news Image
2012.11.17
17:45
| A A A
Azərbaycan Uruqvaya nota verib

Azərbaycanın Argentinadakı səfirliyi (eyni zamanda Uruqvay Respublikasında akkreditə olunub) Uruqvay Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Bu barədə xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verən APA-ya notanın tam mətni daxil olub.

Sənəddə bildirilir: "Mətbuatda yayılmış məlumatlara əsasən (internet saytları) Uruqvay Nümayəndələr Palatasının Prezidenti Jorge Oricco və onu müşaiyət edən parlamentarlar senator Ruben Martines Huelmo, deputatlar Rikardo Planchon, Richard Sander və Daniel Radio Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarına qanunsuz səfər edib, orada Ermənistan hökuməti tərəfindən qeyri-qanuni olaraq yaradılmış separatçı rejimin nümayəndələri ilə görüşüb və onlardan bəzisi Ermənistanın Azərbaycana olan ərazi iddialarını dəstəkləyən açıqlamalar verib.

Səfirlik bildirir ki, Azərbaycan Hökumətinin icazəsi olmadan Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə hər hansı bir səfər qeyri-qanunidir və uruqvaylı parlamentarların bu səfəri, müvafiq görüşləri və açıqlamaları Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşı böyük hörmətsizlikdir.

Səfirlik bildirir ki, 5 noyabr 2012-ci il tarixində Montevideoda Nümayəndələr Palatasının sədri Jorge Oricco tərəfindən qəbul edilən zaman səfir Məmməd Əhmədzadə Jorge Oricconu Ermənistana səfəri vaxtı onun Azərbaycanın işğal altında olan torpaqlarına aparıla bilməsi və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına dəstək xarakterli açıqlamalar verməsinə təhrik edilməsi kimi təxribatların mümkünlüyü barədə xəbərdar edib və bunlar baş verərsə, bunun doğuracağı ağır nəticələr barədə Nümayəndələr Palatasının sədrini məlumatlandırıb.

Öz tərəfindən, Ermənistana səfərinin sırf ticarət məqsədi daşıdığını, səfərdə onu bir sıra şirkətlərin müşayiət edəcəyini deyən sədr Jorge Oricco Azərbaycan tərəfinin narahatlığını yaxşı anladığını, işğal altında olan ərazilərə səfər etməyəcəyi və Ermənistanın Azərbaycana qarşı iddialarına dəstəkanlamına gələ biləcək açıqlamalar verməyəcəyinə dair səfiri əmin edib. Lakin göründüyü kimi, Uruqvay Nümayəndələr Palatasının sədri vəzifəsini daşıyan bir şəxs olaraq Jorge Oricco verdiyi zəmanətlərə əməl etməyib ki, bu da olduqca dərin təəssüf doğurur.

Səfirlik bir daha Uruqvay tərəfinin diqqətinə çatdırır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Azərbaycanın torpaqlarının 20%, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı 7 rayon (Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı, Ağdam Füzuli, Cəbrayıl) Ermənistan tərəfindən işğal olunub, 1 milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb və Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi və mədəni irs dağıdılıb və məhv edilib.

BMT-nin Təhlükəsizlik Şurası 822, 853, 874, 884 saylı, Baş Assambleyası isə 62/243 saylı qətnamələrlə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarılmasını, azərbaycanlı məcburi köçkünlərin öz doğma yuavalarına qaytarılmasını tələb edib.

Bu mövqe ATƏT, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlıar tərəfindən qəbul edilmiş çoxsaylı qətnamə və sənədlərdə də öz əksini tapıb.

Lakin Ermənistan bu sənədlərin icra olunmasından boyun qaçırır, münaqişə ilə bağlı yaranmış status kvonu daha da gücləndirməyə çalışır ki, bu da regionda sülh və təhlükəsizliyə böyük hədə yaradır.

Belə bir vəziyyətdə Uruqvay Respublikası Nümayəndələr Palatasının sədri Xorxe Orrikonun və onu müşaiyət edən parlamentarların müəyyən radikal çevrələrin, xüsusilə də regiondakı reallıqlardan uzaq olan Hay Dat Erməni İnqilabaçı Federasiyasının Uruqvay bürosunun təxribatının icraçısına çevrilməsi böyük narahatlıq doğurur. Azərbaycanın işğal olunmuş ərazilərinə həyata keçirilmiş bu qanunsuz səfər Ermənistan və Azərbaycan arasındakı ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan həssas danışıqlara və sülh prosesinə birbaşa zərbə vurur və regiondakı gərginliyi daha da artıraraq prosesləri çox təhlükəli istiqamətə yönləndirir.

Bu məsələ ilə bağlı məsuliyyətsizlik vəetinasizlığı nümayiş etdirən bu qanunsuz səfər həmin parlamentarların özlərinin belə təsəvvür edə biləmədikləri fəlakətlərə gətirib çıxarda bilər ki, bunun da məsuliyyəti məhz həmin Uruqvay parlamentarlarının çiyinlərində qalacaqdır.

Qeyd olunanları nəzərə alaraq, Səfirlik Uruqvay Xarici İşlər Nazirliyindən baş vermiş bu insidentin araşdırılmasını və məsələyə münasibət bildirilməsini xahiş edir".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs