"Azərbaycanın Milli Elmlər Akademiyasında alimlərin yaş həddi çox yuxarıdır. Hazırda Akademiyanın həqiqi və müxbir üzvlərinin orta yaş həddi 70-i keçib. Bu göstərici də kifayət qədər yüksəkdir. Bu faktlar onu göstərir ki, gənc alimlərin sayı azalır. Gənclərin Akademiyaya axını istənilən səviyyədə deyil". Bu fikirləri AMEA-nın prezidenti Mahmud Kərimov səsləndirib.
Akademik tərəfindən səsləndirilən bu fikirlər elmimiz üçün həqiqətən də ciddi problemdir.
Bəs bu nədən qaynaqlanır? Bu gediş ilə Azərbaycan elmini nə gözləyir?
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru Vəli Baxşəliyev məsələ ilə bağlı Mövqe.Az saytına aşağıdakıları bildirib: "Bu ondan qaynaqlanır ki, Akademiyaya seçkilər müəyyən yaş həddindən sonra, elmlər doktorluğunu müdafiə etdikdən sonra olur. Elm sahəsində müəyyən nailiyyətlər əldə etmək yalnız müəyyən dövrdən sonra mmükündür. Seçilmək istəyən şəxsin yaşı 50-dən az olmur. Yəni Akademiyaya yalnız 50 yaşdan yuxarı şəxslər seçilə bilər. Bu da yaş həddinin yuxarı olmasına gətirib çıxarır. Mən elə hesab edirəm ki, Akademiyanın müxbir üzvü olmaq, akdemik olmanın yaş həddinin yüksək olması Azərbaycan elmi üçün problem deyil. Amma arzu edərdik ki, bizim müəyyən nailiyyətlər əldə eləmiş gənc alimlərimiz müxbir üzvlüyə namizəd göstərilsinlər".
AMEA-nın həqiqi üzvü, tarix
elmləri doktoru, professor İsmayıl Hacıyev məsələ ilə əlaqədar
Mövqe.Az saytına aşağıdakı açıqlamanı verib: "Elmi işlə məşğul
olanlara situmul verən məqamlar azdır. Yəni elm sahəsində
çalışanların maaşları aşağıdır. Yeni işə başlayan gənclərin adətən
evləri olmur. Ailə şəraiti elmi fəaliyyəti davam etdirməyə imkan
vermir. Buna görə də gənclər doktorant olurlar və bir müddət belə
işlədikdən sonra bu vəziyyət artıq gəncləri bezdirir. Hətta bizim
özümüzün də çalışdığımız müəssisələrdə elmə maraq bir qədər
zəifdir. Bunu bütün dövrlərə aid etmək də doğru olmaz. Ancaq bu
faktdır ki, elmə əvvəlki dövrlə müqayisədə maraq azalıb. Sovet
dövründə istənilən elmi işçinin maaşı o dövrün göstəricisinə görə
yüksək sayılırdı. İndi elmi işçilərə 200 manat maaş yazılır, onu da
tam ala bilmirlər. Ailə vəziyyətinin çətinliyi, maaşın da az olması
elmin inkişafına imkan vermir. Elmi işçilərin maaşlarının
qaldırılması ilə bağlı Milli Məclisdə çoxlu sayda müzakirələr də
aparılıb. Hər il bu məsələnin müzakirə edilməsinə baxmayaraq, elmi
işçilərin maaşları dövlət büdcəinin 0.62%-ni təşkil edir. Bu maaşla
da gənclərin elmə maraqlarını artırmaq olmaz. Elm sahəsində çalışan
adam bir müddət elmi iş ilə məşğul olur, əl altdan yüksək maaşı
olan iş axtarır. İş tapdıqdan sonra isə elmi fəaliyyətini yarımçıq
qoyub gedir. Təbii ki, belə olan halda yaş həddi də çox olacaq.
Həyatını elmə həsr edən insanlar üçün maaş elə də önəmli deyil.
Buna görə də elmi işlərdə yalnız elmin fanatikləri qalıb.
Bu gün elmlə məşğul olan şəxslər var. Bunların sayı azdır. Ancaq elmimizin beynəlxalq aləmə çıxması üçün dövlət büdcəsindən elmə ayrılan vəsaitin miqdarı artırılmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində elmə ayrılan vəsait çox olsa da, bu bizdə büdcənin çox az faizini təşkil edir. Bunu da ölkənin müharibə şəraitində olması ilə əlaqələndirmək olar. Yəqin ki, vəziyyət düzələcək, Azərbaycan müharibə vəziyyətindən çıxacaq, ərazi bütövlüyünü bərpa edəcək o zaman da elmə ayrılan vəsait artırılacaq. Ötən illər ilə müqayisədə vəsait artırılsa belə, bu çox deyil. Bunun üçün də müəyyən vaxt tələb olunur".