Əlaqə Arxiv
news Image
2012.11.23
11:47
| A A A
Əhaliyə verilən qazın tərkibi yenə mübahisə mövzusudur
Ekspert: "Qazdan zəhərlənmələr, partlayışlar daha çox qeyri-standart qızdırıcı sobaların işlədilməsindən irəli gəlir"

Havaların soyuması paytaxtda dəm qazından zəhərlənənlərin sayının yenidən artmasına səbəb olub. Bir çoxları zəhərlənmələrin artmasını həm də mavi yanacağın tərkibində zəhərli maddələrin olması ilə izah edirlər. Düzdür, "Azəriqaz" İstehsalat Birliyi dəfələrlə bəyan edib ki, əhaliyə verilən qazın tərkibi xüsusi laboratoriyalarda yoxlanılır.

Eyni zamanda qazın nəqli və təmizlənməsi Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən həyata keçirilir.

Onu da bildirək ki, "Azəriqaz" ARDNŞ-nin tərkibinə verilənə qədər mavi yanacağın tərkibinin standartlara uyğun olmaması danılmaz həqiqət idi. Bu səbəbdən hətta yeni qaz emalı zavodunun tikilməsi məsələsi qaldırılmışdı. Lakin "Azəriqaz" ARDNŞ-intərkibiən verildikdən sonra bu sahədə vəziyyət düzəlib. Lakin buna rəğmən qazın tərkibinin hələ də standartlara tam cavab verməməsinə dair fikirlər səslənməkdədir.

Qeyd edək ki, əslində, istehlakçılara verilən qazın tərkibində qatqıların olub-olmamasını hər bir şəxs müəyyənləşdirə bilər. Təbii qaz yanarkən göy rəngə çalır. Rəng sarıya çaldıqda qazın tərkibindən şübhələnmək üçün əsaslar var. Sarılığın miqdarı artanda qaz yanmır və bu zaman zəhərli hava otağa daxil olur. Bu isə öz növbəsində oradakı insanların zəhərlənməsinə gətirib çıxarır. Zəhərli qaz ilk olaraq ağciyərlərə dolaşır, sinir sistemi pozulur, bihuşluq yaranır. Bihuşluq uzun çəkərsə, bu ölümlə nəticələnə bilir. Kimyəvi tərkibi karbon monoksiddən ibarət olan dəm qazı iysiz, rəngsiz olur. Səmt qazının emalı zamanı tərkibinə odarant (etil spirti) qatmaqla ondan dəm qazı ayırd edilir.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban hesab edir ki, əhaliyə verilən təbii qazın tərkibinin zəhərli olması barədə deyilənləri araşdırmaq olduqca çətindir: "Bütün əhaliyə eyni mərkəzdən qaz verilir. Əgər "mavi yanacağ"ın tərkibində zəhərli maddələr varsa, niyə ondan hamı zəhərlənmir? Qazdan zəhərlənmələr, partlayışlar daha çox qeyri-standart qızdırıcı sobaların işlədilməsindən irəli gəlir. İranda həmin sobalar sıxılmış qazla işləyir. Bizdə isə sobaları qaz borularına qoşurlar. Bu halda əlbəttə ki, zəhərlənmə, partlayış halları olacaq. Təbii qazın tərkibində karbon qazı həddindən artıq olanda faciə baş verir. Hamamlarda quraşdırılan "piyatminutka"lar (tez qızdırıcılar)a sürət verəndə içəri daha çox karbon qazı buraxılır. İnsan özü də bilmədən huşunu itirir, dünyasını dəyişirdi. Bu ağrı-acısız baş verən ölümdür. Yəni günah təbii qazın tərkibində deyil, istifadə olunan sobaların qeyri-standart olmasındadır".

Bildirək ki, 30 ildir ki, Azərbaycanda əhaliyə verilən qaz eyni emal müəssisəsindən buraxılır. Təbii qazın 90 faizi metandan ibarətdir. Zəhərli maddə olan metan hətta yandıqdan sonra da havada qalır. Qızdırıcı sobaların boruları xaricə çıxmadıqda, boruların çıxış ucu suya salındıqda təhlükəli vəziyyət yarana bilir.

ARDNŞ-in rəsmi saytında isə əhaliyə verilən təbii qazın yüksək standartlara cavab verdiyi qeyd olunub: "İstehlakçılara satılan təbii qazın keyfiyyət göstəriciləri Azərbaycan Respublikasında qüvvədə olan 5542-87 saylı dövlətlərarası standartın tələblərinə uyğundur.

Qeyd edək ki, əhaliyə satılan təbii qazın tərkibinin fiziki-kimyəvi göstəriciləri ARDNŞ-in Qaz Emalı Zavodundan qəbul edilərək yoxlanılır. "Azəriqaz"ın xüsusi laboratoriyasında isə Qaz Emalı Zavodundan qəbul olunan təbii qaz təkrar yoxlamadan keçir. Qazın keyfiyyət göstəricilərində standartlara uyğunsuzluq aşkar edildikdə müvafiq tədbirlər görülür. Qazın nəql edilməsi sisteminə daxil olan kompressor stansiyaları və Magistral Qaz Kəmərləri sahələrindəki müasir tələblərə cavab verən ölçü cihazları ilə təmin olunmuş xüsusi laboratoriyalarda təbii qaz yenidən yoxlanılır və çatışmazlıq aşkar edildikdə nöqsanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir. Hazırda Qaradağ rayonunda yerləşən və "Azəriqaz" İB-nin Qazsazlama İdarəsinə məxsus olan laboratoriyadakı mövcud avadanlıqlar təmir olunur və yeniləşdirilir. Respublikanın bütün qaz nəqli sistemində, o cümlədən Hacıqabul, Siyəzən, Ağdaş, Qazax və Astarada da bu tip laboratoriyalar mövcuddur".

Sizin Reklam Yeriniz