news Image
2012.06.07
17:02
| A A A
Xarici borclarımız artacaq
Nazim Məmmədov: “ARDNŞ nə qədər vəsait istəsə, xarici qurumlar onu verəcək” Sabit Bağırov: “Borc almaq qəbahət deyil, borcu uzadıb verməmək qəbahətdir”

Bu ilin sonunadək ARDNŞ xarici banklardan 500 milyon ABŞ dolları məbləğində kredit cəlb etmək niyyətindədir. Bunu ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bildirib.

Onun sözlərinə görə, xarici banklardan kredit cəlb etmək avrobonddan daha ucuz başa gəlir: "Biz bir sıra xarici banklarla kredit cəlb etmək üçün danışıqlar aparırıq ki, ilin sonunadək ARDNŞ-a 500 milyon dollaradək vəsait lazım olacaq. Bu vəsaitin təxminən 130 milyon dolları Türkiyədə inşa olunacaq "STAR" neft emalı zavoduna yönəldiləcək, vəsaitin qalan hissəsi isə ARDNŞ-ın daxili investisiyaları, Isveçrədə yanacaqdoldurma məntəqələrinin rebrendinqi, Ukraynada apardığımız işlər, Gürcüstanın qazlaşdırılması, həmçinin daxili tələbat üçün lazımdır".

Bu arada məlum olub ki, ARDNŞ-in xarici borcu təxminən 1,6 milyard dollar təşkil edir. Görəsən, ölkədə maliyyə ehtiyatları kifayət qədər böyük olduğu halda şirkətin xaricdən kredit almasına nə dərəcədə ehtiyac var? Xarici borca getmək nə dərəcədə doğrudur?

İqtisadçı alim Nazim Məmmədovun fikrincə, buna ehtiyac yoxdur: "Azərbaycanın böyük vəsaitləri olduğu halda ölkədə pul çatışmazlığının hökm sürdüyü və kredit faizlərinin yüksək olduğundan ictimaiyyət də narahatdır. ARDNŞ-ın öz pulu ola-ola xaricdən kredit almaq istəyinin də yeganə səbəbi liberal bazar dəyərlərinin qəti olaraq oturuşmamasından, bazar iqtisadiyyatı tələblərinə uyğun idarəetməni təmin edə bilməməyimizdən irəli gəlir. Kadrların idarəetməni köhnə təfəkkürlə aparması da bu və ya digər formada əsassız xərcləmələrə gətirib çıxarır. Əsassız xərcləmələr isə daha çox vəsait tələb edir. ARDNŞ nə qədər vəsait istəsə də, xarici qurumlar onu verəcək. Bu dövlət şirkəti olduğundan xaricdən alınan kredit də dövlət borcu sayılacaq. Dövlətin xaricdə vəsaiti olduğundan istənilən halda ona o qədər vəsaiti verməyə imkan tapılacaq. Bəzi şirkətlərin öz geniş vəsaitləri ola-ola xaricdən kredit almağa meyllənməsini idarəetmənin tam şəffaf olmamasından irəli gələn addım kimi qiymətləndirirəm. Əsassız ofis tikintiləri, BP-nin nümayəndəsinin Azərbaycan qazının Avropaya çatdırılması üçün 35-40 milyard dollar vəsaitin tələb olunması fikrini səsləndirməsi, Transanadolu layihəsinə 7 milyard avro vəsaitin lazım olduğunu bildirmələri belə təsəvvür oyadır ki, Azərbaycan qarşısına qısa zamanda özünün bütün enerji resurslarını çıxardıb tez zamanda satmaq məqsədi qoyub. Amerika təcrübəsində isə hasilata daha çox üstünlük verməmək meyli güclüdür. Onlar hasilatı uzun perspektivə hesablayır, bəzi neft quyularını gələcək nəslə saxlayaraq bağlayırlar. Azərbaycan da bu təcrübəni aşılamalıdır. İndilikdə Azərbaycan dünyanın bir çox ölkələrinə mavi qaz satsa da, ölkənin kəndlərinin mütləq əksəriyyəti qazsızdır. ARDNŞ daha çox ölkə daxilinə investisiya qoymaq istiqamətində düşünməli, bu prosesi sürətləndirməlidir, nəinki xaricdən borc götürüb istehsal və hasilatla bağlı olmayan xərclərini artırmaq. Bir neçə il ərzində şirkət xəstəxanaların tikilməsilə məşğul olub. Dəfələrlə vurğulamışıq ki, diaqnostika mərkəzləri heç də effektiv metod deyil. Reklam xarakterli əməliyyatı orada keçirilib, sonradan diaqnostika mərkəzlərinin bağlı qalmasına nə ehtiyac vardı? Bu isə dövlət vəsaitinin səmərəsiz xərclənməsidir".

Digər ekspert ARDNŞ-ın sabiq prezidenti Sabit Bağırov isə ARDNŞ-ın özünün vəsaiti ola-ola xaricdən kredit almasına normal yanaşır: "Təbii ki, alınan hər hansı bir əcnəbi kreditlər ölkənin xarici borcunu artırır. Amma özünün vəsaiti ola-ola xaricdən kredit almaq bütün dünya şirkətlərinin praktikasında rast gəlinən hadisədir. BP, "Şevron", "Statoyl" və digər nəhəng şirkətlər də kredit alır, amma bu o demək deyil ki, onların pulu yoxdur. Sadəcə olaraq, bəzən bir neçə layihə həyata keçirilərkən dərhal müəyyən bir maliyyə vəsaiti tələb olunur. Ona görə də borc almaq qəbahət deyil, borcu uzadıb verməmək qəbahətdir".


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs