Əlaqə Arxiv
news Image
2012.08.16
18:36
| A A A
Azərbaycan prezidenti Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib - FOTOLAR
Azərbaycan prezidenti İlham Əliyev avqustun 16-da Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. APA-nın məlumatına görə, dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsib. Gənclər və idman naziri Azad Rəhimov prezidentə məlumat verib ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının "Samhwa Telecom" şirkəti tərəfindən həyata keçirilib. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulub. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilib, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılıb.

Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulub. Oyunlar zamanı meydançanın işıqlandırılması üçün yeni müasir işıqlandırma sistemi quraşdırılıb. Stadionda tribunaların üstünün bağlanması üçün Koreyadan gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılıb, 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülüb. Tribunada hər biri 10 nəfərlik 16 "ailə baxış otağı" da inşa edilib. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulub. Tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar var. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilib.

Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunub. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılıb. Stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulub. Burada, həmçinin 205 nəfərlik restoran yaradılıb. Stadionda əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulub, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilib. Stadionun giriş hissəsində eyni vaxtda 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılıb. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılıb. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilib. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulub. Prezident stadionda görülmüş işlərdən razılığını bildirib, müvafiq tapşırıq və tövsiyələrini verib.


Sizin Reklam Yeriniz