Əlaqə Arxiv
news Image
2012.04.03
20:12
| A A A
Prezident Novruz şənliyində iştirak edib
Dövlət başçısı Novruz tonqalını alovlandırıb Dünən Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Novruz şənliklərində iştirak ediblər.

Dövlət başçısı və xanımı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb, bayram şənliyində nitq söyləyib. Sonra Azərbaycan Prezidenti və xanımı Dənizkənarı Milli Parkı gəziblər. Burda onları Novruz qəhrəmanları Kosa və Keçəl qarşılayaraq, bayram münasibətilə təbrik ediblər, dövlət başçısı ilə yumurta döyüşdürüblər.

Sonra Azərbaycanın müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları olub. Prezident İlham Əliyev və Mehriban Əliyeva aşıqların, muğam ifaçılarının çıxışlarını dinləyiblər.

Dövlət başçısına və xanımına hədiyyələr təqdim edilib.

Dövlət başçısı və xanımı Azərbaycanda yetişdirilmiş məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə də tanış olublar.

İncəsənət ustaları, meyxanaçılar, aşıqlar, kəndirbazlar, nağaraçılar xalqımızın adət-ənənələrini, qədim el sənətlərini nümayiş etdiriblər.

Milli parkda təşkil edilmiş "Şərq bazarı"nda, həmçinin Azərbaycanın müxtəlif bölgələrində yetişdirilən və istehsal olunan ərzaq məhsulları sərgilənib.

Dənizkənarı Milli Parkda təşkil olunan bayram tədbiri zamanı prezident İlham Əliyevə Azərbaycanda keçiriləcək 17 yaşadək qadın futbolçular arasında dünya çempionatına oyunların ilk bileti təqdim edilib. Dövlət başçısına çempionatın oyunlarına bilet satışı barədə də məlumat verilib. Bildirilib ki, bu il sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək bu mötəbər yarışa biletlər aprelin 16-dan onlayn satışa çıxarılacaq.

Azərbaycan Prezidenti və xanımı 2020-ci il Yay Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı aparılan dəstək kampaniyası çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinə müraciət formasını imzalayıblar.
Sizin Reklam Yeriniz