Əlaqə Arxiv
news Image
2012.04.24
15:11
| A A A
Yararsız ərzaqlar daha ciddi problemə çevrilir
Eyyub Hüseynov: “Bizdə satıcı vaxtı keçmiş malı yandırmaq və məhv etməyə maraqlı deyil “ Nazim Məmmədov: “Nə qədər ki, vətəndaş vaxtı keçmiş, sağlamlıq üçün ciddi ziyan törədəcək malların alınmasına üstünlük verəcəksə, problem qalacaq”

Artıq xeyli müddətdir ki, müvafiq qurumlar tərəfindən ticarət obyektlərində keyfiyyətsiz və vaxtı ötmüş malların satışına qarşı mübarizə aparılır. Dəfələrlə müvafiq qurumlar reydlər keçirərək, bu və ya digər ticarət obyektindən xeyli miqdarda vaxtı keçmiş məhsulu aşkar edərək onları satışdan çıxarıb məhv edib. Amma təəssüf ki, bu mübarizə hələ də lazımi nəticələr verməyib.

Belə ki, müxtəlif satış mərkəzləri günü bu gün də vaxtı keçmiş məhsullar, xüsusən də qida məhsulları ilə doludur. Azərbaycanda keyfiyyətsiz qida məhsullarına həm xaricdən gətirilənlər, həm də ölkə daxilində istehsal edilən bəzi mallar arasında rast gəlinir. Bildiyimiz kimi, vaxtı keçmiş və keyfiyyətsiz məhsulları satan mağazalara qarşı cərimələr tətbiq olunur. Hətta bir neçə dəfə cərimələrin miqdarı artırılıb da. Bir çox satış obyektləri belə işlərə görə pul cərimələrinə tuş gəlib. Bəziləri hətta vaxtı keçmiş malı satışdan çıxarmadığına görə bir neçə dəfə cərimə olunub. Amma təcrübə göstərir ki, pul cərimələri, hətta miqdarı artsa da belə, problemin həllində önəmli əhəmiyyət daşıya bilmir. Bu yolla problemin həlli mümkünsüzdür. Ona görə də belə təkliflər səslənir ki, keyfiyyətsiz məhsulları satışa çıxaran və onları istehsal edənlərə qarşı müəyyən müddətə həbs olunmağı nəzərdə tutan cinayət məsuliyyəti tətbiq olunsun.

Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikrincə, sözügedən məsələdə cinayət məsuliyyətinin tətbiqi zəruri olsa da, həmin üsulla problemin kökündən həllinə nail olmaq mümkün deyil: "Hökumət istehlakçıların hüquqlarını qorumaq sahəsindəki siyasətində yalnız inzibati, cinayət məsuliyyəti nəzərdə tutan resurslardan istifadə edir. Bu zəruridir, lakin kafi deyil. Həmin səbəbdən vaxtı keçmiş malı satanın cinayət məsuliyyətinə cəlb edilməsilə də düşünmürəm ki, sözügedən sahədə olan problemin aradan qaldırılmasına nail olunsun. İnzibati və cinayət məsuliyyəti kimi resurslar heç də problemi kökündən həll etməyəcək. Buna misal olaraq dünyadakı narkotik dövriyyəsini göstərmək olar. Bu amillə bağlı tələb və təklif olduğundan onun qarşısını inzibati yollarla almağın mümkün olmadığını hər kəs bilir. Hökumət vaxtı keçmiş mallarla bağlı da inzibati, cinayət-cəza mexanizmini artırmaqla yanaşı, bazar iqtisadiyyatı priyomlarından da səmərəli istifadə etməlidir. Təəssüf ki, bizdə bu üsuldan istifadə olunmur. Keçən ilin mayın 17-də verilən sərəncamla keyfiyyətsiz mallara qarşı mübarizə tədbiri olaraq cərimələr yüksələn xətt üzrə artdı. Bunun nəticəsində isə inflyasiya qalxır. Çünki verilən cərimələrin əvəzində malların qiyməti qalxır ki, bunun da ağırlığı istehlakçının üzərinə düşür. Hökumət bu məsələni çözmək üçün mükəmməl istehlakçı siyasəti qurmaqla bazar üsullarından istifadə etməlidir. Mərkəzi Avropa ölkələrində ayrıca dükanlar şəbəkəsi fəaliyyət göstərir. Bu ölkələrdə "Albi" dükanlar şəbəkəsi var. Yararlılıq müddəti yarıdan keçən mallar bura ötürülür, qiymət aşağı düşür və sosial vəziyyəti ağır olanlar istədiklərini həmin dükanlardan ala bilir. Belədə nə sahibkar ziyan çəkir, nə də istehlakçı ciddi zərərə düşmür. Digər tərəfdən bizdə satıcı vaxtı keçmiş malı yandırmaq və məhv etməyə maraqlı deyil. Çünki onu məhv etsə də belə həmin məhsula görə vergidən azad olunmur. Vergilər haqqında qanuna dəyişikliklər edilib yararsız malların məhvinə görə vergilər tutulmamalıdır. İstehsalçılarla satıcı arasında alış-satış müqaviləsində mütləq vaxtı keçmiş malın geri qaytarılma, məhv edildikdə vergidən azad olma mexanizmləri işlənilməlidir ki, bu sahədə neqativ hallar baş verməsin. Prosesin tənzimlənməsində istehlakçı maarifçiliyinin də böyük rolu vardır. Bu sahə üzrə məşğul olan dövlət və qeyri-dövlət qurumlarının pis işləməsi nəticəsində istehlakçının da vaxtı keçmiş mallarla bağlı məlumatları azdır".

İqtisadçı alim Nazim Məmmədov isə qeyd etdi ki, insanların maddi rifah halı yüksəlməyincə, ən sərt cəza tədbirləri tətbiq olunsa belə vaxtı keçmiş mallarla bağlı problem aradan qalxmayacaq: "Ölkədə istehlakçı hüquqlarının qorunması ilə bağlı cəza tədbirlərinin sərtləşdirilməsi prosesi gedir. İnkişaf etmiş ölkələr vaxtı keçmiş mallarla bağlı problemlərin həllinə məsələyə kompleks yanaşma və maarifləndirmə yolu ilə nail olublar. Nə qədər ki, vətəndaş vaxtı keçmiş, sağlamlıq üçün ciddi ziyan törədəcək malların alınmasına üstünlük verəcəksə, problem qalacaq. Ola bilər belə mallar Bakının mərkəzi küçələrindən yığışdırılsın, ancaq kənar ərazilərdə satılmaqda davam edəcək. Kiçik mağazaların normal işləməsi üçün onların topdansatış mərkəzlərindən aldıqları mallara əminliyi olmalıdır. Paytaxtın kənar ərazilərində 2 milyona yaxın insan məskunlaşıb. Onların isə əksəriyyəti adi sanitar qaydalara cavab verməyən məhəllə mağazalarında alış-veriş edir. Ümumilikdə insanların maddi rifah halı yüksəlməyincə vaxtı keçmiş mallarla bağlı problemlər qalmaqda davam edəcək. Yəni problemi cəza tədbirlərilə həll etmək mümkün deyil. Ticarətdə qayda-qanunun yaradılması üçün onların işinə daha az müdaxilələr olmalıdır. Əksinə, cəza tədbirlərindən daha çox onların maariflənməsi və bizneslərinin inkişafına şərait yaradılmalıdır. Əminəm ki, cinayət məsuliyyətilə də belə vaxtı keçmiş mallarla bağlı problemi aradan qaldırmaq mümkün olmayacaq. Ölkədə iqtisadi vəziyyət tam düzəlməyənə qədər belə problemlər qalmaqda davam edəcək".

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz