Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib.
Birləşmiş Ştatların səfiri Riçard Morninqstar etimadnaməsini
Prezident İlham Əliyevə təqdim edib.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Riçard Morninqstar
ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə
ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata
keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil
olunan konfransda xanımı ilə iştirak etdiyini və xalqımızın
ümummilli lideri Heydər Əliyevlə və Prezident İlham Əliyevlə
görüşlərini məmnunluqla xatırladıb.
Dövlət başçısı Riçard Morninqstarı Azərbaycanda görməyindən
məmnunluğunu ifadə edib. Azərbaycan Respublikası ilə Amerika
Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin uğurla inkişaf
etdiyini vurğulayan Prezident İlham Əliyev Riçard Morninqstara son
20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin
iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı Bakı-Tiflis-Ceyhan və digər enerji
layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard
Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib. Prezident İlham
Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti
dövründə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf edəcəyinə
əminliyini bildirib.