news Image
2012.07.18
17:27
| A A A
Bağlanan bankların sayı arta bilər
Cümşüd Nuriyev: “Nəzəri cəhətdən iflasa uğramış bankların sayı heç şübhəsiz arta bilər” Azər Mehtiyev: “Cari ildə də bir neçə banka münasibətdə anoloji halların ola biləcəyi gözlənilir”

Vaxtilə ölkənin əsas özəl banklardan sayılan "RoyalBankn fəaliyyətinə artıq sonqoyulub. Belə ki, iyulun 13-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə "Royal Bank"ASC-nin lisenziyası ləğv olunub. Düzdür, həmin bankın ləğvinin əmanətçilərə təsiri olmayacaq. Çünki "Royal Bank"ASC-də əmanətçilərin 98 faizi Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunur. Buradan belə başa düşmək olar ki, həmin bankda yerləşdirilən əmanətlərin 98 faizini məhz ən yuxarısı 30 min manatlıq əmanətlər təşkil edib.

Çünki qorunan əmanətlərin həcmi hazırkı qanunla 30 min manata qədər olan əmanətlərdir. "Royal Bank"ASC-nin lisenziyasının ləğv edilməsi isə bankın bir sıra tələblərə cavab verməməsi, kreditorları qarşısında öhdəliklərini icra edə bilməməsi, idarəetməni və cari fəaliyyəti etibarlı həyata keçirməməsilə və Mərkəzi Bankın verdiyi yazılı göstərişləri yerinə yetirməməsilə bağlıdır. Bankın ləğvindən sonra ASC-yə müvəqqəti inzibatçı təyin edilib. Həmçinin "Royal Bank" barədə iflas prosedurunun başlanması üçün Mərkəzi Bank məhkəmə orqanlarına bankın müflis elan edilməsi barədə ərizə ilə müraciət edəcək. Qeyd edək ki, hələ keçən ilin sonlarında ölkədə fəaliyyət göstərən 5 kommersiya bankının bağlanma təhlükəsilə üz-üzə qaldığı barədə məlumatlar verilmişdi. "Royal Bank" isə artıq rəsmi olaraq bağlandı. Hazırda bildiyimiz kimi, Avropa məkanında da maliyyə böhranı ilə əlaqədar olaraq bir sıra banklar çətin duruma düşüb. Hətta İspaniyanın ikinci nəhəng bankı belə müflisləşmə təhlükəsindən qaça bilməyib. Görünür, həmin proses asta-asta Azərbaycanın kommersiya banklarına da öz təsirini göstərməyə başlayıb. Görəsən, yaxın dönəm üçün Royal Bank"ın aqibətini ölkədə fəaliyyət göstərən başqa banklar da yaşaya bilərmi?

Müstəqil iqtisadçı ekspert Cümşüd Nuriyev bizimlə söhbətdə nəzəri baxımdan müflisləşmiş bankların sayının çoxalacağını istisna etmir: "Nəzəri cəhətdən iflasa uğramış bankların sayı heç şübhəsiz arta bilər. Ölkənin pul-kredit siyasətini Mərkəzi Bank hazırlayıb yönəldir və həyata keçirir. Bu prosesdə Maliyyə Nazirliyinin də rolu vardır. Amma bazar iqtisadiyyatı şəraitində bankların müflisləşərək ləğv olunması kimi hadisələrin baş verməsini adi qarşılamalıyıq. Müxtəlif bankların həyata keçirdiyi maliyyə tədbirləri içərisində dövlət üçün təhlükəli hər hansı bir addım atılırsa və ya indi atılan həmin addım gələcək üçün hansısa bir ziyana gətirərsə, dövlət ona qarşı iqtisadi sanksiyalar tətbiq edə bilər. Bu mənada "Royal Bank"la bağlı araşdırmanın nə dərəcədə olduğunu bilmirəm. Amma onun lisenziyasının ləğvinin arxasında sırf iqtisadi tədbir dayanır. Belə proses dünyada normal qəbul olunan haldır".

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev də düşünür ki, bir sıra digər kommersiya banklarının da "Royal Bank"ın aqibətini yaşaması gözləniləndir: "Rəsmi açıqlamalarda "Royal Bank"ın bağlanmasına səbəb kimi, nizamnamə kapitalı ilə bağlı tələblərə cavab verməməsi və hansısa bank öhdəliklərini ödəyə bilməməsi əsas gətirilib. Bu cür hallara söykənməklə bankların bağlanması bankların mövcud durumu ilə bağlı əmanətçi və müştərilərdə istər-istəməz narahatçılıq yaradan məsələdir. Amma eyni zamanda Mərkəzi Bank çalışır ki, proses əmanətçi və müştərilərin itkisiz ötüşməsi formasında getsin. Burada müəyyən qədər gərginliyin yaşanması, əməliyyatların həyata keçirilməsində problemlər olsa da, bütövlükdə proses əmanətçi və müştərilərin maliyyə itkilərinin olmaması formasında həyata keçirilir. Yəqin ki, Mərkəzi Bank bundan sonra digər banklara münasibətdə baş verən anoloji hadisələr zamanı da sözügedən addımını ən azından gözləyəcək. İndilikdə açıq-aydın görünən bir proses gedir. Həqiqətən də nizamnamə kapitalına və ya ayrı-ayrı istiqamətlərdə müasir bank tələblərinə cavab verməyən bankların prosesdən çıxarılması və ya digər banklara birləşdirilməsi prosesi gedir.

Mərkəzi Bank bank yaratma tələblərinə bir neçə bankın cavab vermədiyini hələ ötən ildən bildirmişdi. Cari ildə də bir neçə banka münasibətdə anoloji halların ola biləcəyi gözlənilir. Amma belə banklar barədə rəsmi açıqlama vermək müştərilərin narahatlığına səbəb ola bilər. Buna rəğmən "Royal Bank"la bağlı yaranmış hadisənin davam etməsi gözləniləndir. Mərkəzi Bankın müəyyənləşdirdiyi tələblərə cavab verməmək baxımından proses digər banklarda da təkrarlana bilər".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs