Əlaqə Arxiv
news Image
2012.10.03
09:23
| A A A
Manat İranda sürətlə bahalaşır
İndi bir manat artıq 3300 tümənə bərabərdir İqtisadi sanksiyaların əlində getdikcə aciz duruma düşməkdə olan cənub qonşumuzun milli pulu getdikcə daha sürətlə dəyərdən düşməkdədir. Son məlumatlara görə, İran tüməni yenidən ucuzlaşıb. İndi İranda 1 ABŞ dolları 4000-4100, 1 Azərbaycan manatı isə 4200 tümənə satılır. Ötən ayın sonlarında 1 Azərbaycan manatı 3300-3350 tümənə, 1 ABŞ dolları 3000-3080 tümənə olub.

İrandan qayıdan Azərbaycan vətəndaşları İran tüməninin qiymətinin gün ərzində bir neçə dəfə dəyişdiyini deyirlər. Sərhədyanı ticarətlə məşğul olan Faiq Cəfərzadəninin "Azadlıq" radiosuna dediyinə görə, qısa müddətdə tümənin bu qədər ucuzlaşması gözlənilməz olub.

İqtisadçı Vidadi Mirzəyevin sözlərinə görə, tüməninin aşağı düşməsinin başlıca səbəbi İrana qarşı sanksiyaların tətbiq olunmasıdır: "İranın əsas gəliri neftdəndir. Neft də ABŞ dollarına satılmır. Bu baxımdan da İranda beynəlxalq valyuta olan ABŞ dollarının qıtlığı yaranıb. İranda sərt iqtisadi siyasət yeridilir. İqtisadiyyatla sərt hərəkətin nəticəsi belə olmalıdır. İranda baş verənlər 90-cı illərdə SSRİ-nin başına da gəldi və bu ölkə dağıldı. İran bazarı hələ SSRİ-nin bazarından davamlıdır. Buna görə də dözür". İqtisadçı İran milli valyutasının ucuzlaşmaqda davam edəcəyini bildirir.

Baş verənlər fonunda İranda bütün ərzaq məhsullarının qiyməti qalxır. Məsələn, az əvvəl toyuğun bir kiloqramını 1 manat 50 qəpiyə alırdılarsa, indi 2 manat 50 qəpiyə qalxıb. Ət və başqa məhsulların qiyməti də qalxır. Beləliklə, İranda iqtisadi vəziyyət gərginləşir. Bu vəziyyət sərhədyanı ərazilərdə yaşayan vətəndaşlarımıza da təsir edir. Bizim vətəndaşların sərhəddə gediş-gəlişi azalıb. Araşdırmalara görə, əgər əvvəllər gündə Azərbaycan tərəfə İranın 100 yük maşını gəlirdisə, indi gündə heç 10-15 maşın gəlmir. Sərhədyanı rayonlarda bildirilir ki, Siyəzən və başqa rayonlardan gətirilən toyuğun kiloqramı 3 manatdır, İrandan gətirilən toyuğun kiloqramını isə 3 manat 20 qəpiyə satırlar.

Bildirilir ki, indi Azərbaycanın sərhədyanı rayonlarındakı qara bazarda İran pullarını dəyişən adamlar artıq yoxdur. Üstəlik adi vətəndaşlar belə İran valyutasını özündə saxlamağa risk etmirlər, bu pul etibarlı deyil. İran tüməni alıcılıq qabiliyyətini itirir. Belə fikirlər səslənir ki, İranda dolların bahalaşması Azərbaycandan bu ölkəyə valyuta axınını artıra bilər. Çünki İranın sərhədyanı ərazilərində əsasən ABŞ dolları, Azərbaycan manatı və rus rublundan istifadə olunur. Beləliklə, qonşu ölkədə baş verənlər Azərbaycana da təsirsiz ötüşməyəcək. Iqtisadçı-ekspertlərin sözlərinə görə, Azərbaycandan İrana yol verilən həcmdə dollar aparmağa məhdudiyyət olmasa da, Iran qanunvericiliyi bunun qarşısını alır. Bu ölkəyə müəyyən miqdardan artıq valyuta aparmaq olmaz. Çünki Iran kimi avtoritar rejimli ölkələrdə, adətən, bu proses tənzimlənir.

Araşdırmalara görə, indi yerli sakinlər İrandan əsasən pendir, makaron, qarğıdalı yağı gətirir. Sərhədyanı ərazidə yerləşən mağazalarda İranda istehsal olunan mallar əvvəlki aylara nisbətən azdır. Mağaza sahibləri deyir ki, İrandan gətirilən mallar artıq qiymətdə sərf etmir. Üstəlik, həm də keyfiyyəti aşağıdır.

İran banklarına iranlıların inamı azalıb. Baxmayaraq ki, İran qızılı ehtiyatda saxlayır. Lakin onu satmaq məcburiyyətindədir. Bu onu göstərir ki, böhranın qarşısını ala bilmir. Onu da qeyd edək ki, sanksiyalardan əvvəl İran vətəndaşlarından qəbul edilən bank əmanətləri, yəni depozitlər 25 faizlə ödənirdi. Sonra bu 8 faizə salındı. Vətəndaşlar kütləvi şəkildə narazılıq edəndə isə banklar əmanətlərin dərəcəsini 12 faizə qaldırsalar da nəticə yoxdur.

Hazırda İranda, faktiki olaraq, rial/dollar məzənnəzinin 2 paralel kursu müşahidə edilməkdədir - rəsmi kurs və qara bazar dəllalları tərəfindən tətbiq edilən kurs. Sonuncu rəsmi məzənnəni təxminən 2 dəfə üstələyir. Rəsmi kurs İran Mərkəzi Bankı tərəfindən müəyyən edilir və bu məzənnə ilə dollar kütləsi yalnız ölkəyə gündəlik tələbat malları, əsasən də ərzaq idxal edən ticarətçilərə verilir. İdxal edilən məhsul siyahısına, o cümlədən ət, taxıl, yağ və şəkər daxildir. Lakin son bir neçə həftə ərzində Mərkəzi Bank idxalçıları dollar kütləsilə təmin edə bilmir. Nəticədə küçələrdə fəaliyyət göstərən qara bazarın valyuta dəllallarında dolların məzənnəsi bahalaşıb. İranın Mərkəzi Bankı rəsmi kursu qüvvədə saxlayacağını bildirib və onu dəyişdirmək planının olmadığını vurğulayıb.

Onu da bildirək ki, İranda yeyinti məhsullarının qiyməti İran pulu ilə qalxır, Azərbaycan puluna nisbətən ucuzlaşır. Azərbaycan manatı ilə daha çox məhsul almaq mümkündür. Onu da bildirək ki, nüvə proqramının qarşısının alınması məqsədilə İrana tətbiq olunan sanksiyalar nəticəsində ölkə hər gün 133 milyon dollar pul itirir. Maraqlıdır ki, bu göstərici dünya bazarında neftin qiymətinin artmasını nəzərə almır. OPEK ölkələri arasında 3-cü ən böyük neft hasilatçısı olan İranın əsas itkiləri neft ixracına qoyulan embarqo ilə bağlıdır. Belə ki, ABŞ və Avropa İttifaqı tərəfindən İrandan neft idxalına məhdudiyyət qoyulandan sonra bu ölkədən neft ixracı 52% azalıb. Ekspertlərin fikrincə, bu hesabla İran il ərzində 48 milyard dollar pul itirəcək.

Sizin Reklam Yeriniz