news Image
2012.07.19
07:20
| A A A
Qanunsuz silahlardan törədilən cinayətlər...
Şəmsəddin Əliyev: “Qanunsuz silahların yığışdırılması yolunda ən optimal variant təbliğat və maarifləndirmə işləridir” Əliməmməd Nuriyev: “Stimullaşdırıcı tədbirlər görməklə məsələnin həllinə nail olmaq mümkündür”

Ölkədə baş verən ağır cinayətlərin böyük əksəriyyəti silah vasitəsilə həyata keçirilir. Bu da onu göstərir ki, dövriyyədə hələ də qanunsuz silahlar var. Qeyd edək ki, vaxtilə qanunsuz silah gəzdirənlər Azərbaycanda daha çox idi. Lakin müvafiq qurumların apardığı operativ iş nəticəsində qanunsuz silahların yığışdırılması sahəsində böyük nailiyyətlər əldə olundu. Amma bununla belə indinin özündə də baş verən ağır cinayətlərin çoxunda məhz qanunsuz silahlardan istifadə olunması hallarına rast gəlinir.

Həmin vəziyyət isə qanunsuz silahların yığışdırılması istiqamətində daha ciddi işlərin görülməsini vacib edir. Görəsən, qanunsuz silahların yığışdırılması üçün nə etmək lazımdır?

"Polisə dəstək" İctimai Birliyin sədri Şəmsəddin Əliyev hesab edir ki, qanunsuz silahların yığışdırılması istiqamətində əsas təsiredici arqument təbliğat və maarifləndirmə işləridir: "Ölkədə ağır cinayətlərin kökünü kəsmək, bu fenomenə son qoymaq üçün hansı istiqamətdə mübarizə aparmaq bütün cəmiyyəti düşündürən bir sualdır. Amma belə bir suala cavab tapmağın özü də sadəlövhlükdür. Çünki cəmiyyət inkişaf etdikcə onunla yanaşı müxtəlif çeşidli cinayətlər də meydana çıxır. Sirr deyil ki, hazırda Azərbaycanın paytaxtı Bakı mürəkkəb sosial quruluşa malik bir şəhərdir. Cəmiyyətin miqrasiya baxımından daha çox gediş-gəlişi, hərəkəti məhz bu şəhərdə baş verir. Belə bir halda təbii ki, şəhərdə qanunsuz silah gəzdirənlər də olur. Ümumiyyətlə, cəmiyyətə zidd hərəkətlərlə məşğul olan insanların davranışlarını nəzarətdə saxlamaq da çətindir. İndilikdə Daxili İşlər Nazirliyi tərəfindən ağır cinayətlərin qarşısını almaq istiqamətində bir sıra operativ işlər görülüb və görülməkdədir. Amma bununla belə ağır cinayətlərin kökünü kəsmək olduqca çətin prosesdir. Cinayətkarlığın ağırlıq dərəcəsi, qanunsuz silah gəzdirmək, ondan istifadə və cəmiyyətə zidd digər əməllərlə bağlı əhali arasında geniş informasiya şəbəkəsi olmalıdır ki, onlar məlumatlansın. Fikrimcə, qanunsuz silahların yığışdırılmasında ən optimal addım məhz təbliğat, məlumatlandırma yolu ilə prosesin həllinə nail olmaqdan keçir. Bu istiqamətdə geniş və düzgün iş aparılsa, problemin həlli istiqamətində kifayət qədər bəhrə görə bilərik. Hər il Cinayət Məcəlləsinə cəzanın sərtləşdirilməsi istiqamətində əlavə və dəyişikliklər edilir. Amma görünən odur ki, bunlar tam şəkildə bəhrə vermir. Ona görə də düşünürəm ki, insanların şüurunda dəyişiklik etmək gərəkdir. Bunun üçün də ən optimal variant təbliğat və maarifləndirmədir. Kriminoloqlar da tövsiyə edir ki, insanların şüurunda kifayət qədər inqilabi dəyişikliklər edilməlidir. Bunun üçün də müvafiq nazirlik və dövlət idarələri həmin istiqamətdə güclü iş aparmalıdır. İnsan şüuruna ideoloji baxımdan təsir edilsə, düşünürəm ki, silahlı insidentlə müşahidə olunan ağır cinayətlərin qabaqlayıcı tədbir kimi qarşısını almaq da mümkün olacaq. Bu istiqamətdə isə KİV-lərin üzərinə böyük yük düşür".

"Konstitusiya" Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev isə qanunsuz silahların yığışdırılması üçün stimullaşdırıcı tədbirlərin görülməli olduğuna diqqət çəkdi: "Birincisi, silahın könüllü təhvil verilməsi qanunsuz silah saxlayanların cinayət məsuliyyətindən azad edilməsinə imkan yaradır. Ona görə də bu istiqamətdə elan verməklə də qanunsuz silahların yığışdırılması istiqamətində ciddi addımlar atmaq olar. Digər tərəfdən silahı təhvil verən şəxsləri maddi stimullaşdırılması yolu ilə də məsələnin həllinə nail olmaq olar. Azərbaycanda qanunsuz silah saxlama halı keçən əsrin 90-cı illərində daha kütləvi hal almışdı. İndi isə proses elə də ciddi deyil. Amma onu da nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində olduğundan ilk illərdə bir çox silahlar könüllülər vasitəsilə ölkəmizə gətirilir, qeyri-rəsmi yollarla əldə edilirdi. Bu gün qanunsuz silahlar qalıbsa, bunlar məhz həmin dövrdə qeyri-rəsmi yollarla gətirilən silahlardır. Müharibə dövründə müəyyən ərazilərin əldən-ələ keçməsi baş verdiyindən silahlar qənimət olaraq da ələ keçirdi. Bu halda da həmin silahların qeydiyyatı aparılmırdı. Ölkəmizdə qanunsuz silahların çox olması prosesi məhz bu amillərlə bağlı ola bilər. Amma bu günə qədər aparılan tədbirlər nəticəsində qanusuz silahlar da xeyli dərəcədə azalıb. Ölkəmizdə qanunsuz silah məsələsi geniş miqyaslıdırsa, yəqin hansısa stimullaşdırıcı tədbirlər görməklə məsələnin həllinə nail olmaq mümkündür".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs