Əlaqə Arxiv
news Image
2017.09.25
09:15
| A A A
Piylənmənin profilaktikası və həkim məsləhəti

Uşaqlarda piylənmə bir çox inkişaf etmiş ölkələrin geniş yayılmış səhiyyə problemlərindən biridir və son 10 illər ərzində narahatedici sürətlə artır.
Movqe.az Big.az - a  istinadən bildirir ki, piylənmənin profilaktikası uşaq doğulan andan başlayaraq bütün ailə üzvlərini əhatə etməlidir. Uşaqlarının pəhrizindən narahat olan valideynlər bu barədə daha ətraflı ailə həkimləri və ya patronaj tibb işçiləri ilə məsləhətləşə bilərlər.

Daha yaxşı olar ki, pəhriz, fiziki fəaliyyət və oturaq həyat tərzi kimi məsələlərin il boyu qiymətləndirilməsi uşağın şəxsən iştirakı ilə həkim-pediatra gəlişində həll edilsin. Bu qiymətləndirmənin müvafiq əsasları ailənin hər bir üzvünə aiddir və ona riayət edilməlidir.

Həkimlər tərəfindən uşaqlara və ailə üzvlərinə aşağıdakılar tövsiyə edilir:

• şəkər və şəkər tərkibli (şirinləşdirilmiş) içkilərin istifadəsinə məhdudiyyət qoymaq

• məsləhət verilən miqdarda meyvə və tərəvəzli pəhrizə riayət etmək

• gündəlik səhər yeməyini qaçırmamaq

• hamının birlikdə nahar etməsi mümkünlüyünü əldə etmək

• evdən kənar, xüsusən "fast food" restoranlarında qidalanmamaq

• qida porsiyasını yaşa uyğun ölçülərlə tənzimləmək

• az yaşlı uşaqları televiziya qarşısına almamaq

• daha yuxarı yaşlı uşaqlarda isə televiziya, kompüter, planşet və s. oxşar cihazlardan istifadəni iki saatla məhdudlaşdırmaq

• uşaqların gündə 60 dəqiqə fiziki aktiv olmalarını (məs., həyətdə oynamaq, idman dərnəklərində məşğul olmaq, velosiped sürmək və s.) təmin etmək

Sümüklərin möhkəmləndirilməsi üçün lazım olan və qan təzyiqinin normada saxlanmasına yardım edən maddələrlə (kalsium, kalium, vitamin D və digər mikroelementlər) zəngin olan süd və süd məhsulları həkimlər tərəfindən uşaqlara və onların ailələrinə faydalı qida kimi tövsiyə edilir. 

Yaxşı qidalanmayan 5 yaşına qədər uşaqlar A, D və C vitamin əlavələri qəbul etməlidirlər. Müxtəlif qida növlərindən, o cümlədən meyvə və tərəvəzdən faydalanan uşaqlara vitamin damcılarının (və ya həblərinin) verilməsinə ehtiyac yoxdur.

Üç yaşından başlayaraq bütün uşaqların qan təzyiqi hər il bir dəfə və əgər tələb olunarsa bir neçə dəfə yoxlanılmalıdır. Bu zaman qan təzyiqi cədvəlinə istinad etmək gərəkdir.

Dislipidemiyaya (yağ və ya piyin qanda normadan kənar olması) görə ümumi xolesterini və ya yağ mübadiləsinin pozulmasını təyin edən laborator analizlərin ilk dəfə bütün 9-11 yaşlı və təkrar olaraq 17-19 yaşlı uşaqlarda aparılması tövsiyə edilir. Digər yaş qrupundan olan uşaqlarda bu skrininq ailə üzvlərində müvafiq xəstəlik qeyd olunubsa və ya risk faktoru varsa daha erkən və fərqli intervallarla aparıla bilər.

Bədən kütlə indeksi 2 yaşlı uşaqlardan başlayaraq 18 yaşına qədər uşaqlara hər il müəyyən edilib, qeyd olunmalıdır (bax şəkil 1, 2).

Boy artımı diaqramı 2 yaşdan 18 yaşına qədər hər bir uşaqda istifadə edilməlidir; ÜST-nin boy artımı əyrisi doğulan andan uşağın 23 aylığına qədər istifadə edilə bilər. Hər bir valideyn uşağın çəkisi və boyunu həmin diaqramlar vasitəsilə normaya uyğun olub olmadığını müəyyən edə bilər.

İcbari dispanserizasiya zamanı həkimlər uşağın cinsini, yaşını, çəkisini, boyunu təyin edirlər, potensial xəstəlikləri müəyyən etmək üçün tibbi baxış, sistemlər üzrə müayinə, laborator və rentgenoloji qiymətləndirmələr aparırlar.

Bədən kütlə indeksi (BKİ)

Əgər uşağın boyu və çəkisi məlumdursa, onun BKİ-ni hesablamaq asandır. Bu məqsədlə aşağıdakı formuladan istifadə etmək olar. Həmin formulalar hətta internet saytlarda mövcuddur və BKİ-ni avtomatik hesablaya bilirlər.

BKİ = bədən çəkisi (kq) / boy2 (sm)

Bədən kütlə indeksinin (BKİ) göstəriciləri uşaq və yeniyetmələr üçün aşağıdakı kimidir:

BKİ

Uşağın çəkisi

18.5-dən aşağı

Yüngül

18.5 - 24.9

Normal

25.0 - 29.9

Artıq çəki

30.0 və yuxarı

Piylənmə

Artıq çəkisi və ya piylənməsi olan uşağın həyat tərzində yaşına uyğun (pəhriz, fiziki aktivlik və hərəkət tərzi) dəyişikliklərin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Həyat tərzinin dəyişdirilməsində ailənin bütün üzvləri uşağa dəstək olmalı və həvəsləndirməlidirlər. Əgər uşaqla yanaşı ailənin digər üzvlərində piylənmə və ya artıq çəki varsa, ailənin həmin üzvü də çəkinin normallaşdırılması üçün müvafiq tədbirlərə cəlb edilməlidir.

Sizin Reklam Yeriniz