Əlaqə Arxiv
news Image
2012.11.20
11:59
| A A A
Ukrayna yumurtaları Azərbaycanda böyük ziddiyyət predmetinə çevrilir

Vahid Məhərrəmov: "Azərbaycanın hardasa 25 faizə qədər yumurta ehtiyacı idxal hesabına ödənilir"

Çingiz Fərəcov: "Ukrayna kimi ölkələrdən bizim yumurta idxalına ehtiyacımız yoxdur"

Bu günlərdə Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Prisyajnyuk belə bir açıqlama ilə çıxış edib ki, ölkəsi cari ilin 9 ayı ərzində 22 min ton yumurta ixrac edib. Özü də həmin ixrac yumurtasının əsas alıcılarından biri rolunda Azərbaycan çıxış edib. Qeyd edək ki, Azərbaycanda son illər yumurta istehsalı da artıb. Bu istehsal ölkənin tələbatını ödəmək qabiliyyətindədir. 

Hətta məlumatlara görə Azərbaycan bir sıra ölkələrə yumurta ixrac edir. Bununla belə Azərbaycan Ukrayna, Bolqarıstan və Qazaxıstandan damazlıq yumurta almaqda davam edir. Görəsən, bunun səbəbləri nədir?  

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirdi ki, Azərbaycan özünün yumurtaya olan tələbatını daxili imkanlar hesabına ödəyə bilmir: "Bu barədə əvvəllər də deyilib. Yumurtanın qiymətinin qalxması bu sahədə də inhisarçılığın olmasından xəbər verir. İnhisarçılar bu amildən istifadə edərək qiymətləri öz bildikləri kimi müəyyənləşdirirlər. Belə bir vəziyyətdə yumurta sahəsində mövcud olan inhisarçılığı aradan qaldırmaq, bu məhsul istehsalını artırmaq zəruridir.  Qeyd edim ki, Azərbaycan quşçuluq sahəsində istifadə olunan yem məhsulları ilə özünü təmin edə bilmədiyindən bu məhsulları xaricdən idxal etmək məcburiyyətindədir. İdxal olunan həmin yem məhsullarının dəyəri isə yüksək olması ilə seçilir. Ona çəkilən xərclər də qiymətlərin artmasına rəvac verir. O cümlədən quşçuluqda istifadə olunan avadanlıqlar da xaricdən gətirilir. Onların da daşınma xərcləri yüksəkdir. Azərbaycan fermerinin ukraynalı həmkarı ilə müqayisədə həm avadanlığa, həm də yemə, ümumiyyətlə çəkdiyi xərc yüksək olması ilə seçilir. Bu amil də hökumət tərəfindən nəzərə alınmalıdır. Hökumət çalışmalıdır ki, həmin avadanlıqların bir hissəsi daxildə istehsal olunsun. Bu alınmadığı təqdirdə həmin avadanlığın alınması üçün fermerlərə müəyyən yardımlar edilməsi də mümkündür. Əsasən də quş yeminin istehsalına fikir vermək lazımdır. Lakin nədənsə bu amillər baş vermir. Nəticədə ölkəmiz üçün yumurta baha başa gəlir. Hazırda idxal edilən yumurta hardasa 295 milyon ədədə qədərdir. Azərbaycan əhalisi isə illik 1 milyard 325 milyon ədəd istehlak edir. Deməli, hardasa 25 faizə qədər yumurta ehtiyacı idxal hesabına ödənilir. Bu da çox güclü təsirə malikdir. Onu da qeyd edim ki, Ukraynadan yalnız yumurta deyil, süd, xüsusən də quru süd ixraclı da artıb. Bu sahədə də ciddi problemlər yaşanır". 

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov isə qeyd edir ki, ölkədə yumurta məhsuluna ehtiyac daxili imkanlar hesabına ödənildiyindən onun Ukraynadan gətirilməsinə ehtiyac yoxdur:  "Ukrayna kimi ölkələrdən bizim yumurta idxalına ehtiyacımız yoxdur. Ölkənin özündə kifayət qədər yumurta istehsal olunur. Bu günlərdə Hacıqabul quşçuluq fabriki tərəfindən xarici ölkələrə, əsasən də ərəb dövlətlərinə 5 milyon ədəd yumurta göndərmişik. Həmin göndərilən yumurtanın bir ədədinin qiyməti maya dəyərindən aşağı, yəni 5 qəpiyə olub. 

Artıq ölkəmizə Ukrayna və digər ölkələrdən idxal olunan yumurtanın qarşısı alınmalıdır. Azərbaycanın özündə yumurta istehsalı çoxdursa, ehtiyac ödənilirsə, xarici ölkələrə ixrac ediriksə, Ukraynadan ölkəmizə heç bir halda bu məhsul idxal olunmamalıdır".  

Rüfət NADİROĞLU


Sizin Reklam Yeriniz