news Image
2012.07.04
08:00
| A A A
Köhnə avtomobillərin bazarı «ölür»
Yeni avro standartının tətbiqi fonunda uyğun olmayan maşınların istifadədən çıxarılması istisna edilmir

Avtomobil bazarında hələ də əvvəlki fəallığın olmaması maşın biznesi ilə məşğul olanları ciddi surətdə narahat etməkdədir. Düzdür, cari ilin mayında və iyununda maşın bazarında cüzi də olsa fəallıq qeydə alınıb. Lakin bu da müvəqqəti ola bilər. Bunun səbəbləri haqda danışmazdan öncə qeyd edək ki, "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupunun 2012-ci ilin may ayı ərzində avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə, bazarda dinamikanın artımı müşahidə olunub.

Birlikdən verilən məlumata görə, bu ilin əvvəlindən təklifin ili köhnə avtomobillər hesabına kəskin artım tendensiyası taksilərə tətbiq olunan yeni qaydalarla bağlı yenidən müşahidə olunmağa başlayıb, xaricdən idxal olunan köhnə avtomobillərin təklif portfelindəki payı isə artımla müşahidə olunub. May ayı ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında və buna müvafiq olaraq bağlanan əqdlərin dinamikasında nisbi artım qeydə alınıb. Ay ərzində bazarda təklif 2.9 faiz artıb. Təklifin tələbi üstələmə tendensiyası davam edib, ötən aylarla müqayisədə avtomobil bazarında tələbin nisbi artımı müşahidə olunub. Lakin tələbin və dinamikanın artımı qiymətə təsir göstərməyib. May ayı üçün bazarda orta qiymət əvvəlki ayda olduğu kimi qalıb (15 750 ABŞ dolları). Əvvəlki aylardan fərqli olaraq köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası son 4 ayda yenidən artıb. Buna "Avro-2" standartlarına keçidlə əlaqədar idxal olunan avtomobillərin təhlükəsizlik yastıqlarının mövcudluğu və əyləc sisteminin beynəlxalq standartlara uyğunluğu ilə bağlı qəbul edilmiş qərarların may ayından etibarən tətbiqi ilə bağlı qərarların qəbulu səbəb olub.

Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası "Mercedes-Benz"in təklif üzrə payında may ayı ilə müqayisədə 1,1 faiz artım müşahidə edilib, bu markanın ümumi portfeldə payı 35 faiz təşkil edib. Monitorinq qrupunun araşdırmaları 1990-2012-ci illərə aid avtomobilləri əhatə edib.

Xatırladaq ki, Nazirlər Kabinetinin məlum qərarına uyğun olaraq, 1 iyul 2010-cu il tarixdən Azərbaycan Respublikası avtomobil nəqliyyatı vasitələrindən atmosferə buraxılan zərərli maddələrə dair Avropa Birliyi tələblərinə keçib. Bu o deməkdir ki, 1 iyul 2010-cu il tarixdən Azərbaycanda bu sahə üzrə "Avro-2" tələbləri müəyyən olunur. "Avro-2" standartının tətbiq olunmasında da məqsəd insan sağlamlığını və ekologiyanı qorumaq, nəqliyyatın təhlükəsizliyini təmin etməkdir. Qaydalara görə, ölkəyə ilk dəfə gətirilən yeni minik avtomobillərinin "Avro-2" standartlarının tələblərinə uyğunluğu yalnız bir dəfə yoxlanır. Ölkəyə gətirilən istismar olunmuş maşınlar isə texniki baxışdan keçərək, "Avro-2" standartına cavab verməsi haqqında uyğunluq sertifikatı alır. Belə avtomobillərin "Avro-2" standartlarına uyğunlaşdırılması üçün onlara xüsusi qurğuların - katalizatorların quraşdırılması da mümkündür. İndi isə Azərbaycan "Avro-3" standartını tətbiq etməyə hazırlaşır. Bu o deməkdir ki, maşın bazarında aktivliyə səbəb olan köhnə avtomobillər bu tələbə cavab verməlidir. Əks halda onların ölkəyə gəlməsi mümkünsüzləşəcək.

Gözlənir ki, yeni standartların tətbiqi, vaxtından asılı olmayaraq, növbəti mərhələdə avro standarta uyğun olmayan maşınların istifadədən çıxarılması ilə nəticələnəcək. Köhnə maşınlara tələbat artmayacaq. Yeni və istehsalı son illərə aid maşınlara tələbat artacaq. Nəticədə bazarda son illər istehsal edilən və istifadə olunmayan avtomobillər bahalaşacaq. Ekspertlərin sözlərinə görə, "Avro-3" standartına keçid maşın bazarına təsirsiz ötüşməyəcək. İlk növbədə, köhnə maşınların qiymətinin aşağı düşəcəyi gözlənir. Çünki belə maşınlar "Avro-3" standartlarına cavab vermədiyindən, onlara tələbat azalacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs