Əlaqə Arxiv
news Image
2012.11.30
10:50
| A A A
Mobil telefonların bahalı qiyməti

Ekspert ölkəmizdə mobil telefonların həddən artıq baha satılmasının maraqlı səbəblərini açıqlayır

Azərbaycan  mobil telefon istifadəçilərinin sayına görə, dünyanın qabaqcıl ölkələrindən hesab olunur. Məlumatlara görə, ölkədə 100 nəfərə 110 mobil telefon düşür. 2009-cü ildə bu göstərici 100-ün 78,5 olan nisbətində idi. Hələ üç il bundan öncə ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə, dünya üzrə orta göstəricini 35 faiz qabaqlayırdı.

Dünya Bankının məlumatlarına görə, hər bir mobil telefon sahibi öz telefonu ilə bir ayda orta hesabla 114 dəqiqə, yəni təxminən 2 saat danışır. Müşahidələr göstərir ki, azərbaycanlılar bahalı mobil telefonlar gəzdirməkdə maraqlıdılar. Hətta insanlar heç vaxt istifadə etməyəcəkləri funksiyalara malik olan telefonlara pul xərcləməkdən çəkinmirlər. Xüsusilə də, gənclər dəbdə olan, bahalı telefon gəzdirməyə meyl edirlər. Aparılan araşdırmalar göstərir ki, Azərbaycanda satışda olan telefonların qiyməti istehsal olunduğu ölkədəki qiymətindən bir neçə dəfə baha satılır. Məsələn, son model telefonlardan sayılan "İpone" markalı telefonlar Amerikada 300-400 dollara olduğu halda, Bakının telefon bazarlarında 800-1000 manata satılır. Bir məqamı da bildirək ki, Azərbaycanda gənclərin, yeniyetmələrin, hətta orta məktəb şagirdlərinin bahalı telefonlar gəzdirmələri xaricilərin də diqqətini cəlb edib. Əcnəbilər ölkəmizdə heç bir iş sahibi olmayan gənclərin bahalı telefon gəzdirmələrini təəccüblə qarşılayırlar.

Olduğumuz telefon mağazalarında müxtəlif brendlərdən olan telefonların qiymətlərilə maraqlandıq. "Sahil" metrosunun yaxınlığında yerləşən telefon mağazasında satıcı işləyən Fuad bildirir ki, alıcılar daha çox "Nokia" telefonlarına müraciət edirlər: "Sensorlu telefonlara təlabat yüksəkdir. Çin istehsalı olan sensorlu telefonlar ucuzdur. Orijinallar 200 manatdan yuxarıdır". "İphone" telefonlara gəlincə satıcı bildirdi ki, həmin telefonların qiyməti 500 manatdan başlayaraq dəyişir: "500 manata olan "İphone"lər Çin istehsalıdır. Orijinallar 800 manatdan yuxarıdır".

Satıcı onu da əlavə etdi ki, əslində Bakının mobil telefon bazarı o qədər də bahalı deyil: "Ən çox satılan telefonlar sırasında "Blackberry Bold", "BlackBerry Bold 9700", "Nokia 5130 XpressMusic", "Nokia E7-00",  "Samsung I9003 Galaxy S", "Samsung I9010 Giorgio Armani", "Samsung Nexus S I9023", "Samsung S5670 Galaxy Fit"-235", "Samsung C5212 DUOS", "Samsung I9100 Galaxy S II", "Samsung S5570 Galaxy mini" telefonlarıdır. Həmin telefonların qiymətləri 300-1000 manat arasında dəyişir. "Apple iPhone", "Samsung Galaxy"  telefonlarını daha çox tələbə qızlar alır. İş adamları iki nömrəli ucuz telefonlar alırlar. Amma tələbə qızlar bahalı telefon seçirlər. İnternetdə axtarış versəniz görərsiz ki, 3 milyon dollara olan "İphone" telefonları da var. "Nokia 8800" telefonları 134 min dollardı. Soni Eriksson Black Diamond 300 min dollardır. Azərbaycanda belə telefonlar barmaqla sayılacaq qədər azdır".

İqtisadçı ekspert İlham Hüseynlinin sözlərinə görə, Azərbaycanda dəbdə olan telefonların qiymətləri istehsalçı ölkələrdəki qiymətlərlə müqayisədə bir neçə dəfə bahadır: "Mobil telefonların qiymətlərinin baha olmasının heç bir məntiqi əsası yoxdur. Necə olur ki, qonşu Gürcüstanda, Rusiyada eyni markalı mobil telefonun qiyməti bizdəkindən ucuzdur? Düşünürəm ki, Azərbaycanda mobil telefon satışı ilə məşğul olan işbazlar öz aralarında danışıqlara gedirlər".

İ.Hüseynli əlavə etdi ki, Azərbaycanda satılan mobil telefonların heç də hamısı orjinal deyil: "Çin, Dubaydan gətirilən saxta telefonlar burada bizə orijinal adı ilə satılır. Üstü bəzək içi təzək olan belə telefonları bir neçə ay işlətdikdən sonra xarab olurlar. Düşünürəm ki, Azərbaycanda mobil telefon bazarına dövlət müdaxiləsinin vaxtı gəlib çatıb. İqtisadi İnkişaf Nazirliyi yanında İstehlakçı Hüquqları Müdafiəsi Departamenti mobil telefon bazarında monitorinq aparmalı, süni qiymət artımının qarşısını almalıdır".

R.QAÇAYOĞLU  

Sizin Reklam Yeriniz