Əlaqə Arxiv
news Image
2012.07.14
21:11
| A A A
Azərbaycan mətbuatı 137 il

Bu gün Gəncədə Milli Mətbuatın yaranmasının 137 illiyinə həsr olunmuş konfrans keçirilib.

APA-nın Qərb bürosunun məlumatına görə, konfransa Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Gəncə şəhər icra hakimiyyəti başçısı Elmar Vəliyev və Bakı və regionlarda fəaliyyət göstərən 70-dək Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri qatılıblar. Konfrans iştirakçıları öncə Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra Gəncədə fəaliyyət göstərəcək Gəncə Mətbuat Evinin binasının təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Dövlət Aqrar Universitetinin tarixi binasında keçirilən "Azərbaycan Milli Mətbuatı: Zərdabidən günümüzə" adlı konfransa qatılan tədbir içştirakçıları Azərbaycan Milli Mətbuatının banisi Həsən bəy Zərdabinin həyatından, Azərbaycan mətbuatının formalaşmasında olan böyük rolundan danışıblar. Tədbirdə bildirilib ki, maarifçilik hərəkatının görkəmli xadimlərindən olan Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda Bakıda "Qubernator" mətbəəsində ilk dəfə olaraq Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail olub və bununla da milli mətbuatın əsası qoyulub. 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən qəzet ayda iki dəfə 300-400 tirajla nəşr olunub. Bu illər ərzində qəzetin 56 nömrəsi çıxıb.

Konfransdan sonra jurnalistlərin suallarını cavablandıran Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri bu tədbir çərçivəsində Gəncə şəhərində Mətbuat Evinin təməlinin qoyulduğunu deyib: "Bu mətbuat evi gələcəkdə Gəncə şəhərində milli mətbuatın inkişafına öz xidmətlərini göstərəcək. Mətbuat orqanlarının bura toplanması, mətbuatın inkişafı ilə bağlı mətbəə və çap məhsullarının burada yerləşdirilməsi, o cümlədən Gəncəyə ezam olunmuş mətbuat nümayəndələrinin bu binada gecələməsi üçün bütün şərait yaradılacaq. Mətbuat Evi bütövlükdə Gəncə şəhərində bütün mətbuat orqanlarının toplaşdığı, müzakirə apardığı və mütəmadi olaraq bir-biri ilə təcrübə bölüşdüyü bir məkana çevriləcək. Düşünürük ki, bu, ümumilikdə Azərbaycanda milli mətbuatın inkişafına göstərilən dövlət qayğısının əlavə bariz nümunəsi və son zamanlar ölkədə mətbuatın inkişafına dair cənab Prezident tərəfindən imzalanmış sərəncam nəticəsində göstərilən qayğının davamıdır".

Sizin Reklam Yeriniz