Əlaqə Arxiv
news Image
2012.07.29
11:29
| A A A
Dilimizin problemləri müzakirə edildi

Movqe.Az xəbər verir ki, AMEA-nın Rəyasət heyətinin binasında dilçi alimlərin KİV nümayəndələri ilə birgə iclası keçirildi. Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Kamal Abdulla tədbirin mahiyyətindən danışdı. Onun sözlərinə görə, bu iclas prezidentin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nın icrası zamanı ortaya çıxan bir çox problemlərin həll edilməsində əhəmiyyətli olacaq: "23 may 2012-ci ildə ölkə prezidenti bu proqramın icrası ilə bağlı sərəncam verdi. Ondan dərhal sonra, iyunun 1-də AMEA-nın sərəncamı qüvvəyə mindi. Bu qərara əsasən "Hunaitar və ictimai elmlər" bölməsi işçi qrupu yaratmalı idi. Yaratdığımız işçi qrupu müxtəlif sahələri əhatə edən ayrı-ayrı şəxslər və qurum nümayəndələri ilə görüşlər keçirdi, fikir mübadiləsi apardı." Natiqin fikrincə KİV nümayəndələri ilə reallaşdırılan bu iclas 5-ci görüşdür: "İlk belə görüş AMEA-da çalışan alimlərlə oldu. Müxtəlif sahələri əhatə edən bu şəxslər öz fikirlərini bizimlə bölüşdülər. İkinci belə görüşümüz təbii ki, AMEA-nın rəyasət heyəti ilə keçirildi. Onların da fikirlərini öyrənmək bizim üçün maraqlı idi. Növbəti müzakirələrimiz millətr vəkilləri ilə oldu. Onlar da bu məsələdə müəyyən fikirlər irəli sürdülər. Müxtəlif dövlət və hükumət qurumlarının nümayəndələri, hətta Mənzil Komunal İstismar Sahələrinin rəhbərləri ilə də görüşlərimiz olub. İndi isə media nümayəndələrini dinləməyə hazırıq."

Daha sonra söz media nümayəndələrinə və qəzet redaktorlarına verildi. İlk çıxış edən millət vəkili, "Azərbaycan" qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov medianın dil probleminin dərin olduğunu və keçmişdə olduğu kimi indi də bu problemlərə nəzarət etmək üçün müəyyən qurumların yaradılmasının vacibliyini vurğuladı.

Mətbuat Şurasının sədri Əflatun Amaşov isə dil məsələsinin hər zaman gündəmdə olduğunu və MŞ-nın tərkibində dil komissiyasının yaradıldığını bildirdi: "Mətbuat Şurasının tərkibində dil komissiyası var və millət vəkili Bəxtiyar Sadıqov onun rəhbəridir. Biz ildə bir neçə dəfə müxtəlif qrammatik və leksik səhvlərə yol verən qəzetlərin adlarını açıqlayırıq."

Bakı Dövlət Universitetinin Jurnalistika fakulətsinin dekanı Şamil Vəliyev ölkə mediasında dilimizin normaları ilə bağlı problemlərin olduğunu etiraf etdi. Onun sözlərinə görə bu problemlərin olmaması üçün orta məktəblərdə dilimiz uşaqlara yaxşı öyrədilməlidir.

BDU-nun müəllimi Zeynal Məmmədli isə başqa bir məsələyə toxundu. Z. Məmmədli hesab edir ki, jurnalist üçün əsas informasiyanın ünvana düz və tez çatmasıdır: "Mən 1991-1992-ci illərdə ölkədə çıxan iki əsas qəzetin istifadə etdiyi sözlərin sayını müəyyən etmişdim. Hələ o vaxt, texnika və texnologiyanın bu qədər inkişaf etmədiyi bir zamanda "Azərbaycan" və "Azadlıq" qəzetləri təkrarlanmayan və sinonimi olmayan 650-850 sözdən istifadə edirdilər. Amma ötən il mən bu araşdırmaı təkrar etdim və alınan nəticəyə görə ölkənin ən çox oxunan media orqanlarında 250-400 sözdən istifadə edilir."

Digər çıxış edənlər də mövzunun nəyinki media, bütün Azərbaycan üçün aktual olduğunu vurğuladılar. Sonda belə tədbirlərin təşkil edilməsinin əhəmiyyəti qeyd edilrək, davamlı olacağı deyildi.

Sizin Reklam Yeriniz