news Image
2012.09.12
19:39
| A A A
İlham Əliyev və Ərdoğan Şəki Xan sarayını gəziblər
Azərbaycan prezidenti və Türkiyə baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan bu gün Şəki Xan sarayı ilə tanış olublar. Mehriban Əliyeva və Əminə Ərdoğana gül dəstələri təqdim olunub. Əvvəlcə Şəki Xan sarayının önündə xatirə şəkli çəkdirilib.
Sarayla tanışlıq zamanı məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, "Yuxarı baş" Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, "Müştaq" təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilmişdir. İnşaat texnologiyasına görə Xan sarayının dünyada bənzəri yoxdur.
Tikinti zamanı mismar və yapışqandan istifadə olunmayıb. Hər kvadratmetr şəbəkə bir-birinə geydirilən 5 min hissədən ibarətdir. Saray 1300 metr uzunluğunda qala divarları ilə əhatə olunub. Üç yüz kvadratmetr ərazisi olan ikimərtəbəli sarayda 6 otaq, 4 dəhliz və 2 güzgülü eyvan var.
Sarayda xalq təsviri sənətinin bir çox növləri, xüsusilə XVIII-XIX əsrlərə aid maraqlı divar rəsmləri diqqəti cəlb edir. Bu rəsmlər əsasən həndəsi, nəbati, habelə süjetli və quşların təsviri həkk olunmuş naxışlardan ibarətdir. Sarayın ikinci mərtəbəsinin divarlarında təsvir olunan döyüş və ov səhnələri xüsusilə maraq doğurur. Şəki Xan sarayı indiyədək beş dəfə əsaslı bərpa edilib.
Diqqətə çatdırılıb ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunub.
Azərbaycan prezidenti və Türkiyənin baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr ediblər.
Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanmış gümüş sikkələr hədiyyə edilib. Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilmiş kitablar təqdim olunub.
Dövlət başçısı, xanımı və Türkiyənin Baş naziri, xanımı kitabları imzalayaraq bir-birinə təqdim etdilər.
Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxıblar. Azərbaycan Prezidenti və Türkiyənin Baş naziri şəkili gənclərlə görüşüb söhbət etdilər. Sonra xatirə şəkli çəkdirildi. Daha sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan çay süfrəsinə qonaq olublar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs