news Image
2012.07.06
08:00
| A A A
İpoteka kreditlərinə maraq azalır
Hesab olunur ki, ipoteka krediti şərtlərinin sadələşdiriləcəyi və asanlaşdırılacağı ilə bağlı məlumatlardan sonra indi ev sahibi olmaq istəyənlər əvvəlki kimi kredit almağa tələsmir

Ölkəmizdə ipoeka kreditlərinin şərtlərinin sadələşdiriləcəyi ilə bağlı artıq xeyli müddətdir ki, müəyyən fikirlər səslənsə də, bu istiqamətdə hələ ki, hər hansı real addımlar atılmayıb. Bu arada isə məlum olub ki, cari ilin iyun ayında Azərbaycanda dövlət büdcəsindən ipoteka məqsədləri ilə nəzərdə tutulan 20 milyon manat vəsait İpoteka Fonduna (AİF) köçürülüb.

Buna baxmayaraq, iyunda ipoteka kreditləşməsi əvvəlki aya nisbətən təqribən 2 dəfə azalıb. İyun ayında AİF-in xətti ilə 3,92 milyon manat ipoteka krediti verilib, nəticədə bu ilin yanvar-iyun aylarında verilən ipoteka kreditlərinin ümumi məbləği 34,84 milyon manata çatıb. Qeyd edək ki, bu göstərici 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% azdır.

Ümumilikdə, ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin həcmi 380,38 milyon manata çatıb. Nəticədə, 2012-ci il iyulun 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 41,8 manata çatıb. Müqayisə üçün bildirək ki, 2012-ci ilin iyunun 1-nə bu rəqəm 41,4 manat olub.

İyunda AİF tərəfindən 11,31 milyon manatlıq ipoteka krediti yenidən maliyyələşdirilib. Nəticədə, ilk 6 ayda 44,46 milyon manatlıq kreditlər yenidən maliyyələşdirilib. İndiyədək verilən ipoteka kreditlərinin 305,43 m manatı və ya 80,3%-i təkrar maliyyələşdirilib. Bununla yanaşı, cari ilin yanvar-iyun aylarında İpoteka Fondu 20 milyon manatlıq istiqraz buraxıb.

Ekspertlər hesab edir ki, ipoteka kreditləşməsinin əvvəlki aya nisbətən təqribən 2 dəfə azalması bir sıra məqamlarla bağlıdır. Belə ki, ipoteka krediti şərtlərinin sadələşdiriləcəyi və asanlaşdırılacağı ilə bağlı məlumatlardan sonra indi ev sahibi olmaq istəyənlər əvvəlki kimi kredit almağa tələsmir. Digər tərəfdən, bankların özündə də müəyyən problemlərin olduğu sirr deyil. Xüsusən də sosial ipoteka kreditlərinin verilməsi prosesində bürokratik əngəllər çoxdur. Bankların əksəriyyətində süründürməçiliyə yol verilir. Həmçinin, ipoteka krediti alan gənclərdən 16 sənəd tələb olunur. Bununla da Azərbaycanı dünya ipoteka tarixində gənclərə verilən ipoteka kreditləri üzrə ən çox sənəd tələb edən ölkə hesab etmək olar. Həmin sənədlər arasında elələri var ki, tətbiqi kifayət qədər absurd görünür. Ekspertlər hesab edir ki, proqrama əlçatanlığı təmin etmək üçün sənədlərin sayı azaldılmalıdır.

Xatırladaq ki, hazırda Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləri illik 8, sosial ipoteka kreditləri isə 4 faizlə verilir. Ekspertlər isə bildirir ki, ipoteka kreditlərinin verilməsi prosesi elektronlaşdırılmalıdır. Əks halda bir sıra banklarda süründürməçilik, qeyri-rəsmi ödənişlərin tələb edilməsi halları arta bilər. Bir sıra banklarda ipoteka kreditlərinin verilməsi prosesində korrupsiya elementlərinə rast gəlindiyini deyən ekspertlər bildirir ki, belə hallara qarşı ciddi mübarizə aparılmır. Banklar da bundan sui-istifadə edir. İndi hesab edilir ki, yeni ipoteka şərtləri qüvvəyə mindikdən sonra nəzarət artırılmalıdır.

Bununla yanaşı, ekspertlər vurğulayır ki, sosial ipoteka kreditini stimullaşdırmaq məqsədilə ilkin ödənişin ləğv edilməsi vacibdir. Bundan başqa, sahibkarlıq subyektlərinə verilən kreditlərdə olduğu kimi, adi ipoteka kreditlərinin faiz dərəcəsi 8-dən ən azı 6-ya endirilməlidir. Eyni zamanda, hökumət bazarı canlandırmaq üçün sosial ipoteka prosesinə ilkin mənzil bazarını cəlb etməlidir. Təbii ki, bu məqsədlə yeni tikililərin sənədləşdirilməsi prosesinə start verilməlidir. Digər tərəfdən, ümumiyyətlə, ipoteka kreditləşməsinə ayrılan minimum məbləğ də ləğv olunmalıdır. Çünki reallıq göstərir ki, Bakıda maksimum məbləğə, yəni 50 min manata mənzil tapmaq mümkündür, amma minimum məbləğə, yəni 35 min manata ev almaq çətin məsələdir. Bu baxımdan minimum məbləğin 50 min manata çatdırılması təklif olunur.

O da vurğulanır ki, ilkin ödəniş ləğv olunacağı təqdirdə, sosial ipotekadan yararlananların sayı nəzərə çarpacaq dərəcədə artacaq. Çünki bu gün kifayət qədər gənc ailə var ki, ilkin ödəniş səbəbindən ipotekadan faydalana bilmir. Nəticədə onlar uzun illər kirayələrdə yaşamağa məcbur olur. Buna görə də ipoteka şərtlərinin sadələşdirilməsi və bazar tələblərinə uyğunlaşdırılması vacibdir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs