Əlaqə Arxiv
news Image
2012.11.15
13:43
| A A A
Yolların yalnız bir quruma həvalə olunması aktuallaşır

Bakı şəhəri və ətraf qəsəbələrdəki bəzi yollar yağışın yağması ilə yenə də özünün bərbad vəziyyətdə olduğunu üzə çıxırdı. Belə ki, iki gün öncə yağan yağış nəticəsində şəhərətrafı Ramana qəsəbəsi və Xırdalan şəhərinin bir çox küçələri yenə də gölməçələrin əsarəti altına düşdü. Belə hallara şəhər mərkəzində bəzi səkilərdə və yollarda da rast gəlmək olar. Bu vəziyyət isə paytaxtda yol infrastrukturu məsələsinin hələ də normal məcraya düşmədiyindən xəbər verir.

Qeyd edək ki, yolların təmiri məsələsi heç də vahid mərkəzdən idarə olunmur. Məsələn, piyada səkilərinin təmiri bələdiyyələrin səlahiyyətindədir. Əsas nəqliyyat qovşağındakı yolların təmirilə isə digər rəsmi qurumlar məşğul olurlar. Belə ikili vəziyyət isə sonda gətirib yolların bərbad hala düşməsinə rəvac verir. Bu tendensiyaya son qoymaq üçün bir çox ekspertlər yol infrastrukturu məsələsinin həllini bir təşkilata həvalə edilməsini daha məqsədəuyğun sayırlar. Məsələn, bir çoxlarının fikrincə, həmin məsələ imkanları daha geniş olan Nəqliyyat Nazirliyinə verilə bilər.   Xatırladaq ki, əsas magistral yolllara Nəqliyyat Nazirliy baxır ki, belə yerlərdə vəziyyət yaxşıdır. 

Müstəqil iqtisadçı ekspert Yaşar Əsədovun fikrincə də yol infrastrukturu məsələlərinin həlli bir təşkilata tapşırılmalıdır: "Əslində, paytaxtda və ətraf rayonların yol infrastrukturunun tənzimlənməsi bir təşkilata həvalə edilməlidir. Bir azca yağışın yağması ilə bu sahənin ayrı-ayrı müxtəlif qurumlara verilməsinin doğru yanaşma olmadığı üzə çıxır. Çünki belə olanda hərə problemin həllini digərinin üzərinə atmaqla məsuliyyətdən yaxa qurtarmağa çalışır, yol problemi isə həll olunmamış qalır. Bakının şəhərsalma proqramı var. Bura yol infrastrukturunun qurulması da daxildir. Həmin proqramın dəqiq yerinə yetirilməsi üçün prosesə bir qurumun nəzarət etməsi vacibdir. Bakının ətraf qəsəbələrində yollar həddən artıq daraldılıb. Kim istəsə, bağının hasarını yola doğru artırır. Şəhərsalma proqramı işləsə belə hallar qeyri-mümkündür. Bakıda hazırda faktiki olaraq 4 milyona qədər insan yaşayır. Ölkə əhalisinin demək olar ki, yarısı Bakıdadır. Əhalinin belə çox olması da şəhərin yollarının bərbad duruma düşməsində müəyyən rol oynayır. Hətta şəhərin mərkəzində də bir sıra yollar yağışdan sonra bərbad duruma düşür. Göydələnlərin populyar olduğu vaxtlarda kim harda torpaq sahəsi alırdısa, orada da göydələn tikirdi. Nəticədə nə gediş-gəliş üçün nə normal yollar var, nə də bina sakinlərinin həyətdə normal istirahəti üçün. Ona görə də bu kimi neqativ halların aradan qaldırılması üçün məsələnin həlli prosesə ciddi nəzarət edən və sərt tədbirlər görməyi bacaran quruma tapşırılmalıdır".

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun isə məsələyə cavabı diplomatik oldu: "Əslində, bu məsələyə münasibət bildirmək səlahiyyətimə aid olmayan sualdır. Ona görə də cavab versəm, öz səlahiyyətlərimi aşmış olaram. Vətəndaş kimi bəlkə ola bilər düşünürəm ki, yol infrastrukturu ilə bağlı bütün məsələlərin Nəqliyyat Nazirliyinə həvalə edilməsi məsələnin həlli baxımından daha yaxşı olar. Amma bu barədə rəsmi mövqe bildirsəm, səlahiyyətlərimi aşmış olaram".

Nəqliyyat məsələləri üzrə ekspert Məzahir Rüstəmov da yol probleminin həll olunmasını buradakı tikinti təmir işlərinin yalnız bir quruma verilməsində gördüyünü diqqətə çatdırdı: "Yəqin ki, yol infrastrukturunun həlli məsələlərilə bir qurumun məşğul olması daha yaxşı olardı. Yollar məhəlləarası və mərkəzi yollara bölünür ki, onların da bir hissəsi strateji cəhətdən əhəmiyyət daşıyan yollardır. Həmin yolların tikintisinə əlbəttə ki, çoxsaylı deyil, sadəcə olaraq, bir qurum cavabdeh olmalıdır. Həmin cavabdeh qurum da birbaşa Nəqliyyat Nazirliyinin tərkibində və ya Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlar ola bilər. Əsas yoldan kənardakı piyada səkilərinin təmirilə başqa, əsas yolun tikintisilə isə digər bir qurum məşğul olursa, bu, anormal haldır. Çünki yolların çəkilməsi zamanı səkilərin quraşdırılmasında bir mütənasiblik yaranmalıdır. Yolun çəkildiyi ərazidə hansı kommunikasiya xətlərinin keçdiyini birinci növbədə yol çəkən bilir. Ərazidə hansısa bir dəyişiklik olan kimi həmin qurumun mütləq mənada bu işlərdən xəbəri olmalıdır. Amma yolların tikintisi zamanı əlavə yerdəyişmələrin olması təbii ki, kommunikasiya xətlərinə ziyan da vura bilər. Ona görə də məsələnin həlli bir quruma tapşırılmalıdır. Hazırda yağışın yağması ilə nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə bir sıra yerlərdə gölməçələr yaranıb, kanalizasiya xətləri dolub. Ramana, Binə kəndlərindəki yollar çox biabırçı hala düşüb. Binə kəndinin yolları azca yağışın yağması ilə keçilməz bir hala düşür. Yağışdan sonra həmin kəndə giriş-gəliş olduqca çətin olur. Belə hal isə istər-istəməz sakinlərin haqlı iradına gətirib çıxarır. Ölkə inkişafın pik nöqtəsində olsa da, Bakı ətrafı ərazilərdəki yollar təəssüf ki, bərbad durumda olmaqda davam edir. Bunun həlli yollarından biri prosesin sadəcə olaraq, bir quruma tapşırılmasıdır".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz