlərlə yanaşı, sadəcə pul qazanıb aradan çıxmaq istəyənlər də vardı. Bu templə 2007-ci ildə tikinti bazarında bir çox obyektiv faktorlarla bağlı olaraq tənəzzül başladı və maliyyə problemləri qabarıq şəkildə özünü göstərdi. Hansı şirkət ki, işin əsaslı quraraq maliyyə sıxıntısından uzaq düşə bilmişdi, onlar işlərini normal qaydada davam etdirdilər. Amma maliyyə problemini həll edə bilməyənlər məcburi qaydada tikintini dayandırmalı oldular. Bir hissəsi maliyyə probleminin həllinə qədər dayandırdı, digərləri də məcburiyyət qarşısında qalıb paylarını başqalarına satdılar. Belədə tikintini başqalarına satanda qarşı tərəfə əvvəl satdıqları mənzillərin düzgün qeydiyyatını verməkdən yayınırdılar. Həmin satılan mənzillər də sonradan qarşı tərəfdən təkrarən satılıb. Onlar da bazarda işlərini düzgün qura bilmədikdə tikintini üçüncü bir tərəfə satıblar. Bu yolla üçüncü tərəf də eyni fırıldağa qol qoyub. Digər tərəfdən maliyyə problemlərini həll edə bilməyərək xaricdən investorlar cəlb edən şirkətlər onlara da satılan mənzillər barədə düzgün məlumat vermirdi. Üçüncü bir tərəfdən də qanunlarda olan boşluqlar da bəzi mənzil tikinti şirkətlərinin fırıldaqlara yol vermələrinə rəvac verib. Qanundakı boşluqlardan adətən fırıldaqçı adamlar məharətlə istifadə edir. Ona görə də bəzi tikinti şirkətlərində bir mənzilin bir neçə nəfərə satılması faktları meydana çıxdı. Amma bütün bunlara baxmayaraq düşünmürəm ki, dövlət belə halların qarşısını almaq üçün kompleks yoxlamalar aparmaqla problemin həlli istiqamətində konkret addımlar atmalıdır. Belə hal bazara müdaxilə sayılır, hansı ki, bazar müdaxilələri xoşlamır. Sadəcə olaraq qanunlarda olan ara boşluqları doldurmaq lazımdır. Tikinti lisenziyası maddi texniki bazası, maliyyə ehtiyatı olan şirkətlərə verilməlidir. Eyni zamanda tikintiyə icazə veriləndə investorların maliyyə vəsaitlərinin həcmi, mənbələri yoxlanılmalıdır ki, onların tikintini başa çatdıra biləcəkləri bəlli olsun. Kooperativlərə icazə veriləndə isə onlarla yerli icra strukturları arasında binanın tikilib başa çatdırılması müddəti və hansı şərtlər daxilində verilməsi haqqında müqavilə bağlanmalıdır".

Əmlak Bazarı İştirakçıları İctimai birliyinin sədri Ramil Osmanov sözügedən məsələdə dövlətin müdaxiləsini vacib bildi: "Fırıldaqçı tikinti şirkətlərinin qarşısını almaq üçün prosesə dövlətin müdaxilə etməsinə normal baxıram. Çünki mövcud durum göstərir ki, hökumətin müdaxiləsi olmadan fırıldaqçı tikinti şirkətlərilə bağlı problemin həlli əslində mümkün deyil. Faktiki olaraq MTK və MMC-lər vətəndaşların mülkiyyət hüquqlarını pozur. Mülkiyyət hüququnun təminatçısı isə qanunvericiliyə görə dövlətə məxsusdur. Bu baxımdan hesab edirəm ki, dövlətin məsələyə müdaxiləsi mütləqdir və bunu edir də. Mülkiyyətçilərin hüquqlarının hansı formada təmini məsələsi isə bir qədər qaranlıqdır. Bundan əvvəl də bəzi tikinti şirkətlərinə aldadılmış payçıların mənzil təminatının həyata keçirilməsi üçün müəyyən qədər vəsait ayrıldı. Amma araşdırmalar göstərir ki, bu prosesin özündə də müəyyən neqativ amillər var. Ona görə də hesab edirəm ki, dövlət bu məsələdə nəzarəti gücləndirməli və prosesi sona qədər izləməlidir".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz