news Image
2012.08.16
07:43
| A A A
İrandan azərbaycanlılara etinasız münasibət
Rəsmi Tehranın zəlzələ qurbanı olan soydaşlarımıza münasibəti kəskin etirazlar doğurur

İranda güneyli soydaşlarımıza qarşı heç də xoş olmayan münasibət sərgilənməsi, onların hüquqlarının mərkəzi hakimiyyət tərəfindən pozulması heç kimə sirr deyil. Belə demək mümkünsə, Tehran İranda yaşayan azərbaycanlılara etinasız münasibət bəsləyir. Nə qədər qəribə olsa da bu, Cənubi Azərbaycanda baş verən zəlzələ fonunda da özünü göstərir.

Belə ki, İran hakimiyyəti 300-dən artıq adamın ölümülə nəticələnən zəlzələyə saymaz yanaşmaqda ittiham olunur. İddialara görə, dövlət televiziyası fəlakət haqqında ətraflı məlumat verməyib və ali dini lider zəlzələ baş verəndən 30 saat sonra başsağlığı verib.

Bu barədə beynəlxalq mediada, o cümlədən Britaniyada nəşr olunan "The Telegraph" qəzetində, "Reuters" agentliyində yazılar dərc olunub. "The Telegraph" yazır ki, prezident Əhmədinejadın hökuməti baş vermiş zəlzələyə xaotik cavab verməkdə təqsirləndirilir: "İddialara görə, zəlzələdən zərər çəkənlər üçün nəzərdə tutulan çadırlar, "möhtəkirlərin" əlinə düşüb. Şərqi Azərbaycan əyalətinin əsas şəhəri Təbrizdən olan millət vəkili deyib ki, yerlilər yaralıları xəstəxanaya öz avtomobilində aparmağa məcbur ediliblər və Qızıl Xaç tərəfindən göndərilən 8 min çadır zəlzələ zonalarına çatmayıb. Qan donorları üçün çağırışlar ilkin olaraq sosial mediada kommunikasiya edilib və dövlət telekanalı İRİB şənbə günü çox az məlumat verərək, əsasən komediya proqramları və Olimpiya Oyunlarının nümayişinə yer verib".

Qəzet xatırladır ki, ötən həftə Şərqi Azərbaycan əyalətində 6 bal gücündən artıq iki dəfə bir-birinin ardınca baş verən zəlzələlər onlarla kəndi dağıdıb və 16 min adamı evsiz qoyub.

"The Teleqraph" yazır ki, iki nüfuzlu mühafizəkar qəzet "Keyhan" və "Resalat" bu həftə bazar ertəsi nəşrlərində ilk səhifədə fəlakət barədə xəbərlərə yer verməyib. Ali Dini lider Ayətullah Əli Xameneyinin mövqeyini nümayiş etdirən "Keyhan" qəzeti zəlzələ əvəzinə Qərbin Suriyada "gizli planlarına" önəm verib: "Ayətullah Xameneyi bazar gecəsinədək baş sağlığı verməyib, ondan öncə xarici liderlər rəğbət mesajı göndərib və kömək təklif edib. Ali Dini liderin mesajı İran Olimpiya atletlərinə təbrik mesajı dərc olunandan 25 dəqiqə sonra başsağlığı onun saytında yer alıb. Heç kəs dini lideri birbaşa tənqidə cürət etməyib, ancaq zəlzələ sonasına baş çəkmək əvəzinə Səudiyyə Ərəbistanına səfər edən cənab Əhmədinejadın ünvanına İRİB telekanalı çoxlu tənqid yağdırıb. Millət vəkili Nader Ghazupour deyib ki, zəlzələyə münasibət İranın Azərbaycan əhalisinə qarşı diskriminasiyadır. "Bizim azərbaycanlı həyatımız qiymətli deyilmi?" - o, parlamentə müracət edərək soruşub".

Mühafizəkar "Əsr-İran" qəzeti "Cənab Əhmədinejad, hardasan?" başlıqlı yazı dərc etdirib və prezidentin Səudiyyə Ərəbistanında konfransın açılışına iki gün öncədən getməsini sual altına alıb. Təbriz sakinləri və qanunvericiləri də dövlət televiziyasının zəlzələni öncə yetərincə işıqlandırmamasını tənqid edib və bildiriblər ki, məlumatlar zərərin böyüklüyünü tam əks etdirməyib. "Reuters" yazır ki, baş verənlər hökumətin şimal-qərbi İranda çoxu azərbaycanlı türklər olan insanlar haqqında narahat olmaması barədə fikirlərə daha da təkan verib. Təbrizi təmsil edən deputat Əlirza Manadi Safidan isə bildirib: "Yüzlərlə insan dağıntılar altında ikən, telekanallar fəlakəti heç işıqlandırmayıb. Dövlət televiziyası İranın Olimpiadada neçə medal aldığını hesablamaqla məşğul idi. Təbrizdən olan doktor deyib: "Onlar bu hadisəyə heç bir reaksiya verməyiblər".

Dövlət televiziyasının nümayəndəsi isə parlamentdə yalnız bazar günü populyar komediya şousunun yayımlanmasına görə üzr istəyib. Bu arada isə bir qrup azərbaycanlı fəal Təbrizin Heydərabad məhəlləsində zəlzələdən zərərçəkənlərə yardım məqsədilə kampaniya təşkil etsə də, bu polisin və "Bəsic"in (hökumət tərəfdarı könüllülər dəstəsi) etirazına səbəb olub. Onlar xeyriyyə aksiyasını dayandırmağı tələb ediblər. Bu tələblə razılaşmayan azərbaycanlı fəallar "Yaşasın Azərbaycan", " Azərbaycan, başın sağ olsun" şüarları səsləndiriblər. Güclü müqavimətlə qarşılaşan polis və "Bəsic" oradan uzaqlaşmaq məcburiyyətində qalıb. Qeyd edək ki, İran ilk əvvəl Azərbaycan istisna olmaqla, başqa ölkələrdən yardım qəbul etməkdən imtina edib. Lakin sonradan İran vitse-prezidenti Şərqi Azərbaycan vilayətindəki zəlzələ nəticələrinin aradan qaldırılmasında xarici yardımı qəbul etməyə hazır olduğunu bildirib.

Vitse-prezident Məhəmməd Rza Rəhimi ölkənin xaricdən yardım almağa hazır olduğunu qeyd edib. Xatırladaq ki, avqustun 13-də Azərbaycanın Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil edilmiş maşın karvanı İrana yola salınıb.

25 avtomobildən ibarət karvanla qonşu ölkəyə ədyal, çadır və zəruri ərzaq məhsulları aparılıb.

Son məlumata görə İranın dağlıq bölgəsində baş verən yeraltı təkanlarla 100-dən artıq yaşayış məntəqəsi dağıdılıb. İran hakimiyyəti evini itirmiş 50 min adamın yaşayış yeri ilə təmin edildiyini bildirib. Bu arada evlərinə qayıtmağa cürət etməyən minlərlə adamın bayırda gecələdiyi xəbər verilir. Şərqi Azərbaycandakı su anbarında çatların əmələ gəlməsi barədə məlumat hakimiyyət orqanları tərəfindən təkzib edilib. İLNA agentliyi 20 kəndə təhlükə yarada biləcək bəndin zədələnmədiyini bildririb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs