news Image
2012.07.27
14:08
| A A A
Banklar lombard fəaliyyətinə daha çox üstünlük verməyə başlayırlar
Xalid Mikayılov: “Banklar özlərini riskə atmamaq üçün lombard kreditlərinə meyllərini artırıblar” Ruslan Atakişiyev: “Əsas təsirlərdən biri ondan ibarətdir ki, kiçik və orta biznes kredit almaqda artıq çətinliklərlə qarşılaşa bilər”

Bu gün həm dünya, həm də Azərbaycanın iqtisadiyyatında bank sektoru önəmli yer tutur. Bankların 200 - ə qədər xidmətləri olsa da, Azərbaycan banklarında əsasən kreditlərin verilməsi prosesi aktivdir. Kreditlər də növünə görə müxtəlif cür olurlar. Son zamanlar isə ölkəmizdə bankların lombard kreditinə meyllənmələri müşahidə olunmaqdadır. İqtisadçı ekspertlər bankların bu cür kredit siyasətlərinin artırmalarını yarana biləcək risklərin azaldılması kimi qiymətləndirirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin əməkdaşı, iqtisadçı-ekspert Xalid Mikayılov son zamanlar bankların lombard kreditlərinə meyl etmələrinin əsas səbəbinin təminatla bağlı olduğunu bildirir: "Yəni, banklar özlərini riskə atmamaq üçün daha təminatlı və likvid aktivlər hesab olunan qızıl vəsaitlərinin və digər qiymətli daş-qaşların girovu altında kredit verməyə üstün tuturlar. Digər tərəfdən bunları əsasən zəif kapital bazası olan, bazardakı payları o qədər də güclü olmayan banklar təşkil edir. Onlar əsasən valyuta mübadiləsi və lombard kreditləri vasitəsi ilə öz gəlirlərini artırmağa çalışırlar. Lakin lombard kreditləri qızıl girovu altında verildiyi üçün onlar kreditin məbləğinə bərabər olmalıdır. Yəni, bu da praktiki olaraq insanların kredit götürmələrinin qabiliyyətini aşağı salır. Bunu nəzərə alsaq, bütün istehlakçıların bu şərtləri ödəmək imkanı yoxdur. Yəni, insanlar üçün zaminli kreditlər daha məqbul hesab olunur. Çünki insanlar öz yaxınlarını zamin kimi cəlb etməklə kredit götürə bilirlər. Amma lombard kreditləri bu şərtləri ödməkdə çətinliklər törədir".

Ekspertin sözlərinə görə lombard kreditlərinin böyük əksəriyyətini kiçik həcmli - 1000 manatdan 5000 manata qədər olan kreditlər təşkil edir. Bankların bu kreditlərə üstünlük verməsi həm də məcmu tələbi azaldır. Məcmu tələbə isə dövlət investisiyaları və əhalinin istehlak xərcləri daxildir. Bu məcmu tələbi azaltdığı üçün ölkədəki iqtisadi artıma da mənfi təsir göstərir. Ona görə də kiçik həcmli istehlak kreditlərinə üstünlük verilməsi məcmu tələb baxımından məqbul sayıla bilməz. Digər tərəfdən Azərbaycanda məcmu tələbin əsas hissəsini dövlət investisiyaları təşkil etdiyi üçün bu, o qədər də hiss olunmur. Yəni, bu fərq dövlət investisiyaları vasitəsi ilə kompensasiya edilir. Lakin getdikcə həm də bank kreditləşməsinin bu sahədə rolunun artırılmasına ehtiyac var. Yəni, bütün ölkələrdə adətən böhran dövründə federal ehtiyat sistemi banklar üçün nəzərdə tutulan mərkəzləşmiş faiz dərəcələrini 1-2 faiz aşağı endirməklə ölkədə iqtisadi artımı stimullaşdırmış olur. Faktiki olaraq sahibkarların və əhalinin daha çox və aşağı faizlə kredit götürmə imkanları artır ki, bu da məcmu tələbin artmasına səbəb olur. Bu isə sonda ölkədə iqtisadi artım templərinin yüksək olmasına səbəb olur. Bu baxımdan yanaşdıqda bankların lombard kreditlərinə meyl etməsi o qədər də məqbul deyil".

Xalid Mikayılov onu da qeyd etdi ki, lombard kreditlərinin çoxalmasında həm də bankların özlərinin daxili problemləri onları bu işə vadar edir: "Yəni, banklar digər bank xidmətlərini göstərməyə o qədər də meyl etmirlər. Çünki digər bank xidmətləri daha çox sənədləşmə, müddət tələb edir. Lakin lombard xidmətləri qısa zaman və qısa sənədləşmə tələb edir. Digər tərəfdən də yüksək gəlir gətirir. Ona görə də banklar bu tipli sövdələşmələrə üstünlük verirlər. Beynəlxalq praktikada banklar çoxsaylı xidmət növü göstərirlər. Lakin Azərbaycanda əsasən valyuta mübadiləsi, lombard-kredit, depozid, depozid və hesablaşma kassa xidmətləri bankların təklif etdiyi xidmətlər arasında üstünlük təşkil edir. Yəni, banklar öz qəfəs işçilərini artırmaq üzərində işləmək əvəzinə daha çox ənənəvi bank xidmətləri göstərməklə öz işlərini bitmiş hesab edirlər".

Ölkəmizdə lombard kreditlərinin aktivləşməsini İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri iqtisadçı-ekspert Ruslan Atakişiyev bu cür izah edir: "Azərbaycan Respublikası "Banklar haqqında" qanunvericiliyə görə, banklar birbaş lombard sahəsi ilə məşğul ola bilməzlər. Lakin bank lombard müəssisəsi açıb, öz aktivlərini orada yerləşdirə bilər. Ölkəmizdə bankların lombard kreditlərinin meyllənmənin səbəblərinə gəlidkdə isə bu 2008-ci ildə dünyada baş verən iqtisadi böhran və onun davam etməsi ilə bağlıdır. 2008-ci ilə qədər Azərbaycan iqtisadiyyatında böyük artım var idi. Bu da əhalinin maliyyə imkanlarının yüksəlməsinə təsir edirdi və əhalinin də banklardan kredit alınmasını artırırdı. Lakin iqtisadi böhrandan sonra banklarda kreditlərin verilməsi və qaytarılması ilə bağlı müəyyən problemlər yarandı. Bunun da nəticəsində bankların bu kimi kreditlərin verilməsində maraqlarının azalmasına görə onlar öz aktivlərini daha çox lombard müəssisələrində verməyə meyl etdilər. Bu da tendensiya xarakteri daşımağa başlayır. Lombard müəssisələri açıb, onun çərçivəsində aktivlərin verilməsi əslində bank sektorunun və əhalinin kredit qabiliyyətinin azalması ilə bağlı olaraq cavab reaksiyasıdır".

Ekspert bildirir ki, ümumiyyətlə bankların bu şəkildə kredit verməsi bir sıra təsirlərə gətirib çıxara bilər: " Əsas təsirlərdən biri ondan ibarətdir ki, kiçik və orta biznes kredit almaqda artıq çətinliklərlə qarşılaşa bilər. Yəni, banklarda kreditin əl çatanlılığı azalacaq. Həmçinin kreditlərlə bağlı olan prosedurların da çətinləşməsinə gətirib çıxara bilər. Amma bu növ kredit ümumilikdə bank sektoruna mənfi təsir göstərməyəcək".

Mübariz Bayramov

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs