Əlaqə Arxiv
news Image
2018.10.17
15:17
| A A A
Orqanizmin yod tələbatı

Yod deyəndə, ilk növbədə, yada yara və cızıqların dezinfeksiyası üçün istifadə olunan məhlul düşür. Əslində isə yod orqanizmin fəaliyyəti üçün əvəzolunmaz mikroelementlərdən biridir. Onun əsas funksiyası qalxanabənzər vəzin ifraz etdiyi həyati vacib tireoid hormonların - triyodtironin və tiroksinin sintezində iştirak etməsidir. Orqanizmdə gedən bir çox vacib proseslər məhz onunla əlaqədardır.

Movqe.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Esmira Zeynalova qalxanabənzər vəz xəstəliyi nəticəsində orqanizmdə yaranan yod çatışmazlığı haqqında deyib: "Enerji və su-elektrolit mübadiləsi, istilikyaranma, ürək-damar sisteminin fəaliyyəti, bağırsaqların peristaltikası, psixoemosional vəziyyət və əhvali-ruhiyyə, bədən çəkisi, uşaqların psixi-fiziki və ana bətnində dölün düzgün inkişafı orqanizmdə yodun səviyyəsindən asılıdır.

12 yaşdan yuxarı uşaqların və yetkinlərin orqanizminə sutkada normal halda 120-150 mkq yod daxil olmalıdır. Hamiləlik və laktasiya dövründə ona tələbat 175-200 mkq-ya qədər artır. Qida ilə qəbul edilən yod asanlıqla bağırsaqlardan sorulur və udulmuş mikroelementin 80 faizi qalxanabənzər vəzdə toplanır".

O, daha sonra deyib: "Yod çatışmazlığı zamanı qalxanabənzər vəzin böyüməsi və zobun yaranması, bununla əlaqədar yuxululuq, iş qabiliyyətinin azalması, yaddaşın zəifləməsi, arterial təzyiqin və ürək döyüntülərinin sayının azalması, qadınlarda menstrual sikl pozulması əlamətləri, uşaqlarda intellektin yüngül zəifləməsindən ağır kretinizmə qədər müxtəlif dərəcəli zehni geriləmə inkişaf edir. Dərinin quruması və solğunlaşması, ətraf mühitin hərarətindən asılı olmayaraq daim üşümə, təngnəfəslik, çəki artımı, hamilələrdə tez-tez düşüklər, erkən doğuş, körpələrin inkişaf qüsuru ilə dünyaya gəlməsi hallarına rast gəlinir. Məktəbyaşlı uşaqlarda yod çatışmazlığı zehni fəaliyyətin zəifləməsi və dərslərdən geri qalma ilə özünü göstərir. Biostimulyator və immunostimulyator olduğundan yod əskikliyi immun sistemin zəifləməsinə və tez-tez xəstələnmə hallarına səbəb olur.

Qanda qalxanabənzər vəz hormonlarının səviyyəsinin yoxlanılması, vəzin USM-i, sutkalıq sidikdə yodun təyini kimi müayinələrə və anamnezə əsaslanır.

Ev şəraitində də orqanizmdə yod çatışmazlığının olub-olmamasını sadə üsulla təyin etmək mümkündür: boyun nahiyəsi istisna olmaqla bədənin istənilən yerinə yodlu çərçivə çəkilir. Bir sutkadan sonra yod izləri tamamilə itsə, həkimə müraciət etmək tövsiyə olunur".

Yod çatışmazlığı təsdiq olunanda müalicəvi qidalanma, medikamentoz terapiya və fitoterapiya üsullarından istifadə olunmasını məsləhət görən E. Zeynalova deyib: "Yer kürəsində yodun çox hissəsi okeanlarda cəmləşib. Ona görə də dəniz və okeanlardan əldə olunan məhsullar yodla daha zəngindir, lakin onu başqa qidalardan da əldə etmək mümkündür. Qızılbalıq, kambala, xek, tuna, siyənək kimi balıq növləri, kalmarlar, xərçəng, krevet, dəniz kələmi, dənli bitkilər, yumurta sarısı, meyvələrdən feyxoa, xurma, qoz, süd və mal əti yodla daha çox zəngindir. Qida rasionunda yodlaşdırılmış duz və mineral sulardan da istifadə etmək olar. Nəzərə almaq lazımdır ki, bişirilmə prosesi qidada olan yodun 65 faizini parçalayır və ona görə də çatışmazlığı ödəmək üçün çiy şəkildə duzlanmış balıq məhsulları, qurudulmuş dəniz kələmi, çiy meyvə və tərəvəzlərə üstünlük vermək lazımdır. Yodlaşdırılmış duz qapalı şəkildə saxlanma şərti ilə müalicəvi xüsusiyyətini 4 ay saxlayır. Onu hazır xörəklərə əlavə etmək daha faydalıdır".

