news Image
2012.10.15
19:15
| A A A
Qubada yeni gənclər təşkilatı təsis olundu

Oktyabrın 15-də Quba rayonu Mərkəzi kitabxanasının "Oxu" zalında "Azad Könüllülər Klubu"nun təsis toplantısı keçirilib. Klub "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının müvafiq bəndinin icrasına uyğun olaraq Quba Rayonu Gənclər və İdman İdarəsinin dəstəyi ilə yaradılıb.

Toplantıda bir sıra idarə və təşkilatların nümayəndələri, "Azad Könüllülər Klubu"nun İdarə heyətinin üzvləri, eyni zamanda Quba Rayonu Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Quba rayon Təhsil Şöbəsinin metodisti, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Şıxəmməd Seyidməmmədov, "Şəfəq" qəzetinin əməkdaşı Nazim Məmmədov, "Gənclər Klubu" İctimai Birliyinin sədri Asif Oruclu, "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov iştirak ediblər.

Tədbiri giriş nitqi ilə "Azad Könüllülər Klubu"nun həmtəsisçisi və sədri Mehman Məmmədov açıb və dəvəti dəyərləndirib toplantıda iştirak edən qonaqları, iştirakçıları salamlayıb, onlara təşəkkürünü bildirib. Sonra klubun gələcək fəaliyyəti haqqında iştirakçıları məlumatlandıran M. Məmmədov bildirib ki, "Azad Könüllülər Klubu"nun əsas məqsədi gəncləri ictimai fəaliyyətə həvəsləndirmək, gənclərin istedadını və bacarıqlarını üzə çıxarmaq, gənclərin maarifləndirilməsi, gənclərin liderlik və digər qabiliyyətlərinin inkişafına şərait yaradılması, bölgələrdə turizmin inkişafını dəstəkləmək, Azərbaycanda mövcud olan etnik qrupların mədəniyyətini təbliğ etməkdir. Bunun ardınca iştirakçılar klubun bu vaxta qədər həyata keçiridiyi tədbir və layihələri, klubun loqosunu, məqsəd, vəzifələrini özündə əks etdirən videoçarxa baxıblar.

Sonra klubun həmtəsisçisi Asif Oruclu çıxış edərək "Azad Könüllülər Klubu"nun fəaliyyətinin gələcək istiqamətləri haqqında danışıb. O, bölgədə yaşayan bütün etnik qruplardan olan gənclərin təşkilatda təmsil olunacağını vurğulayıb. Daha sonra çıxış üçün söz qonaqlara verilib. Onlar gənclərin bu təşəbbüsünü alqışlayıblar, eyni zamanda yeni yaradılmış gənclər klubunun fəaliyyətinə uğurlar arzulayıb və onun davamlı olmasını diləyiblər.

Qeyd edək ki, klub ilk öncə virtual aləmdə, facebook sosial şəbəkəsində qrup kimi fəaliyyətə başlayıb. Daha sonra qrupun admini Mehman Məmmədovun təşəbbüsü ilə qrup üzvlərinin görüşü təşkil olunub və görüşdə belə bir klubun yaradılması və real həyatda fəaliyyətə başlaması qərara alınıb.