Əlaqə Arxiv
news Image
2012.11.13
16:46
| A A A
Dini ayrı-seçkilik salanlar…
Ərəstun Oruclu: «Xaricdən şiə çoxluğunun özünə təsir göstərmək, müdaxilə etmək cəhdləri də var»

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qazılar Şurasının bu gün keçirilən iclasında müsəlmançılığı parçalayan fikirlər söyləyənlərin cəzalandırılacağını açıqlayıb. Şeyxülislam Allahşükür Paşazadənin  sözlərinə görə, Azərbaycanın öz qanunları var və biz də bu qanunlar çərçivəsində tədbirləri keçirməliyik: "Elə edilməlidir ki, İslama zərər gəlməsin. Bəziləri dini ayrıseçkilik etməyə çalışırlar. Biz buna limkan verməyəcəyik".

Bəs dini-ayrıseçkiliyə çalışanlar kimlərdir və  onlara qarşı hansı tədbirlər görülə bilər? Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq  Ərəstun Oruclu məsələ ilə əlaqədar Movqe.az saytına aşağıdakıları bildirdi: "Ümumiyyətlə biz bilirik ki, Azərbaycanda bu gün müxtəlif təriqətlərin təmsilçiliyi var. Ənənəvi şiə çoxluğundan fərqli olaraq, digər təriqətlər bir çox hallarda ölkənin kənarından dəstəklənir. Hər tərəfli dəstəklənir. Digər tərəfdən xaricdən elə şiə çoxluğunun özünə də təsir göstərmək, müdaxilə etmək cəhdləri də var. Ona görə də bu şəraitdə əlbəttə ki, təriqətlər arasında bir-birinə qarşı müəyyən dözümsüzlük,  rəqabət halları baş verir. Bu həqiqətdir. Azərbaycanda bir məscidə sünni, birinə vəhabi məscidi və s. deyilirsə, bu artıq özü bölücülüyün əlamətidir. Müxtəliflik var. Bu birmənalıdır. Biz zaman-zaman fəsadlarını görürük. 

Söhbət əlbəttə ki, dünyəvi dövlətin əsaslarına qarşı çıxmaq iddialarından getmir. Söhbət məhz dini azadlığın təmin edilməsindən gedir. Burada böyük bir vəzifə Qafqaz Müsəlmanları İdarəsinin üzərinə düşür. Çünki ölkədəki dini icmanıın böyük bir hissəsi məhz bu idarənin təsiri altındadır. Buna görə də sabitliyi təmin etmək məsələsi bu qurumun üzərinə düşür. Azərbaycanda xristian dini olsun, iudaizim, islam, digər dinlər olsun bunlar arasında heç vaxt rəqabət, münaqişə olmayıbdır. Təəssüf ki, bu gün islam dininə aid olan təriqətlər arasında rəqabət görünür. Bu yaxşı tendensiya deyil. Bu tendensiyanın qarşısını almağın demək olar ki, hüquqi yolu yoxdur. Zorakılıq heç bir problemi həll etmir. Mən qəti olaraq bunun əleyhinəyəm. Ancaq dialoq vasitəsi ilə aradan qaldırıla bilər."

Sizin Reklam Yeriniz