"Bəzən yod preparatlarının özbaşına qəbulu intoksikasiyaya səbəb olur. Ağız suyu ifrazının artması, selikli qişalarda ödem, dəridə allergik səpgilər və allergik zökəm, ürəkdöyünmə, titrəmə, əsəbilik və yuxusuzluq, tərləmə və ishal orqanizmdə yod artıqlığı əlamətləri sayılır", - deyən həkim-fitoterapevt bir neçə bitki resepti də məsləhət görüb.

Dəniz kələminin tozu gündə bir dəfə axşam yatmazdan qabaq 1 çay qaşığı yeyilir, üzərindən su içilir. Müalicə 2-4 həftə aparılır.

Bir ay gündə 3 dəfə 1 stəkan ilıq suya 2 çay qaşığı alma sirkəsi, 3 damcı yod əlavə edilərək içilir.

Həftədə iki dəfə vannadakı suya 3 xörək qaşığı dəniz və ya xörək duzu əlavə edilir, üstünə 5-6 damcı yod tökülərək 5 dəqiqə uzanılır.

Təzə badımcan çiy-çiy doğranılaraq yeyilir və ya şirəsi çəkilərək acqarına içilir. Xəstəlik vaxtı badımcan yeməklərinə üstünlük verilməlidir.

400-500 qram başınağacının quru və ya təzə meyvələri 2 litrlik şüşə qaba tökülür, üzərinə 1 kiloqram bal əlavə edilir və ağzı bərk bağlanır. 1 ay qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul edilir. Prosedur 3 ay aparılır.

Feyxoa meyvələri ətçəkən maşından keçirilir, şəkər tozu ilə yarıbayarı qarışdırılır, hər səhər yeməkdən 40 dəqiqə əvvəl 2-3 xörək qaşığı qəbul edilir.

Sarı rəngli kəhrəba muncuğunu boyunda gəzdirmək müsbət nəticə verir.

6 hissə pişikotu kökü, 4 hissə yemişan meyvəsi, 5 hissə mayasarmaşığı qozası, 3 hissə dərman adaçayı, 3 hissə şirin biyan otu qarışdırılır, 2 xörək qaşığı xırdalanmış yığıntının üstünə 1 litr qaynar su əlavə edilərək vam ocağın üstündə ağzı bağlı qabda 10 dəqiqə qaynadılır, süzülmədən termosa boşaldılaraq, bir gecə saxlanır. Gün ərzində yeməkdən 30 dəqiqə əvvəl 100-150 ml qəbul edilir. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə etmək olar. Müalicə kursu 3-4 ay aparılır və prosedurlar arasında 10-14 gün fasilə verilir".

E.Zeynalova qoz arakəsmələri, yarpaq və meyvəsi ilə aparılan xəstəliyin müalicə üsulları barədə də məlumat verib: "1 stəkan tam yetişmiş qozun arakəsmələri üzərinə 1 litr 40 faizli spirt əlavə olunur. Bir həftə qaranlıq yerdə saxlanandan sonra süzülür və gündə 3 dəfə yeməkdən sonra 1 çay qaşığı qəbul olunur. Müalicə 10 gün aparılır, bir həftə fasilə verilir və yenidən təkrar olunur. Cövhər 3 ay qəbul olunur.

Mayda dərilmiş qoz yarpaqları və yaşıl qabıqları xırdalanır, 3 xörək qaşığı götürülür, 1 stəkan qaynar suda dəmlənir, kətan parça qatlanaraq dəmləmədə isladılır və boyuna islatma qoyulur, üzəri sellofan və dəsmalla bağlanır. İslatma axşam edilməli və səhərədək saxlanılmalıdır.

1 kq qoz ləpəsi ətçəkən maşından keçirilir və ya xırda-xırda doğranaraq yarım kiloqram balla qarışdırılır, ağzı bağlı şüşə bankada 20 gün işıqlı yerdə saxlanır. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə qabaq 1 xörək qaşığı qəbul edilir.

Kal qoz mayın ortalarında yığılıb əzilir, 1:1 nisbətində balla qarışdırılaraq ağzı bağlı şüşə bankada 1 ay qaranlıq yerdə saxlanır. 40 gün gündə 3 dəfə 1 çay qaşığı qəbul edilir".

Sizin Reklam Yeriniz