Əlaqə Arxiv
news Image
2012.04.20
13:46
| A A A
Evlərinin mühafizəsini Daxili İşlər Nazirliyinə həvalə edənlərin sayı artır
Mahmud Hacıyev: «Mühafizə dedikdə, təkcə polisin ayrılması nəzərdə tutulmur» Orxan Mansurzadə: «Mühafizə olunan mənzillərdə bizim daimi gözümüz və qulağımız olan texniki qurğular yerləşdirilir» Əhalinin gəlirləri artdıqca, sosial-maddi durumları yüksəldikcə onların mənzillərinin və digər əmlaklarının mühafizəsi məsələsi də gündəmə gəlir. Mühafizə üçün fiziki şəxslər müxtəlif qoruma təşkilatlarına müraciət etməli olurlar. Amma etiraf edək ki, Azərbaycanda özəl mühafizə xidmətləri həyata keçirən qurumlar o qədər də təcrübəli, peşəkar xidmət həyata keçirə bilmirlər.
Ona görə də vətəndaşlar əmlaklarının mühafizəsini daha çox Daxili İşlər Nazirliyinin əməkdaşlarına həvalə edirlər. Məlumatlara görə, son dövrlər mühafizə üçün DİN-in müvafiq mühafizə xidmətinə müraciət edən fiziki şəxslərin sayı xeyli artıb. Mühafizə xidmətinin hazırda mindən artıq fiziki şəxsin mənzilini mühafizə etdiyi bildirilir.
Qeyd edək ki, DİN Mühafizə Xidməti fiziki və hüquqi şəxslərə pullu xidmət göstərir. Avropa və bəzi qonşu ölkələrlə müqayisədə Azərbaycanda vətəndaşlar mənzil və digər əmlaklarının mühafizəsinə o qədər də maraq göstərmir. Məsələn, qonşu Rusiyada mühafizə xidmətindən yararlanmaq üçün vətəndaşlar aylarla növbə gözləməli olurlar. Amma Azərbaycanda mühafizə üçün DİN-in müvafiq idarəsinə müraciət edənlərin sayı yetərincə deyil.
Keçmiş polis rəisi, hüquqşünas Mahmud Hacıyevin sözlərinə görə, Azərbaycanda fiziki şəxslərin mühafizəyə əhəmiyyət verməməsi başadüşüləndi: "Əvvəla vətəndaşların imkanları o həddə deyil ki, evinə, qarajına və ya bağ evinə ayrıca mühafizəçi tutsun. Binanın sakinləri yığışıb DİN müvafiq Mühafizə Xidmətinə müraciət edə bilərlər. Bu zaman onların üzərinə elə böyük maliyyə yükü düşməz. Bundan başqa mühafizə dedikdə təkcə polisin ayrılması nəzərdə tutulmur. Bura mənzillərə siqnalizasiya, kameraların quraşdırılması da daxildir. İllik mühafizə haqqı 300-350 manat arasındadır. Sahibi evdə deyilsə, kənar şəxs mənzilə girəndə müvafiq polis mühafizə idarəsinin bundan xəbəri olur və dərhal mənzilə polis göndərilir. Yaxud qapını döyən şəxsin kimliyi məlum olmayanda vətəndaş xüsusi siqnal xətti vasitəsilə mühafizə idarəsinə məlumat ötürülür. Mühafizə xidmətinin əməkdaşları dərhal mənzilə gəlib məsələni araşdırırlar".
M.Hacıyev hesab edir ki, mühafizə işinin gücləndirilməsi oğurluq və digər cinayət hallarının qarşısını alır: "İnsanların maddi durumu yüksəldikcə mühafizə məsələlərinə daha çox önəm verəcəklər. Bizdə elədir ki, bir şeyimiz oğurlanmayıbsa, mühafizə məsələsinə əhəmiyyət vermirik. Amma işimizi qabaqcadan ehtiyatlı tutmalıyıq".
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadənin sözlərinə görə, DİN-in Mühafizə Xidməti tərəfindən dövlət və özəl mülkiyyətə məxsus 10 mindən çox obyekt mühafizə olunur: "Müqavilə əsasında mülkiyyətçilərin əmlakının mühafizəsi və təhlükəsizlik işini təşkil edən, mühafizə xidmətlərinə görə müqavilə üzrə alınan vəsaitlər hesabına saxlanılan müstəqil struktur hissədir. Xidmət hüquqi və fiziki şəxslərin əmlakının hüquqazidd əməllərdən qorunmasını təşkil edir".
O.Mansurzadənin sözlərinə görə, polisin mühafizə etdiyi mənzillərdə oğurluq halları daha az baş verir: "Mühafizə olunmayan mənzillərlə müqayisədə mühafizə olunan mənzillərə oğrular yaxınlaşa belə bilmirlər. DİN mühafizə xidməti özü-özünü maliyyə cəhətdən təmin edən qurumdur. Fəaliyyətini daha da genişləndirməkdə və inkişaf etməkdə maraqlıdır. Bunun üçün müştərilərə yüksək səviyyədə xidmət göstərir. Mühafizə olunan mənzillərdə bizim daimi gözümüz və qulağımız olan texniki qurğular yerləşdirilir. Mənzil sahibinin razılığı və istəyilə həmin qurğular istənilən vaxt aktivləşdirilə bilir".
Mətbuat xidmətinin əməkdaşı əlavə etdi ki, DİN Mühafizə Xidmətinin fəaliyyəti özəl mühafizə xidmətlərinin fəaliyyətlərilə müqayisədə daha peşəkardır. Yəqin bu üzdən vətəndaşlar təhlükəsizliklərini daha çox DİN mühafizəçilərinə etibar edirlər və biz də onların etimadını doğrulduruq".
R.Qaçayoğlu

Sizin Reklam Yeriniz