Əlaqə Arxiv
news Image
2012.11.28
11:19
| A A A
Çörək israfçılığı...
Bu problemi hələ də tam çözmək mümkün olmayıb

"Quru çörək", "quru çörək" deyə səhərlər qışqıran kişiləri görməmiş olmazsız. Küçə-küçə, ev-ev gəzib istifadə olunmayan çörəkləri yığanlar artıq kimin nə qədər israfçı olduğunu yaxşı bilirlər. Quru çörək toplayanlar yığdıqlarını mal-qara, toyuq-cücə saxlayan vətəndaşlara satırlar.

Nizami metrostansiyasının qarşısındakı dayanacaqda quru çörək satan yaşlı kişi 25-30 kiloqramlıq kisəni 1 manata satır. Kənd rayonlarında isə quru çörəyin kisəsi 3-4 manata satılır. Çıxdaş olunmuş çörək üyüdülmüş buğda, arpaya qatılaraq heyvana verilir.

Burada diqqət çəkən məqam heç də quru çörək biznesi və onun faydaları barədə danışmaq deyil. Əsas məsələ israfçılıqdır.

Araşdırmalara görə, Azərbaycanda bir adam il ərzində orta hesabla 130 kiloqramdan çox çörək istehlak edir. Bu statistikaya inansaq, azərbaycanlı gün ərzində təxminən 0,5 kq çörək yeyir. Bu göstəriciyə görə ölkəmiz dünya ölkələri arasında liderlər sırasındadır. Araşdırsaq görərik ki, azərbaycanlılar zibilliyə çörək atmaq sahəsində də heç də digər ölkələrdən kənarda qalmırlar. Bəziləri çörəyi qutuya atmırlar ki, günahdır. Quru çörəyin olduğu selofatı ehmalca kənardan asır, yaxud daşın üstünə qoyurlar ki, quru çörək yığanlar onu rahatlıqla görüb götürə bilsinlər. Bəziləri isə mahiyyətinə varmadan çörəyi əlindəki digər zibillə birlikdə qutuya tərəf tullayırlar.

Məlumdur ki, azərbaycanlının qida rasionunda çörək əsas yerlərdən birini tutur. Bəzən elə olur ki, bir boşqab yeməklə 500 qramlıq çörəyi yeyirik. Ona görə də, mağazadan ehtiyat olaraq artıq çörək alırıq. Artıq çörəyin istifadə edilməmə, qalıb quruma ehtimalı var. Ekspertlər hesab edir ki, Azərbaycanda ailələr çörəyə olan tələbatı düzgün müəyyənləşdirə bilmirlər.

İqtisadçı İlham Hüseynlinin sözlərinə görə, bərəkətli nemət hesab olunan çörəkdən israfçılıqla istifadə etmək nə iqtisadi məntiqə sığır, nə dini, nə də milli dəyərlərə: "Ümumiyyətlə, tələbata uyğun bazarlıq etmək lazımdır. Alınan ərzaqlardan da düzgün istifadə etməliyik. İsraf etdiyimiz hər bir məhsul, nemət itirilən pul və dəyər vermədiyimiz zəhmətdir. Min bir əziyyətlə əkilən, biçilən buğda, üyüdülən undan hazırlanan çörəyi asanlıqla israf edə bilirik. Bu zaman düşünmürük ki, neçə-neçə adamın əziyyətini, xüsusilə də, evə çörək alan şəxsin zəhmətini qiymətsiz edirik. Şəxsən mən ailəmin çörək normasını bilirəm. Çörək qalıb quruyanda isə onu zibilliyə atmırıq. Qurumuş çörəyi üzərinə yumurta vurub qızardıb yemək olur. Məsləhət görərdim ki, hər bir ailə bundan istifadə etsin. Eyni zamanda insanlarımızda artıq qalan çörəyi zibil qutularına deyil, kənara qoymalarını təqdir edirəm. Artıq bizdə bu mədəniyyət formalaşıb. Ehtiyacı olanlar həmin çörəyi götürüb heyvanlara yedirdir. Bu da pis deyil. Amma yaxşı olardı ki, ümumiyyətlə israfçılığa yol verməyək".

Sizin Reklam Yeriniz