news Image
2012.08.17
07:37
| A A A
Un bahalaşmağa başladı
Paytaxtda unun bir kiloqramının 10 qəpik bahalaşmasına dair xəbərlər yayıldı

Dünyanı bürüyən quraqlıq kontekstində dənli bitkilər bazarında bir ajiotaj yaşandığı aydın müşahidə olunmaqdadır. Elə bununnəticəsidir ki, taxılın, qarğıdalının, soyanın qiyməti dünya bazarlarında yenidən rekord vurur. Buğdanın qiymətində hazırda müşahidə olunan yüksək qiymət səviyyəsi son il yarımda ilk dəfədir baş verir.

Buna qədər ən yüksək qiymətlər 2011-ci ilin fevral-aprel aylarında qeydə alınmışdı. O zaman buğdanın bir tonu 305-315 dollar səviyyəsində dəyişirdi. Ondan sonra buğdanın qiymətində enmə dövrü başlayıb və 218 dollara qədər enib. Bu ilin iyunun ikinci yarısından etibarən isə buğdanın qiymətində ciddi artım baş verib. Ümumiyyətlə, buğda indiyədək ən baha 2008-ci ilin martında satılıb. O zaman buğdanın bir tonu 470-480 dollara satılmışdı.

Qiymət artımı artıq Azərbaycan bazarında da özünü göstərməkdədir. Məsələ burasındadır ki, Bakıda un məhsulunun qiyməti qalxıb. "Salamnyus" portalının apardığı araşdırma nəticəsində məlum olub ki, marketlərdə satıcılar unun qiymətinin son iki gündə qalxdığını bildiriblər. Belə ki, 1 kq unun qiyməti 50 qəpikdən 60 qəpiyə qalxıb. Bunun səbəbi açıqlanmır və unun bu qiymətə satılması tələb olunur. Hazırda satışda "Karmen" markalı unun 1 kisəsinin qiyməti 30 manat təşkil edir.

Ekspertlər onu da xatırladır ki, Azərbaycanda istehsal olunan buğda standartlara cavab vermədiyinə görə son 5-6 ildə ölkənin ərzaq buğdasına olan tələbat Rusiya və Qazaxıstandan idxal olunan buğda hesabına ödənilir. Lakin indi bu, mümkünsüzləşə bilər. Taxıl idxal etmək üçün yeni ölkələrin tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstandan deyil, başqa ölkələrın hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək. Hansı ki, bu həmin məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq. İdxal üçün mənbələrin məhdud olması, yeni mənbələr tapılarsa, təklif edilən məhsulun qiymətlərinin yüksək olması Azərbaycanda buğdanı bahalaşdıra bilər. Buğdanın bahalaşması isə unun qiymətinin bir qədər də artması deməkdir.

Onu da xatırladaq ki, bu ilin iyul ayında hava şəraitinin kəskin pisləşməsi nəticəsində dünyada ərzağın qiyməti kəskin bahalaşıb. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən verilən məlumatına görə, qiymətlərin artımı nəticəsində 2007-2008-ci ildəki ərzaq böhranı təkrarlana bilər. FAO-nun məlumatına görə, qiymət artımının əsas səbəbi dünyanın ərzaq bazarında mühüm yer tutan ölkələrdəki çətinliklərdir, bura Braziliyadakı vaxtsız güclü yağışlar, ABŞ-dakı quraqlıq və Rusiyadakı istehsal çətinlikləri aiddir. Nəticədə, iyul ayında ərzaq ümumilikdə 6 faiz bahalaşıb. Taxılın qiyməti 17 faiz, şəkərin qiyməti 12 faiz yüksələrək növbəti maksimumlara çatıb. Qarğıdalının qiyməti isə 30 faiz-dən çox artıb. ABŞ-da quraqlıq nəticəsində qarğıdalı tədarükü ilə bağlı proqnozların kəskin azalması iyul ayında qiymətləri 33 faiz artırıb. Təşkilatın ekspertləri bildirirlər ki, baş verənlər fonunda 2007-2008-ci illərdəki vəziyyətin təkrarlanacağı ehtimalı yaranır. Bunun baş verməməsi üçün düzgün siyasət aparılmalı və bazara çıxarılan məhsullar məhdudlaşdırılmamalıdır.

Qeyd edək ki, bu ilin əvvəlindən ərzaq qiymətlərinin bahalaşması Mərkəzi və Qərbi Afrikada artıq ərzaq böhranına səbəb olub və 18 milyon əhaliyə təsir edib.

Lakin rəsmi məlumatlara görə, Azərbaycanda da dənli bitkilərin istehsalçı qiymətləri dünya bazarlarından fərqli olaraq ucuzlaşıb. Dövlət Statistika Komitəsindən (DSK) verilən məlumata görə, ötən ay buğdanın istehsalçı qiymətləri 4,1 faiz, yaşıl lobyanın istehsalçı qiymətləri 3,1 faiz ucuzlaşıb. Buğdanın idxalında isə məlumatlara görə, heç bir problem yaşanmayacaq.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin sözlərinə görə, ölkəmizə taxıl Qazaxıstan, Rusiya və Ukraynadan idxal olunacaq: "Dövlətin ərzaq təhlükəsizliyinə dair proqramına görə, 2015-ci ilə kimi ərzaq buğdasına olan tələbat daxili istehsal hesabına tam ödənəcək. Ötən illə müqayisədə buğda istehsalı 1,6 sentner artıb". Onun sözlərinə görə, bu gün Azərbaycanın iqlim şəraiti hektardan 5-6 ton məhsul əldə olunmasına imkan verir. Orta məhsuldarlıq 30-35 sentner təşkil edərsə, daxili istehsal hesabına əhalinin ərzaq buğdasına olan tələbatı tam təmin oluna bilər. Hər halda buğdanın və digər dənli bitkilərin Azərbaycana nə dərəcədə təsir göstərəcəyi qarşıdakı dövr ərzində daha dəqiq müəyyən olunacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs