Əlaqə Arxiv
news Image
2012.07.27
15:24
| A A A
Tikinti materiallarına görə fərdi evlər bahalaşır
Rövşən Talıbzadə: “Bu artımın səbəbi mövsümi amillər və “Eurovision”la bağlıdır” Natiq Cəfərli: “Ən çox qiymətlərin artımı fərdi evlərdə görünə bilər”

Cari ilin əvvəlindən tikinti materiallarının bəzilərinin qiymətlərində bahalaşmalar müşahidə olunmaqdadır. Amma bahalaşma ilə yanaşı bəzi materialların qiymətlərində keçən dövrlərə nisbətən ucuzlaşmalar da var. Zamanca dəyişən bu qiymətlər isə əsasən mövsümlə əlaqədar olduğundan yay fəslinin gəlməsi də bəzi tikinti materiallarının qiymətini artırıb.

Ekspertlər isə tikinti sahəsindəki bu qiymət oynamalarının müəyyən səbəblərlə bağlı olaraq keçici olduğunu bildirirlər. Əmlak Bazarı İştirakçıları Birliyinin əməkdaşı Rövşən Talıbzadə bildirir ki, keçən ay ərzində bəzi tikinti materiallarında, xüsusən də şüşə materialında qiymət artımı baş verib: "Bu artımın da səbəbi mövsümi amillərlə bağlıdır. Həm də bu ilin may ayında "Eurovision"la bağlı müəyyən maşınların ölkəmizə daxil olmasında məhdudiyyətlər var idi. Qiymətlərin artması onunla da bağlı ola bilər. Amma iyun ayında həmin artan qiymətlər düşdü. İkinci tərəfdən də yay ayları mövsümi aylardır. Adətən, bu aylarda həm rayonlarda, həm də paytaxtda tikintinin canlanması baş verir. Tikinti materiallarının da əksəriyyəti rayonlara daşındığından qiymətlərdə fərqlər ola bilir. Amma hansısa materialın qiymətinin kəskin şəkildə artmasını demək olmaz".

Ekspert bildirir ki, qiymətlərin qalxmasının bina evlərinin qiymətinə təsiri azdır: "Çünki, yeni tikilən binalar artıq 2008 - ci ilə kimi tikilmiş binalardır. Həmin vaxtlarda da tikinti materiallarının qiymətləri pik həddə olub. Həmin vaxt armaturun tonu 1200 manat idi. İndi bina evlərinin qiyməti arta bilməz. Çünki, indi armaturun tonu təqribən 800 manatdır. Mövcud olan qiymətlərdə həmin o armaturun qiyməti öz əksini tapır. Ona görə də indiki vəziyyətdə yeni tikilən binalarda qiymət artımı ola bilməz. Amma bundan sonra tikilən tikililərdə qiymətlərin oynaması ola bilər". Rövşən Talıbzadə onu da əlavə etdi ki, son 6 ayın yekunları arxada qalan müddət ərzində tikinti materiallarının qiymətlərində kəskin fərqlərin müşahidə olunmadığını deməyə əsas verir: "İstər dəmir, istər taxta, istərsə də mədən məhsullarında qiymətlər mövsümi amillərdən asılı olaraq cüzi artıb-azalıb. May ayında artmış qiymətlərdə iyun ayında düşmələr müşahidə edilir. Amma əsasən idxal məhsulu olan dəmir və taxta məmulatlarının qiymətlərində cüzi enmələr baş verib. Armaturun tonu 780 manat idisə, indi 775 manat olub, taxta keçən ay 225 manat idisə, indi 220 manatdı. Gələn ay isə yenidən dəyişmələrlə keçinəcək. Amma ümumilikdə qiymətlərdə stabillik var. Digər cəhət də ondan asılıdır ki, dinamikada da bir növ süstləşmə var. Tikintidəki canlanma olsa da bunlar ötən illərdəki kimi canlanma deyil. Bu il nisbətən süstlük meylləri var. Bu da bazardakı qiymətlərin aktivliyinə təsir edir".

İqtisadçı-ekspert Natiq Cəfərli də tikinti materiallarında qiymət artımlarının bu ilin yanvar ayından başlandığını vurğulayır: "Bunun əsas səbəblərindən biri dövlət büdcəsi hesabına çoxlu təmir-tikinti işlərinin aparılması ilə bağlıdır. Həm şəhərimizdə "Eurovision"la bağlı son tamamlama işləri gedirdi, həm də ümumi təmir-tikinti işlərinə ölkə üzrə büdcədən 6 milyarda yaxın vəsait ayrılıb. Bu isə təbii ki, tikinti materiallarının qiymətində özünü büruzə verməli idi və verdi də. Bir də ki, bizim əsas tikinti materialı aldığımız Rusiyanın özündə də qiymət artımı baş verib. Bu da bizim daxili bazarda qiymətlərə təsirini göstərməyə bilməzdi".

Natiq Cəfərlinin sözlərinə görə qiymətlərin bahalaşması ümumiyyətlə bütün tikinti sahəsində hiss olunacaq: "Amma ən çox qiymətlərin artımı fərdi evlərdə görünə bilər. Çünki, tələbatın az olduğuna görə bu dəqiqə yeni tikilmiş binalarda satış əvvəlki illərə nisbətən çox durğun vəziyyətdədir. Bu isə yeni tikilən binalarda qiymət artımının çox cüzi olacağını proqnoz verməyə əsas verir. Amma ölkədə əsasən fərdi tikililərdə və təmir işlərinin maya dəyərinin artması gözlənilir".

Mübariz Bayramov

Sizin Reklam Yeriniz