news Image
2012.08.18
20:09
| A A A
Azərbaycanın xarici işlər naziri Avstriyaya rəsmi səfərə dəvət olunub
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstriyanın Zalsburq şəhərində keçirilən "Zalsburq trilogiyası" konfransında iştirakı çərçivəsində bu ölkənin xarici işlər naziri Michael Spindeleggerlə görüş keçirib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan və Avstriya arasında münasibətlərin uğurla inkişaf etdiyi vurğulanıb, iki ölkə arasında iqtisadi, enerji və mədəniyyət sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib. 

Görüş əsnasında Azərbaycandakı Avstriya şirkətlərinin fəaliyyətindən məmnunluq ifadə olunub. Nazirlər parlamentlərarası münasibətlərin inkişafı üçün qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və bu səfərlərin artmasının daha da təşviq edilməsi vacibliyini vurğulayıblar. Həmçinin digər sahələrdə də müxtəlif səviyyələrdə səfərlər mübadilələrinin həyata keçirilməsi zəruriliyi qeyd edilib. Avstriyanın xarici işlər naziri E. Məmmədyarovu Avstriyaya rəsmi səfərə dəvət edib. 
Görüş zamanı E. Məmmədyarov Avstriyada Azərbaycanın Mədəniyyət Günlərinin keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bu ölkədə yaxın vaxtlarda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətə başlayacağını bildirib.

E. Məmmədyarov görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesinin hazırkı durumu barədə avstriyalı həmkarına məlumat verib.