Əlaqə Arxiv
news Image
2012.04.13
14:47
| A A A
Güneyli soydaşlarımızın hüquqları yenə pozulur
Okeanın o tayında keçirilən iki mühüm tədbirdə İran azərbaycanlıları faktoru əsas diqqət mərkəzində olub İranda yaşayan soydaşlarımızın hüquqlarının pozulması, onlara hətta öz doğma dillərində belə təhsil almağa imkan verilməməsi haqda dəfələrlə məlumat verilib və dünya bu reallıqlardan yaxşı xəbərdardır. Cənublu soydaşlarımızın üzləşdiyi problemlər, real vəziyyətləri Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda da geniş müzakirə olunub.
Burada qeyd olunub ki, İranda azərbaycanlılara qarşı rəsmi qaydada ayrı-seçkilik meyilləri artıb. Konfransda məruzəçi qismində çıxış edən İran azərbaycanlısı Şapur Ənsari qeyd edib: "Təzyiqlərə daha çox Azərbaycan dili və mədəniyyətinin müdafiəçiləri məruz qalırlar". Onun sözlərinə görə, bir tərəfdən rəsmilər, konkret olaraq xarici işlər naziri Əli Əkbər Salehi İran əhalisinin 40 faizinin türkdilli olduğunu etiraf etsə də, digər yandan bu dildə ölkədə bir dənə olsun təhsil ocağının yoxluğuna aydınlıq gətirməkdən yayınırlar: "Bu haqları tələb edənləri isə məsələn, tanınmış jurnalist Səid Mətinpur kimi, uzun illərin həbsxana həyatı gözləyir. Hüquqi cəza ilə yanaşı, rejim Azərbaycan dili tərəfdarlarını mənəvi təzyiqlərə məruz qoyur, belə ki, rəsmi mediada onlar "avam və savadsızlar" kimi təqdim olunur. Azərbaycan dilində təhsillə yanaşı, radio və televiziya yayımlarına da ölkə ərazisində qadağa qoyulub"
Bununla rejim, Ənsarinin təbirincə, qeyri-fars millətlər arasında "özünüinkar" toxumu səpməyə çalışır. Belə ki, bəzən onlar açıq kütlə qarşısında kimliklərini gizlətməkdən başqa çarə tapmırlar.
Cənab Ənsari İranın xarici siyasətində anti-Azərbaycan meyillərinə diqqəti çəkib. Belə ki, onun fikrincə, Qarabağ müharibəsinin başlanğıcında İran sərhəd qapılarının Azərbaycandan gedən qaçqınların üzünə bağlamışdı, halbuki, oxşar vəziyyətlərdə Əfqanıstan, İraq və hətta Küveytdən olan qaçqınlar İrandan humanitar dəstək görə biliblər: "İran həmçinin Ermənistanın Azərbaycan ərazilərini işğalına göz yumur, hərçənd, Yaxın Şərqdə İsrailin Fələstin torpaqlarını tərk etməsinə Tehran lobbiçilik edir".
Digər məruzəçi ABŞ Hərbi Akademiyasından Hüseyn Pənahov isə diqqəti tarix boyu İranda müxtəlif rejimlərin azərbaycanlılara qarşı ədalətsiz münasibətinə çəkib: "Baxmayaraq ki, bu rejimləri olduqca böyük dəyərlər və fərqli siyasət fərqləndirir, lakin onlar Azərbaycan məsələsində hamısı aşağıdakı fikirdədirlər: "Bu millətin İranda güclənməsinə imkan vermək olmaz, çünki onların sayı həddən artıq çoxdur". Bu da azərbaycanlılara qarşı diskriminasiya siyasətinin güclənməsi ilə müşayiət olunur".
Bununla yanaşı, okeanın o tayında keçirilən daha bir mühüm tədbirdə İranda yaşayan azərbaycanlıların durumuna diqqət yetirilib. Belə ki, Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi illik Qlobal Təhlükəsizlik Forumu keçirib. Forumda ABŞ-ın aparıcı müdafiə və təhlükəsizlik üzrə mütəxəssisləri Əfqanıstan, Pakistan və Yaxın Şərqdə Birləşmiş Ştatların rolu, neft və qaz bazarları, Avropanın iqtisadi təhlükəsizliyi, kiber təhdidlər və digər məsələlər barədə fikir mübadiləsi aparıblar. Müzakirə panellərindən biri Türkiyə-İran-Rusiya münasibətlərinin dinamikasına həsr edilib. Bu mövzuda müzakirə aparan Ağ evin sabiq milli təhlükəsizlik müşavirləri Zbiqnev Bzejinski və general Brent Skoukroft hər üç ölkənin Qafqazda və Mərkəzi Asiyada siyasətindən danışıblar. Qafqazda cərəyan edən hadisələrin həssaslığını qeyd edən Bzejinski ABŞ hökumətini bu regionda daha ehtiyatlı və müttəfiqlərin təhlükəsizlik maraqlarını nəzərə alan siyasət yürütməyə çağırıb. O bildirib ki, bölgədə artan hər hansı gərginlik Rusiyanın burada daha geniş müdaxiləsinə imkan yarada və hətta Rusiya-Gürcüstan arasında növbəti silahlı qarşıdurmaya təkan verə bilər. Azərbaycanı Avropadakı müttəfiqlər üçün vacib enerji mənbəyi adlandıran professor Xəzər hövzəsində münaqişələrin şiddətlənəcəyi təqdirdə Bakı-Tiflis-Ceyhan boru kəmərinin də təhlükə altında olduğunu düşünür. Sabiq müşavir İranda yaşayan çoxsaylı Azərbaycan mənşəli əhalinin mövcudluğunu diqqətə çatdıraraq bu faktoru lazımınca qiymətləndirməyə çağırıb.
Səməd CƏFƏROV

Sizin Reklam Yeriniz