news Image
2012.10.05
10:08
| A A A
Prezident İlham Əliyev: “Azərbaycanlılara qarşı soyqırımı törədənlər dünya birliyi tərəfindən hələ də adekvat qınaqla üzləşməyiblər”
"Azərbaycan artıq 20 ildir, humanitar fəlakətlə üzləşib. Beynəlxalq birlik tərəfindən tanınmış Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 bölgə 20 ildir, erməni işğalının altındadır. Bu işğal davam edir". 

APA-nın məlumatıma görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında deyib. 

Prezident azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını vurğulayıb: "Bütün azərbaycanlılar Dağlıq Qarabağdan və ətraf bölgələrdən qovulub. Hazırda dünyada adambaşına düşən qaçqınların ən yüksək sayı məhz Azərbaycandadır. Bir milyondan artıq qaçqın və köçkün soydaşımız var ki, onlar bu gün öz doğma torpağına qayıda bilmirlər. Çünki Ermənistanın işğalçı siyasəti bu gün də davam edir. Xalqımız böyük faciələr yaşadı. Xocalı soyqırımı törədildi, günahsız insanlar, onların içində qadınlar, uşaqlar vəhşicəsinə qətlə yetirildi, dini, mədəni abidələrimiz ermənilər tərəfindən dağıdıldı. Yəni, həm xalqımıza, həm mədəniyyətimizə qarşı soyqırımı törədildi". 

Dövlət başçısı bu soyqırımının, bu vəhşiliyi törədənlərin hələ ki, dünya birliyi tərəfindən adekvat qınaqla üzləşmədiyini qeyd edib: "Düzdür, beynəlxalq təşkilatlar və dünyanın aparıcı beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər çox qərarlar, qətnamələr qəbul edib. Ancaq əfsuslar olsun ki, bu qərarların, qətnamələrin icra mexanizmi yoxdur. Belə olan halda beynəlxalq təşkilatların qərarlarına həm hörmət azalır, həm inam itir. BMT Təhlükəsizlik Şurası 20 il əvvəl erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair 4 qətnamə qəbul edib. Onların heç biri icra edilmir. Bütün digər mötəbər beynəlxalq təşkilatlar, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO və başqa təşkilatlar da oxşar qətnamələr qəbul edib. Azərbaycanın ərazi bütövlüyü dünya birliyi tərəfindən tanınır. Ancaq münaqişə hələ ki, həllini tapmır. Bunun başlıca səbəbi isə Ermənistanın mövcud "status-kvo"nun uzadılmasına olan marağıdır. 
Ancaq onlar anlamalıdır ki, "status-kvo" daim dəyişməz olaraq qala bilməz, mütləq dəyişdiriləcək və biz istəyirik ki, bu, tezliklə olsun, sülh yolu ilə olsun. Çünki biz bölgə çərçivəsində artıq sabitləşdirici rolunu oynamağa başlamışıq və əlbəttə çalışırıq ki, bölgədə sabitlik pozulmasın. Lakin digər tərəfdən, bu işğalla da barışmaq mümkün deyil. Ona görə hesab edirəm ki, münaqişənin həllinin vaxtı çatıb. Ermənistan beynəlxalq hüquq normalarına tam şəkildə riayət etməli, beynəlxalq təşkilatların qətnamələrinə tabe olmalı və işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxmalıdır. O təqdirdə bölgədə əsl sülh və əməkdaşlıq yarana bilər. Bu problemə baxmayaraq, ölkəmiz müstəqillik dövründə böyük və uğurlu yol keçib. Azərbaycanda aparılan siyasi islahatlar bu gün azad cəmiyyətin yaranmasına gətirib çıxarıb. 
Azərbaycanda bütün azadlıqlar var, siyasi islahatlar, demokratiyanın inkişafı uğurla davam edir. Eyni zamanda, iqtisadi sahədə islahatlar siyasi islahatları daha da gücləndirir. Çünki siyasi islahatları iqtisadi əsaslar olmadan aparmaq bəzi hallarda uğursuzluğa gətirib çıxarır və biz tarixdən bunu bilirik. Ona görə, Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır. İqtisadi sahədə son illər ərzində biz böyük uğurlara nail ola bilmişik".
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs