news Image
2012.04.24
14:14
| A A A
Ölkənin əsas vergi yükü yenə paytaxtın üzərindədir
İstehsal və xidmət müəssisələrinin çoxu Bakıda cəmləşib, daxili miqrasiyada da üz tutulan əsas məkan yenə paytaxtdır

Məlum olduğu kimi, Azərbaycanın Vergi Məcəlləsinə dəyişikliklər hazırlanır və bu məsələ yaxın tezlikdə Milli Məclisin gündəliyinə daxil ediləcək. Vergi Məcəlləsinə ediləcək dəyişikliklər fonunda isə belə təkliflər səslənir ki, ölkədə vergi yükü azaldılmalıdır.

Xatırladaq ki, Milli Məclisdə hələ 2012-ci il dövlət büdcəsinin layihəsinin müzakirəsində çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov da büdcə sistemində əhəmiyyətli dəyişikliyin edilməsinə toxunmuş və bu kontekstdə də vergi yükünün azaldılmasının vacibliyini diqqətə çatdırmışdı. Baş bankir bununla bağlı bildirmişdi ki, Azərbaycana xarici investisiyaların axması üçün vergi yükü kapital gələn ölkələrdən daha aşağı olmalıdır. Araşdırmalara görə, Azərbaycan bu məsələdə dünyada 95-ci yerdədir və Qazaxıstan və Gürcüstandan geri qalır. Ekspertlər isə qeyd edir ki, vergi yükünü aşağı salmaq, vergi yükünü eyni zamanda istehsaldan istehlaka yönəltmək lazımdır. Düzdür, Vergilər Nazirliyi bu məsələdə fərqli mövqedən çıxış edir. Bildirilir ki, Azərbaycanda vergi yükünün aşağı salınması barədə müzakirələr yersizdir və ölkədə böyük vergi yükü yoxdur.

Beləliklə, aydın görünür ki, vergi yükünün azaldılıb-azaldılmaması ilə bağlı ziddiyyətli mövqelər mövcuddur və bu da məsələnin yaxın tezlikdə həllini sual altına alır. Məlumat üçün bildirək ki, Azərbaycanda 2009-cu ildə vergi yükü 11,6 faiz, 2010-cu ildə 10,3 faiz, 2011-ci ildə isə təxminən 12 faiz təşkil edib.

Ölkənin əsas vergi yükü isə paytaxt Bakının üzərinə düşür. Bunun əsas səbəblərindən biri paytaxtın iş müəssisələrinin sayına görə də regionları hələ çox geridə qoymasıdır. Hesablamalara görə, ölkədəki müəssisələrin 60 faizdən çoxu Bakıda və Abşeron yarımadasındadır. Paytaxtdan sonra iqtisadi aktivlik ən çox Sumqayıt, Gəncə, Abşeron, Lənkəran, Cəlilabad və İmişlidə, eləcə də Naxçıvanda müşahidə olunur. Mütəxəssislər bildirir ki, müəssisə və sahibkarların böyük hissəsinin Bakıya toplanması paytaxtda əhalinin sıxlığı ilə bağlıdır. Belə ki, müəssisə və sahibkarların 60 faizdən çoxu ticarət sektorunda fəaliyyət göstərdiyindən, əhalinin sıx olduğu ərazilərdə işləməyə üstünlük verir. Ticarət müəssisələrinin paytaxtda çoxluğunun başqa bir səbəbi burda həyat səviyyəsinin rayonlara nisbətən yüksək olmasıdır. Müəssisələr isə daha yaxşı alıcılıq qabiliyyəti olan müştərilərə yaxın olmaq istəyir. Fərdi sahibkarlıqla məşğul olanlar da ən çox Bakıya üstünlük verir.

O da həqiqətdir ki, bölgələrdə kredit şərtlərinin ağır olması, kredit götürəndə girovlarla bağlı çətinliklər də rayonlardakı şirkətlərə problemlər yaradır. Bakıda çalışan müəssisələrin isə həm girovları etibarlı olur, həm də banklar, adətən, belələrinə krediti daha asan verir. Əvəzində istehsalla məşğul olan müəssisələr getdikcə daha çox rayonlarda işləməyə üstünlük verir. Əvvəla, bölgədə vergi yükü Bakıya nisbətən azdır. Bundan başqa, kənd təsərrüfatı məhsullarının emalı ilə məşğul olanlar xammala yaxın olmalıdır. Üstəgəl, rayonlarda işçi qüvvəsi də Bakıya nisbətən ucuzdur. Nəticədə konserv məhsulları, süd, ümumiyyətlə, qida məhsullarının istehsalçıları rayonlarda işləməyə üstünlük verir. Araşdırmalar göstərir ki, iş adamlarının Bakıya üz tutması bir neçə səbəblə bağlıdır. Bakıda mövcud olan iqtisadi imkanlar, bəzi regionlarda iş yerlərinin azlığı və kənd təsərrüfatında gəlirliliyin aşağı olması iş axtaranların və sahibkarların yerlərini dəyişməsinə səbəb olur. Bundan başqa, araşdırmalar göstərir ki, iş adamlarının əksəriyyəti az pul tələb edən və gəliri tez çıxaran bizneslə məşğul olmağa üstünlük verdiyindən, paytaxt hələ də əsas cəlbedici məkandır. Müşahidələr də göstərir ki, sahibkarların əksəriyyəti işə başlamaq üçün çox pul tələb etməyən və tez gəlir gətirən sahələrdə, xüsusilə ticarətlə məşğuldur.

Lakin ümumi vəziyyətin təhlili onu da göstərir ki, Bakı və bölgələrlə bağlı miqrasiyada yenə mənfi saldo müşayiət olunur. Yəni bölgələrdən hələ də Bakıya müəyyən axın var və bu da daxili miqrasiyanın aktiv olduğunu göstərir. Düzdür, rəsmi statistikada daxili miqrasiyanı görmək mümkün deyil. Bəzi mütəxəssislər hesab edirlər ki, ölkənin kənd və rayonlarından Azərbaycanın iri şəhərlərinə, xüsusilə də Bakıya güclü axın var, amma paytaxta gələnlər müvəqqəti yaşadıqları yerdə qeydiyyata düşmürlər, bu isə real statistikanı görməyə imkan vermir. Daxili miqrasiyaya əsas təkan verən səbəb əməklə bağlı olur. Ekspertlərin fikrincə, əvvəlki illərlə müqayisədə ölkədən gedənlərin sayı azalıb.

Məsələn, rəsmi statistikaya görə, 1990-cı ildə 137 min nəfər ölkədən daimi yaşamaq üçün başqa yerə gedibdirsə, son illərin rəqəmlərinə görə, ölkədən gedənlərin sayı 2 mindən aşağıdır. Düzdür, indi hökumət regionların iqtisadiyyatına fikir verir, iş yerləri açılır, amma bunu daha da çoxaltmaq lazımdır. Yeri gəlmişkən, rəsmi açıqlamaya görə, hökumət 2004-cü ildən bu yana regionların inkişafı üçün 15,5 milyard dollar vəsait xərcləyib.

Əsgər CAVADOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs