Əlaqə Arxiv
news Image
2012.11.16
12:59
| A A A
Orqan transplantasiyasının qanuniləşdirilməsi zərurətə çevrilir
Adil Qeybulla: "İnsanlar nə qədər ki, xeyirxah deyillər, bu məsələyə yanaşmada yanlışlıqlara yol verirlər, donor problemini həll etmək çox çətindir"

Sağlamlığına görə bu və ya digər insan orqanına ehtiyacı olan Azərbaycan vətəndaşları bu problemlərini adətən xarici ölkələrdə həll edirlər. Çünki bir sıra Avropa ölkələrində orqan transplantasiyasının həyata keçirilməsi işi açıqdır. Ölkəmizdə isə bu istiqamətdə hələ ki, qanun yoxdur. Ona görə də hələlik Azərbacyanda orqan transplantasiyası həyata keçirmək kriminal sayılır.

Lakin əhalinin orqanlara olan ehtiyacının ödənilməsi ölkəmizdə də həmin sahənin qanuniləşdirilməsini vacib edir.  Azərbacyanda əhali islam qaydalarını əsas gətirərək vəfat etmiş yaxınlarının orqanlarının transplantasiyasına belə razı olmurlar. Halbuki, bu yolla ən azından hansısa bir orqana ehtiyacı olan insanın yaşamasına öz töhvələrini verə bilərlər.

Tibb elmləri doktoru Adil Qeybulla bildirdi ki, orqan transplantasiyası ilə bağlı qanunun qəbuluna ölkəmizdə milli mentalitet əngəl olur: "Azərbaycanda orqan transplantasiyası məsələsi öncə Mili Məclisdə öz həllini tapmalıdır. Bu məsələnin qanunsuz yolla həyata keçirilməsi qətiyyən yolverilməzdir. Çünki orqan transplantasiyası məsələsinin qanunsuz həlli kriminal aləmə yol açmaq deməkdir. Donorun mənbəyinin kim olması məsələsini də nəzərə almaq lazımdır. Bir sözlə, donor transplantasiyası məsələsi leqal olmalıdır. İkincisi, donor hansısa bir insan orqanına ehtiyacı olan xəstəyə tamamilə yaxın şəxs olmalıdır ki, özünün müəyyən orqanını təmənnasız şəkildə verə bilsin. İnsan orqanları ilə alver predmeti dünyanın heç bir yerində qanunla tətbiq olunmayıb. Kimsə özünün hansısa bir orqanını sata bilməz. Bunlar qanuniləşsə, kriminala yol açan məqamlar sıradan çıxacaq. Digər tərəfdən, Azərbaycanda bu məsələnin həlli üçün təkcə qanunlar yetərli deyil. Həmin qanunun işlək mexanizmi olmalıdır. Başqa bir tərəfdən insanların psixologiyasında da inqilabi dəyişikliklər baş verməlidir. İnsanın hər hansı bir orqanı dünyanın hər bir yerində beyin ölümü keçirmiş, amma orqanları xəstə olmayan adamlardan götürürlər. Bu tip insanlar da əsasən gənclər və orta nəslin nümayəndələridir. Onlardan götürülməsi ancaq beyin ölümü keçirən şəxslərdən götürülə bilər. Bunu da tibbi ekspertiza müəyyənləşdirir. Lakin Azərbacyanda vəziyyət tamam başqadır. Əhali özünün beyin ölümü keçirmiş yaxınının orqanının götürülməsinə çətin ki, icazə versin. Azərbaycanda ölünün incidilə biləcəyini bəhanə gətirərək heç onu yarmağa belə qoymurlar. Ölkəmizdə əhalinin bu məsələyə yanaşması nədənsə düzgün deyil. Əksinə, əhali ölünün yarılmaması üçün pul verir. İnsan düşünmür ki, artıq dünyasını dəyişən, artıq yaşamaq perspektivi olmayan adamın orqanı digər bir əziyyət çəkən gəncə həyat verər. İnsanlar nə qədər ki, xeyirxah deyillər, bu məsələyə yanaşmada yanlışlıqlara yol verirlər, donor problemini həll etmək çox çətindir. Donor məsələsi həll olmalıdır. Donorun özü də təmənnasız olmalıdır, proses alver predmetinə çevrilməməlidir. Alver predmeti olduqda kriminal meyllərin baş qaldırmasına rəvac verəcək. Donor transplantasiyasının xaricdə hansısa qanuniləşdirilmiş halı yaranıbsa, yəqin ki, həmin ölkələrdə qurulan mexanizm kriminal proseslərə yol açılmasına imkan vermir. Amma aydındır ki,  insan öz orqanını ehtiyac üzündən satır. Onun sosial müdaifəsi olsaydı, bu yola getməzdi. Orqanın yalnız yaxınına verilməsi situasiyası isə anlaşılandır".

Sizin Reklam Yeriniz