news Image
2012.06.20
17:13
| A A A
Bakı Dövlət Univeristeninin jurnalist dostları seçildi

Movqe.Az xəbər verir ki, bu gün Bakı Dövlət Universitetində Azərbaycan milli mətbuatının banisi, publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubiley tədbiri və "Universitetin dostu" mükafatının təqdimat mərasimi keçirildi.

Tədbiri  giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov Həsən bəy Zərdabi və onun redaktoru olduğu "Əkinçi" qəzeti haqqında danışıb. Natiqin sözlərinə görə Zərdabi "Əkinçi"ni nəşr etdirməklə milli mətbuatın bünövrəsini qoyub, dövrün ziyalılarını bu qəzet ətrafında birləşdirərək mühüm vəzifələrin uğurla həyata keçirilməsində misilsiz rol oynayıb.

Rektor kütləvi informasiya vasitələrinin Bakı Dövlət Universitetinə olan münasibətindən, universitet haqqında davamlı məlumatların ictimaiyyətə çatdırılmasında jurnalistlərin xidmətlərindən danışaraq və "Universitetin dostu" mükafatının məhz buna görə təsis edildiyini vurğuladı: "Bir çox media orqanlarında, qəzetlərdə, saytlarda universitetimiz haqqında obyektiv və operativ məlumatlar gedir. Amma bəzi qəzetlər var ki, onlar etik normalara uyğun olmayan yazılar dərc edirlər."

Abel Məhərrəmov 10 nəfər KİV rəhbərinin "Universitetin dostu", bir qrup jurnalistin isə fəxri fərman və hədiyyəyə layiq görüldüyünü diqqətə çatdırdı.

Sonra isə Jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev "Klassik Azərbaycan jurnalistikası ənənələri və müasirlik" mövzusunda çıxış etdi. O, Həsən bəy Zərdabi yaradıcılığının və "Əkinçi"nin Azərbaycan publisistika tarixində çox böyük rol oynadığını açıqladı.

Daha sonra mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimovaya söz verildi. O, universitet-mətbuat münasibətlərindən,  "Universitetin dostu" mükafatının təsis edilmə zərurətindən bəhs etdi. Natiqin sözlərinə görə son 1 ildə müxtəlif kütləvi informasiya vasitələrində 1000-dən artıq məqalə dərc edilib: "Mətbuat və informasiya şöbəsi olaraq bizim ayrıca saytımız da fəaliyyət göstərir ki, burada bütün informasiyalar 3 dildə yayımlanır. Azərbaycan, rus və ingilis. Ən uğurlu aspekt isə bu vaxta qədər müxtəlif mətbu orqanlarda BDU haqqında gedən informasiyaların saytımızda arxivləşdirilməsidir. 1999-cu ildə bu tərəfə olan 13 illik informasiyalar saytımızda yerləşdirilib." Məruzələrdən sonra isə "Universitetin dostu" mükafatının təqdim etmə mərasimi başladı.

Mükafata layiq görülənlər Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, "Space" Müstəqil Teleradio Şirkəti MMC-nin prezidenti Vaqif Mustafayev, "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin prezidenti Vüqar Qaradağlı, Lide" TV və Radio Azərbaycan MMC-nin prezidenti Ədalət Əliyev, "Respublika" qəzetinin baş redaktoru Teymur Əhmədov, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Ekspress" qəzetinin baş redaktoru Qəzənfər Bayramov, "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru Bayram Hüseynzadə,Modern.az internet portalının baş redaktoru Elşad Eyvazlı, Lent.az İnformasiya Agentliyinin baş direktoru Qabil Abbasoğludur.

Tədbirdə eyni zamanda KİV-də BDU haqqında davamlı yazılarına görə bir çox jurnalistlər də mükafatlandırıldılar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs