Əlaqə Arxiv
news Image
2012.08.10
09:03
| A A A
İndi də elektron ipoteka dövrü başlanır
Xalid Mikayılov: “İlk növbədə bu, prosesdəki bürokratik əngəllərin azalmasına gətirib çıxaracaq” Ruslan Atakişiyev: “Elektron ipoteka regionlarda da müştəri bazasının genişlənməsinə gətirib çıxaracaq”

Məlumdur ki, ipoteka kreditlərinin alınmasında tələb olunan sənədlərin çoxluğu və prosedur qaydalarının çətinliyi əhalinin bu kreditlərə marağını müəyyən qədər azaldır. Lakin yaxın zamanlarda kreditlərin verilməsi şərtlərinin asanlaşdırılması gözlənilir. Bundan əlavə kreditlərin verilməsinin asanlaşdırılması üçün hətta elektron ipoteka sisteminin də tətbiq olunacağına dair məlumatlar dolaşır.

Mütəxəssislər də elektron ipoteka sisteminin əhali üçün səmərəli olduğunu vurğulayırlar. İqtisadçı-ekspert Xalid Mikayılov qeyd edir ki, bütün ölkələrdə elektron hökumətə keçid getməkdədir: "Elektron ipoteka kreditlərinin müsbət tərəfləri çoxdur. İlk növbədə bu, prosesdəki bürokratik əngəllərin azalmasına gətirib çıxaracaq. Əsasən bu da prosesdə insan faktorunun azalması ilə baş verəcək. Digər tərəfdən elektron ipoteka əhali tərəfindən ipoteka kreditlərinə marağın artmasına səbəb olacaq. Bununla belə ipoteka kreditlərinin həm də elektron sistemdə verilməsi bu prosesə nəzarət baxımından da önəmli rol oynayır. Yəni, Mərkəzi Bank bu proseslərə daha təkmil nəzarət edə biləcək. Hətta burada müraciətlərin qruplaşdırılması və növbəliyin təmin olunması mümkün olacaq. Həm də elektron ipotekanın tətbiqi bu prosesə sərf olunan vaxtı azaldacaq. Bu da kreditləri insanlar üçün daha əlçatan edəcək".

Amma ekspert bildirir ki, ipoteka kreditlərinə marağın artması, ilk növbədə, bu kreditlərin həcminin artırılması ilə bağlıdır: "Çünki ipoteka kreditlərinin hazırdakı həcmi tələbə uyğun deyil. Yəni, tələb çoxalsa da ipoteka kreditlərinin həcmi çox azdır. Bu baxımdan təklif tələbi ödəmədiyi üçün ipoteka kreditlərindən əhalinin yararlanması mümkün olmur. Amma elektron ipoteka sistemi insanların marağını artıracaq. Burada həm də sənədlərin sayının azaldılması kimi faktorları da bu prosesə öz töhfəsini verəcək".

Digər iqtisadçı Ruslan Atakişiyev isə qeyd etdi ki, artıq bir sıra sahələrdə dövlət tərəfindən həyata keçirilən xidmətlər elektronlaşdırılır: "Birpəncərəli sistemlə dövlət əmlakının, şirkətlərin qeydiyyatı proseduru, gömrükdə birpəncərəli sistemin tətbiqini və s. misal kimi göstərmək olar. Bunlarla bərabər həm də ipoteka kreditlərinin verilməsi ümumilikdə Azərbaycanda elektron hökumətin qurulması istiqamətində qəbul olunmuş dövlət proqramının bir hissəsidir. İpotekanın elektron şəkildə həyata keçirilməsi Azərbaycan üçün bir sıra əhəmiyyəti olacaq. Burada ən əsas məsələlərdən birincisi vaxta qənaət olunması baş verəcək. Bu gün ipoteka vəsaitinin alınması üçün müvəkkil banklara müraciət edirlər. Burada isə proseduranı öyrənir, sənədləri doldururlar. Bundan sonra da bu sənədləri müvəkkil bank toplayaraq Azərbaycan İpoteka Fonduna təqdim edir. Sonda da qərar qəbul olunaraq ona vəsait verilir. Ona görə də bu prosesləri elektron yolla həyata keçirmək vaxta xeyli qənaətçilik yaradacaq. Elektron xidmət vasitəsi ilə müştərilər sənədləri birbaşa kompyuter vasitəsi ilə dolduracaq. Bu vaxtı da hansısa əməkdaşla təmasın olması, digər mövcud mənfi hallarla qarşılaşma aradan qalxacaq".

Ekspet bildirir ki, burada həm də vəsaitlərə qənaətçilik olacaq: "Belə ki, kreditlərin verilməsi vaxtı müvəkkil bank müəyyən bir işçi heyətini bu prosesə təhkim edir. Bu zaman da onlara əlavə maaşların verilməsi kimi hallar ortaya çıxır. Həmçinin müştərilər də banklara getmək və başqa xərclərlə qarşılaşırlar. Elektron ipoteka bu vəsaitlərin qənaətinə gətirib çıxaracaq. Müştərilər elektron üsulla sənədləri doldurduqda həm vaxta, həm də xərclərinə qənaət etmiş olacaqlar. Bununla yanaşı, burada müştərilərin işinin uzadılması halları da aradan qalxacaq. Elektron ipotekada həm də müştəri verdiyi sualları birbaşa elektron vasitəsi ilə ala biləcək. Ən əsası isə elektron ipoteka əlçatanlığı artıracaq. Bu krediti həyata keçirən müvəkkil bankların bəzi ucqar rayonlarda filialları yoxdur. Həmin ucqar yerlərdə bu ipotekaya ehtiyacı olanlar hansısa müvəkkil banklara getməyə məcbur olurlar. Amma indi bir internet xəttinin olması ilə əhalinin həm bu barədə məlumatları, həm də o vəsaitlərə çıxış imkanı daha da genişləndirəcək. Bu da regionlarda müştəri bazasının genişlənməsinə gətirib çıxaracaq".
Sizin Reklam Yeriniz