news Image
2012.07.26
12:58
| A A A
Sürücülər yenə dayanacaq problemi yaradırlar
Namiq Həsənov: “Bütün avtostansiyalar, avtovağzal hamısı pasportlaşdırılır” Natiq Ələkbərov: “Müəyyən istisnalar nəzərə alınmasa, ümumiyyətlə, artıq bu istiqamətdə sabitləşmə getməkdədir”

Məzahir Rüstəmov: "Sərnişinə istədiyi yerdə düşmək sərf etdiyi üçün günah sürücü və sahibkardadır" 

Sərnişindaşımada hələ də özünü göstərən problemlərdən biri də avtobusların dayanacaqdan kənarda saxlama hallarıdır. Həm sərnişinlər, həm də sürücülər tərəfindən vərdiş halını almış bu hərəkət paytaxtın mərkəzində qismən də olsa tənzimlənib və vəziyyət yaxşılığa doğru dəyişir.  Bəzi istisnaları nəzərə almasaq bu gün Bakı şəhərində avtobusların dayancaqdan kənarda "min-düş" prosesini həyata keçirmələrinə az təsadüf olunur. Kənar yerdə saxlamağa görə inzibati şəkildə cəzalar nəzərdə tutulsa da, bu kimi hallar Bakı ətrafı yerlərdə hələ də qalmaqdadır.

Nəqliyyat Nazirliyinin mətbuat xidmət rəhbəri Namiq Həsənov vəziyyətlə əlaqədar bildirdi ki, bu gün bununla bağlı sərt tələblər və normativ qaydalar var: "Biz ümumiyyətlə indi "dayancaqdan dayanacağa" prinsipi ilə işləyirik. Dayancaqdan kənarda saxlamaq bütün hallarda qanun pozuntusu sayılır. İstər şəhər daxilində, istərsə də regionlarda olsun, müəyyən olunmuş dislokasiya nöqtələri var. Sürücülər də avtobusları orada saxlamalıdırlar. Ona görə də bu kimi halların aradan qaldırılması istiqamətində tərəfimizdən həmişə işlər aparılır. Biz hələlik Bakı şəhərini qaydaya sala bilimşik. İndi də bu proseslər regionlarda gedəcək. Yəni, bütün avtostansiyalar, avtovağzal hamısı pasportlaşdırılır. Hətta uzaq istiqamətlərə gedən avtobuslar da müəyyən olunmuş dayanacaqlarda saxlayacaqlar".

Nəqliyyat sahəsi üzrə ekspert Natiq Əlkbərov da son üç ildə dayanacaqlarla bağlı müvafiq orqanların, xüsusən Nəqliyyat Nazırliyinin xeyli dərəcədə iş gördüyünü bildirir: "Ümumiyyətlə, dayanacaq olmadığı, nəqliyyatın dağınıq, harda gəldi saxlama vəziyyətində işlədiyi bir dövrə baxdıqda  indi vəziyyət çox fərqlidir. Əlbət ki, iş başlayanda mərkəzdən başlamalıdır. İndi mərkəzdə müxtəlif nizamlı dayancaqlar var. Şəhər ətrafına doğru da artıq bu genişlənməkdədir. Artıq sürücülər də müəyyən qədər dayancaq qaydalarına əməl etməyə başlayıblar. Müəyyən istisnalar nəzərə alınmasa, ümumiyyətlə, artıq bu istiqamətdə sabitləşmə getməkdədir. Yəqin ki, arzu olunan mərhələyə də gəlib çatacayıq. Odur ki, şəhər ətrafında da dayancaq probleminin həll ediləcəyini gözləmək olar. İndi vəziyyət hansı yerdə olmasını konkret olaraq Nəqliyyat Nazirliyi deyə bilər. Amma biz də müşahidə edirik ki, qoyulmuş dayanacaqlar avtobus maşurutları üzrə bütün dayancaqları əhatə etmir. Xüsusən də şəhər ətrafına işləyən maşurutlarda dayancaqlar müəyyən qədər azdır. Yəni, bu dayanacaqlar sona qədər qoyulmayıb".

Ekspertin sözlərinə görə, bundan çıxış yolu kimi təbliğatı genişləndirmək lazımdır: "Sürücülər harada sərnişin gördülər, orada saxlamağa vərdiş etmişdilər. Vaxt var idi ki, vəziyyət belə idi. Amma indi görürük ki, sürücülər, xüsusən şəhərin mərkəzində dayancaqdan kənarda saxlamaqdan çəkinirlər. Çünki, bunun inzibati məsuliyyəti var".

Digər nəqliyyat eksperti Məzahir Rüstəmovun sözlərinə görə, bu gün nəqliyyat sahəsində elə problemlər var ki, o problemlərin aradan qaldırılmaması digər böyük problemin yaranmasına səbəb olur: "Bu problemlərin aradan qaldırılması üçün istər dövlət, istərsə də ictimaiyyət tərəfindən mütləq təpkilər olmalıdır. Sürücülər də azacıq problemin üzərinə əlavə problemlər gətirərək kobud problemlər yaradırlar. Bununla da təhlükəli idarəetmələr, tıxaclar kimi hallar əmələ gəlir. Dayancaqda yer olmadığı üçün digər avtobuslar küçənin ortasında saxladığı hallar olur. Bu limit məsələləsidir. Bir yol üzrə bütün nömrəli avtobuslar qrafiklə elə tənzimlənməlidir ki, eyni vaxt ərzində ikinci, üçüncü avtobusun dayanmasına yol verilməməlidir. Burada aidiyyatı qurumlar istər "ağıllı idarəetmə sistemi"ni, istərsə də öz müfəttişləri tərəfindən tənzimləməni elə qurmalıdırlar ki, problemlər aradan qalxa bilsin".

Məzahir Rüstəmov qeyd edir ki, gün ərzində avtobusa yüzlərlə sərnişin minir: "Amma sürücü tək bir nəfərdir. Ona görə də tək bir nəfəri maarifləndirmək daha əlverişlidir. Sürücü xəttə başlayarkən o qarşısına qoyulan təlimata uyğun olaraq maşını idarə etməlidir. Sürücü yol boyu bütün prosesləri yalnız qaydalar çərçivəsində aparmalıdır. Dayancaqdan kənarda saxlamamalıdır. Əgər saxlayarsa, o qaydalarla cəzalandırılmalıdır ki, sonrakı günlərdə buna yol verməsin. Bunun nəticəsində bütün sürücülər də dərs almış olacaqlar. Sürücü ikinci dəfə bu hadisəni təkrarlayırsa, o sürücü xətdə işləməməlidir. İşin o biri tərəfi də odur ki, sürücünün hüquqları sahibkarlar tərəfindən pozulduğundan işlər artıq qaydalarla yox, münasibətlərlə tənzimləndiyinə görə nəqliyyatda belə problemlər yaşanır. Bu işlər münasibətlərlə yox, qaydalarla tənzimlənməlidir. İncə problemlərdən qlobal problemlər məhz buradan yaranır. Sərnişinə istədiyi yerdə düşmək sərf etdiyi üçün günah sürücü və sahibkardadır".

Mübariz Bayramov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs