news Image
2012.07.24
12:19
| A A A
Neft Fondu xaricdə çoxsaylı ofislər alır
Şahmar Mövsümov: "Dövlət Neft Fondunun vəsaiti hesabına 7 tona yaxın qızıl alınıb"

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya yatırmaq niyyətindədir. Bunu ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov bildirib. Onun sözlərinə görə, Fondun 2012-ci ilin siyasətinə əsasən, ARDNF-nin vəsaitlərinin maksimum 5 faizi daşınmaz əmlaka investisiya yatırıla bilər. "Fond ilkin mərhələdə Avropa və Asiyanın mərkəzi şəhərlərində yerləşən ofis tipli daşınmaz əmlaka investisiya qoymağı planlaşdırır. Cari ilin əvvəlindən etibarən daşınmaz əmlak bazarının öyrənilməsi məqsədilə ARDNF-in əməkdaşları London, Paris, Roma, Moskva və İstanbul şəhərlərinə səfər edərək, müxtəlif daşınmaz əmlak şirkətləri ilə görüşlər keçiriblər. Eyni zamanda həmin şəhərlərdə müxtəlif daşınmaz əmlak obyektlərinə baxılıb. Bununla yanaşı, hüquq məsləhətçiləri ilə birgə səmərəli hüquq-vergi strukturunun qurulması üzərində işlər aparılır. Hazırda London, Paris, Roma, Moskva və İstanbul şəhərlərindən əlavə olaraq, Sinqapur, Malayziya və İndoneziya kimi ölkələrin mərkəzi şəhərlərində də müxtəlif daşınmaz əmlak obyektləri nəzərdən keçirilir", - Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, hazırda Dövlət Neft Fondu vəsaiti hesabına 7 tona yaxın qızıl alınıb. O qeyd edib ki, Fondun vəsaiti hesabına bu ilin sonuna kimi 7,5 ton qızıl alınacaq. Ümumilikdə, Neft Fondu 2012-ci ilin birinci rübündən etibarən qızılın alınmasına başlayıb. Onun sözlərinə görə, qızıl müvəqqəti olaraq London banklarında saxlanılır.

"Qızılın Azərbaycana gətirilməsi üzrə iş gedir. Payızda qızıl Azərbaycana gətiriləcək", - Şahmar Mövsümov deyib. 2012-ci ildə Fondun vəsaitinin istifadə edilməsinin əsas istiqamətləri proqramına (İnvestisiya siyasəti) əsasən, ARDNF-nin vəsaitlərinin bu il üçün qızıla investisiya edilə bilən miqdarı investisiya portfelinin maksimum 5 faiz həddində müəyyən edilib. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan qızılın ümumi miqdarının (təqribən 30 ton) mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılır.

ARDNF tikilməkdə olan yeni inzibati binası barədə son zamanlar mətbuatda yayılan yanlış məlumatlara dair rəsmisi açıqlama verib.

Şahmar Mövsümov bildirib ki, ARDNF bütün fəaliyyət istiqamətlərində daim şəffaflıq prinsiplərinə riayət edir. Onun sözlərinə əsasən, Fonda dair bütün mühüm informasiyaların təşkilatın rəsmi veb-səhifəsində yerləşdirilməsi təmin edilir. İcraçı direktor vurğulayıb ki, ARDNF Fonda ünvanlanan bütün sorğulara malik olduğu informasiya çərçivəsində cavab verməyə hazırdır.

"ARDNF həyata keçirdiyi bütün satınalma prosedurlarını "Dövlət satınalmalar haqqında" və digər müvafiq qanunlara uyğun olaraq həyata keçirir. Lakin son zamanlar Fondun şəffaf fəaliyyətinə kölgə salmaq istəyən şəxslər tərəfindən qurumun fəaliyyətinin müxtəlif istiqamətləri üzrə "araşdırmalar" aparılır, sorğular ünvanlanır, lazımi informasiyalar detalı şəkildə əldə edilir və sonda bu informasiyalar ictimaiyyətə səhv və təhrif edilmiş şəkildə təqdim edilir. Məsələyə qeyri-peşəkar şəkildə yanaşma nəticəsində "araşdırma"nı həyata keçirənlər tərəfindən reallığı əks etdirməyən tamamilə təhrif edilmiş faktlar yayılır. Məsələn, Fond tərəfindən 2,6 milyon avro kimi təqdim edilən rəqəm, müəlliflər tərəfindən 26 milyon avro kimi açıqlanıb, layihənin idarə edən və məsləhətçi şirkətlə layihə axtarış işləri üzrə cavabdeh olan şirkət eyniləşdirilib. ARDNF bu cür yanlış və səhv məlumatların bir sıra KİV-də açıqlanmasına və bu cür qeyri-peşəkar istinadlara təəssüf edir", - Ş.Mövsümov deyib.

O bildirib ki, KİV-də bu işlərə ən azından rəqəmlərdən və terminlərdən anlayışı olan insanların cəlb olunmasını məqsədəuyğun hesab edir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs