news Image
2012.09.09
19:17
| A A A
Prezident İlham Əliyev zəlzələ bölgəsinə səfər edib

Sentyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonuna səfər edib. 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dövlət başçısına rayonda aparılan yenidənqurma işləri və cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat veriblər.
Sonra Prezident İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak edib. 
Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib. 
Məlumat verilib ki, 1952-ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olub. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşüb. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu ilin iyununda təhsil ocağı yenidən tikilib. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılıb. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, iki su anbarı, 630 kilovoltluq transformator quraşdırılıb. 
Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırılıb ki, burada 45 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar var. Burada, həmçinin ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Bu da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, peşə sahəsində bilik və bacarıqlarını artırmalarına imkan yaradır. 
Bildirilib ki, məktəbin müasir qurğularla təmin edilmiş idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait var. 
Dövlət başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə yeni tədris ilində uğurlar arzulayıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs