news Image
2012.08.02
08:17
| A A A
Bakının Sovet binalarının lift dərdi
Paytaxtda sovetlər dönəmində inşa olunan bir sıra çoxmərtəbəli binalarda liftlərin işləməsi hələ də problem olaraq qalır

Paytaxt Bakını bəzəyən çoxmərtəbəli binaların sayının artması bir tərəfdən inkişafın göstəricisi kimi çıxış etsə , digər tərəfdən müəyyən problemlərin mənbəyi kimi çıxış edir. Əsasən kommunal sferada. Məlumdur ki, müvafiq dövlət komissiyası tərəfindən qəbul olunmadığı üçün çoxmərtəbəli binaların xeyli hissəsi hələ təbii qazla təmin olunmur.

Bu isə problem olaraq hər qış özünü daha qabarıq formada büruzə verir. Həmçinin, paytaxtın  su kanalizasiya sistemi üçün belə binaların müəyyən problemlər yaratması heç kimə sirr deyil.

Ancaq problemlər təkcə yeni inşa olunan çoxmərtəbəli binalarda özünü göstərmir. Sovetlər dönəmində inşa olunan çoxmərtəbəli binalarda da elə problemlər mövcuddur ki, onlar günümüzdə aktuallığını qoruyub saxlamaqdadır. Məsələn, belə binaların fasadlarının təmiri, tüstü bacalarının təmizlənməsi problemi getdikcə aktuallaşır. Bundan başqa, o da danılmaz həqiqətdir ki, sözügedən binalarda lift məsələsi az qala ənənə halını alan bir problemə çevrilib. Hətta elə binalar var ki, burada liftin axırıncı dəfə vaxt işləməsini belə unudublar.

Yaranmış vəziyyət göstərir ki, adətən, belə bina sakinləri özləri  pul yığıb lifti  düzəltdiriblər. Lakin belə təmirlərin ömrü uzun olmur. Liftlərin istismar müddəti bitdiyindən onların ya əsaslı təmir olunması, yada dəyişdirilməsi tələb olunur ki, buna da böyük miqdarda vəsait lazımdır. Problem özünü əsasən, sovetlər dönəmində inşa edilən korporativ mənzillərdə göstərir.

Bakı Lift İdarəsi isə bəyan edir ki, 3 ildən artıqdır liftlərin təzələnməsi prosesi gedir. Hələlik dövlət balansında olan binalar liftləşdirilir. Sovet dönəmində kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsi isə növbəti mərhələdə həyata keçiriləcək.

Bakı Lift İdarəsindən onu da bildirirlər ki, əksər hallarda lift xarab olanda, bina sakinləri özləri müdaxilə edirlər, yada kənardan usta çağırırlar. Buisə sonradan həmin liftlərin bərpasını mümkünsüz edir. Kooperativlər tərəfindən inşa edilmiş binalarda liftlərin təzələnməsinin vaxt baş tutacağı isə hələ dəqiq bilinmir.

Yalnız bir o məlumdur ki, Bakıda Sovet dövründə inşa edilmiş çoxmərtəbəli binalardakı liftlərin əksəriyyəti istismar müddətini çoxdan başa vurub. Buisə öz növbəsində çox ciddi fəsadlara gətirib çıxara bilər.

Xatırladaq  ki, mənzildə qeydiyyatda olan hər kəsə görə aylıq lift pulu 20 qəpikdir. Bununla belə qeyd olunur ki, bəzən sakinlər lift pulunu vaxtında ödəmir onların əksəriyyətinin aylarla yığılıb qalan borcu var. Ona görə onlardan pul adambaşı 20 qəpikdən yox, daha çox tələb olunur. Məqsəd sakinlərin yığılıb qalmış borclarını ödəmələrinə nail olmaqdır. Onu da qeyd edək ki, ölkəmizdə bir liftin istismar müddəti normaya görə 25 iltəyin edilir.

Araşdırmalara görə isə hal-hazırda Bakı şəhəri üzrə 25 ildən artıq istismarda olan liftlər mövcuddur. "Bakı Lift-Təmir" İstehsalat Birliyi bəyan edir ki, 25 ildən artıq istismarda olan liftlər hər il yoxlanılır. Burada o da bildirilir ki, aparılan testlərdən sonra onların insan həyatına təhlükəsi yoxdursa, o, yenidən istismara verilə bilər. Fövqəladə Hallar Nazirliyinin xüsusi qurumu var ki, onlar istismara yararsız liftlərin istismarını qadağan edir. Ümumiyyətlə, Bakı şəhərində mövcud olan 5000-dən artıq liftin hamısı Fövqəladə Hallar Nazirliyinin müfəttişləri tərəfindən yoxlanılır müsbət rəy olduqda növbəti 1 ilüçün istismara icazə verilir.

Bu proses hər il təkrar olunur. Aparılan yoxlamalar zamanı istismara yararsız liftlər istismardan çıxarılır. Xatırladaq ki, 2009-cu ildə dövlət başçısının verdiyi sərəncam əsasında, liftlərin təmirinə 10 milyon vəsait ayrılıb. Amma buna baxmayaraq, əhalinin lift problemi hələ qalmaqdadır. Qeyd olunduğu kimi, Bakıda Sovet dövründə inşa edilmiş binaların əksəriyyətindəki liftlərin işləmə müddəti bitib. İstifadə müddəti bitmiş liftlərin  tez-tez xarab olması onlarda yaranan nasazlıqlar vətəndaşların gününü qara əskiyə bükməklə bərabər, onların cibinə mənfi təsir göstərir. Araşdırmalar göstərir ki, paytaxtda ətraf qəsəbələrdəki doqquzmərtəbəli yaşayış binalarında liftlərin çoxu işləmir. Onu da qeyd edək ki, liftlərin nasaz işləməsi bir sıra hallarda faciəvi sonluqla başa çatıb. Son bir neçə ilə nəzər saldıqda aydın olur ki, istismar müddətinı başa vurmuş liftlərdən istifadə zamanı bir neçə sakin həyatını itirib. Liftdən istifadə edərkən onun "trosu"nun qırılması alt hissəsinin qopması vətəndaşların hündür mərtəbələrdən zirzəmiyə düşməsinə, faciəvi şəkildə ölümünə səbəb olub.