Əlaqə Arxiv
news Image
2012.06.27
15:19
| A A A
“Dövləti lisan türk dili qəbul edilsin"

Movqe.Az xəbər verir ki, Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) müsəlman şərqində ilk parlamentli respublika, türk və islam dünyasında isə ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi olub.

Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrdə olduğu kimi xalq təhsilinin inkişafı üçün də böyük işlər görülmüş, mühüm islahatlar həyata keçirilmişdir. Bu istiqamətdə Hacı Zeynalabdin Tağıyevin milləti üçün açdığı işıqlı yolu Azərbaycan Xalq Cümhuriyyəti hökuməti davam etdirmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin təhsil sahəsində həyata keçirdiyi ilk tədbirlərdən biri hökumətin 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan (türk) dilinin dövlət dili elan edilməsi idi.Yalnız bu qərardan sonra Azərbaycan (türk) dili Cümhuriyyət ərazisində dövlət dili kimi tanınıb.

Dövləti lisan türkcə qəbul edilərək müvəqqətən hökuməti müəssisələrdə rus lisanı istemalına müsaidə edilməsi haqqında (27 iyun 1918-ci)

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 27 iyun 1918-ci il tarixli qərarı: "Dövləti lisan türk dili qəbul edilərək, içəridə bütün məhkəmə, idareyi-daxiliyyə və sair dəvair vəzifələri başında duranlar bu lisanı bilənlər olana qədər hökuməti müəssisələrdə rus dili istemalına da müsaidə edilsin."

Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmisdir. Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 30 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dövlət dilidir. Bu gün dilimiz bütüntürkdilləri içində öz leksik tərkibinə, qrammatik strukturuna görə ən zəngini, ən inkişaf etmişidir.

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" 23 may 2012-ci il tarixli sərəncamı dövlətimizin Azərbaycan dilinin taleyini həmişə diqqət mərkəzində saxlamasının daha bir əyani sübutudur.

Xalqımızın iradəsini ifadə edən Azərbaycan dövləti ölkəmizin siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi, Ana dilimizin hüquqi baxımdan qorunması məqsədilə "Azərbaycan Respublikasının Konstitusiyası"nın "Dövlət dili" adlanan 21-ci maddəsində belə bir təminat verir: "Azərbaycan Respublikasının Dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". "Azərbaycan Respublikasında Dövlət dili haqqında Azərbaycan Respublikasının Qanunu"nda isə göstərilir: "Dövlət dilini bilmək Azərbaycan Respublikasının hər bir vətəndaşının borcudur". Azərbaycan Respublikasının "Təhsil haqqında Qanunu"nun "Tədris dili" adlanan maddəsinin 7.1-ci bəndində deyilir: "Azərbaycan Respublikasının Təhsil müəssisələrində tədris dili dövlət dili-Azərbaycan dilidir".

Sizin Reklam Yeriniz