Attestasiyadan keçən hər bir müəllim əmək haqları ilə bağlı islahatlarla əhatə olunacaq. Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün jurnalistlərə açıqlamasında Təhsil naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə, ilkin mərhələdə maaş artımı mart ayı üçün artıq Bakıda yerləşən məktəblərdə fəaliyyət göstərən müəllimlərə ödənilib: "Hər bir müəllimin artım faizi və nisbəti fərdidir. Bu onların iş stajı və dərs yükündən asılıdır. Bu məsələyə dair Bakı şəhər Təhsil İdarəsi xüsusi açıqlama verib. Hazırda müvafiq məktəblərdə həm müəllimlərə, həm də məktəb rəhbərliyinə bu işlə bağlı əlavə məlumatlar verilir. Bu məqsədlə xüsusi işçi qrupu formalaşıb".
Artımda konkret rəqəmə gəlincə, M.Cabbarov qeyd edib ki, bu artım
hər bir müəllim üçün fərqlidir: "Əksər müəllimlər üçün bu əmək
haqqı artımı təxminən 20-30 faiz civarında olur. Bundan daha çox
alan da, az alan da müəllimlər var. Bunun da səbəbi iş stajı və
dərs yükləri, eləcə də Azərbaycan Respublikasının gəlir vergisi
sistemindən asılıdır. Maaşların nə dərəcədə artmasından asılı
olaraq təbii olaraq hər bir vətəndaşın gəlir vergisi dərəcəsi
tətbiq oluna və ödənilə bilər. Belə yanaşma olmamalıdır ki, hər bir
müəllimə artım eyni svəiyyədə tətbiq olunub. Eyni qrupda, yəni
stajla çalışan və dərs yükünə malik olan müəllimlərin maaş artımı
eyni ola bilər. O ki, qaldı ümumi artıma, bu, cənab Prezidentin
sərəncamı ilə müəyyən edilib. Dərs stavkası 1,5 dəfə, əmək haqqı
isə orta hesabla 2 dəfə artırılıb. Bunun da əks hesablanmasını
keçirmək asandır".